Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda bu gün “2023 Saudi PropTech Summit” adı altında daşınmaz əmlak texnologiyaları sektorunda ilk xüsusi konfrans keçiriləcək.
Hafta.az-ın yazdığına görə, dünyanın 20 ölkəsini təmsil edən 25-dən çox məruzəçinin iştirakı ilə dialoq sessiyaları və seminarların keçiriləcəyi konfransda yerli və beynəlxalq daşınmaz əmlak və texnologiya şirkətlərinin iştirakı ilə daşınmaz əmlak texnologiyaları sərgisi də açılacaq.
İki gün davam edəcək tədbirin açılışını Bələdiyyə, Kənd İşləri və Qəsəbə naziri, eləcə də Baş Əmlak Təşkilatı İdarə Heyətinin sədri Məcid əl-Hakil edəcək.
Hakil dünən X sosial media platformasında bu açıqlamaları verib: “2023 Səudiyyə PropTech Sammit”ində ölkənin yaradıcı və yenilikçi insanları ilə görüşməyi səbirsizliklə gözləyirik. Sektoru inkişaf etdirməyə və innovasiyaları artırmağa ümid etdiyimiz daşınmaz əmlak tədbirində sahibkarlar və inkişaf etməkdə olan şirkətlər üçün investisiya üfüqləri açacağıq”.
Hakil onu da vurğulayıb ki, konfransın əsas məqsədi daşınmaz əmlak texnologiyaları sektoruna investisiyaları təşviq etmək və Səudiyyə Ərəbistanı bazarında bu sahədə təcrübəni inkişaf etdirməkdir.
Sammitdə investorlar, daşınmaz əmlak xidməti təminatçıları, proptech mütəxəssisləri və ekspertlər, həmçinin daşınmaz əmlak və texnologiya sektorlarında startaplar da daxil olmaqla geniş kütlə iştirak edəcək.