Bu il qurbanlarımızı azad Qarabağda da kəsə biləcəyik... - Hacı Fuad Nurullayev

11:04 20.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini Hacı Fuad Nurullayev hafta.az əməkdaşıyla söhbətində  işğaldan azad torpaqlarımızda Qurban bayramı tədbirlərindən danışıb, oxucularımızın ünvanladığı Qurban bayramı namazının qılınması, qurbanlıq heyvanların kəsilməsi, alınması  və s. ilə bağlı sualları cavablandırıb.

-Hacı, öncə sizi Qurban bayramı münasibətilə təbrik edirik. Qafqaz Müsəlmanları İdarəsi işğaldan azad torpaqlarımızda Qurban bayramı tədbirləri planlaşdırıbmı?

-Biz hər il dua edirdik ki, Allah işğal altındakı torpaqlarımızın azadlığını bizlərə nəsib et, Qurban bayramında o torpaqlarda qurbanlarımızı kəsək. Şükür Allaha ki, torpaqlarımız azad olunub və artıq oralarda quruculuq işləri gedir və bayramlarımız da qeyd edilir. Və ümidvarıq ki, dövlətimizin müvafiq qurumları da artıq o Qarabağ yurdlarında çalışan, işləyən vətəndaşlarımızın öz qurbanlarını kəsməsinə şərait yaradacaq. Yəni, hər bir insan qurbanın kəsilməsində azaddır. Təbii ki, işğaldan azad torpaqlarımızda da kim istəsə, qurban kəsə biləcək. Bir sözlə, şükür Allaha ki, bir xalq olaraq bu il qurbanlarımızı işğaldan azad Qarabağda  da kəsə biləcəyik...

Biz Qafqaz Müsəlmanları İdarəsinin rəhbərliyi olaraq bu günlərdə Şuşa ziyarətini də etdik, məscidlərdə namazlar qılıb, dualar oxuduq, şəhidlərimizin ruhlarını bir daha yad etdik.  Eləcə də qazilərimizin sağlamlığı üçün dualar oxundu.  Orada müxtəlif sahələrdə  fəaliyyət göstərən insanlarımızla həmsöhbət olduq.  Və ümumi söhbətlərdən bəlli oldu ki, o torpaqlarda çalışan vətəndaşlarımız digər bölgə və şəhərlərimiz kimi, Şuşada da, Kəlbəcərdə də, Laçında da, Ağdamda da, Zəngilanda da və s. Qurban bayramı keçirəcək, bayram namazı qılacaq və qurbanlarını kəsəcəklər. Odur ki, məxsusən QMİ-nin işğaldan azad torpaqlarda Qurban bayramı təşkil etməsinə lüzum görülmədi.

-Bəs Şuşada Qafqaz Müsəlmanları İdarəsi rəhbərliyinin, təşkilatçılığıyla Ramazan bayramı namazı qılındığı kimi, Qurban bayramı namazı da qılınmayacaqmı?

-Qurban bayramı namazı Ramazan bayramının namazından bir qədər fərqli qəbul olunur.  Çünki Qurban bayramında müsəlmanlar hər tərəfdə qurbanlarını kəsir və onları öz yaxınları və ehtiyacı olanlara paylamaq üçün səy göstərirlər.  Ona  görə də məxsusən insanları harasa cəlb etmək  bəyənilməyən bir şey olar. Bundan fərqli olaraq Ramazan bayramında möminlər bir ay oruc tutur və istəyirlər ki, sonda birlikdə bayram namazlarını qılsınlar. Yəni Ramazanda bu istək qabarıq şəkilldə görünür...

Biz də, öncə qeyd etdiyim kimi,  müvafiq qurumlarla söhbətlərimizdən əmin olmuşuq ki, digər rayonlarımız kimi, işğaldan azad torpaqlarda da, təbii ki, pandemiyaya uyğun şərtlərin də gözlənilməsi ilə Qurban bayramı namazının qılınmasına da, qurbanların kəsilməsinə lazımı şərait yaradılıb. Digər tərəfdən, pandemiya şəraiti də bizi kütləvi tədbirlərdən müəyyən dərəcədə çəkinməyə vadar edir. Həm də bu səbəbdən Qurban bayramı ilə bağlı Qarabağa xüsusi heyətin gedişinə lüzum görülmədi. Amma təbii ki, işğaldan azad torpaqlarımızdakı məscidlərimizdə də az sayda olsa da, insanlarımız bayram namazı qıla biləcəklər, inşallah...

-Hacı, oxucuların Qurban bayramı namazının qılınması, qurbanlıq heyvanların alınması, kəsilməsi və s. ilə bağlı bəzi sualları var. Məsələn, sual edirlər ki, birinin başqa qazancı yoxdursa, banka əmanət kimi qoyduğu pulun bir neçə il ərzində yığılmış faizi ilə qurbanlıq heyvan alıb kəsə bilərmi?

-Möminlərin banklarla alış-veriş məsələsi bir az sual altındadır.  Çünki şəriətə görə, faiz qadağandır və həmin bankların gəlir mənbələri-filanı araşdırılmalıdır. Amma  hər bir insan əlindəki pulun halal olduğunu bilirsə,  onunla rahat qurban alıb kəsə bilər. Banka əmanət qoyulmuş vəsaitin üzərinə gələn faizdən istifadəyə gəldikdə isə, dediyim kimi, bu məsələ araşdırılmalıdır. Çünki  bizim dövlət dünyəvi dövlət olduğundan banklarımız da dünyəvi dövlətlər səviyyəsində fəaliyyət göstərir.  Və biz məsləhət görərdik ki, əmanət bankına pul qoya bilən insan, yəqin ki, qurban kəsmək üçün də halal 100-150 manatı rahat tapa bilər, qurbanını da həmin pulla alıb kəsə bilər, inşallah...

-Tutaq ki, biri artıq İsmayıl qurbanını kəsməyi qət edib, hətta heyvanı da satın alıb, ancaq Qurban bayramı günləri gözlənilmədən yaxınlarının başına bir fəlakət gəlir, elə bir hadisə baş verir ki,  məsələn, başqa rayona, yaxud şəhərə  getməyə məcbur qalır və qurbanlığın kəsimini icra etmək imkanı olmur. O halda həmin insan qurbanını başqa günlər kəsə bilərmi?

-Əvvəla, Həcc ziyarətində olan zəvvarlara istisna olmaqla, Qurban bayramında qurban kəsmək vacibat sayılmır, müstəhəbdir. Kimin imkanı, vaxtı varsa, o kəsə bilər. Ona görə də əgər hər hansı bir şəxsin Qurban bayramı günləri özünün aldığı heyvanı  kəsməyə vaxtı olmasa,  ona heç bir günah yazılmır. Amma həmin şəxs hər hansı hadisə ilə bağlı bayram günləri qurbanı kəsmək imkanına malik olmasa, hər hansı bir qardaşını, qohumunu, dostunu, qonşusunu qurbanlıq heyvanı kəsib paylamaq üçün vəkil edə bilər və o, həmin şəxsin əvəzindən qurban kəsimini icra edər. Özü də bilmək lazımdır ki, Azərbaycanda Qurban bayramı dövlət səviyyəsində rəsmən iki gün qeyd edilsə də, əslində şəriətə uyğun olaraq bu bayram 3 gün keçirilir və qurban da həmin 3 gün ərzində rahat kəsilə bilər. Yəni möminlərin bu baxımdan yalnız  bu il iyulun 20-21-i deyil, 22-də də qurbanlarını kəsməsi mümkündür...

- Qurban bayramı günü birinin əzizi, yaxını rəhmətə getsə, Allaha qurban üçün nəzərdə tutduğu heyvanı kəsib onun ətindən ehsan verə bilərmi?

-Xeyr, bu olmaz. Qurbanlıq heyvan kəsilib yoxsullara, imkansızlara yalnız ət şəklində paylanmalıdır. İsmayıl qurbanını başqa formada, məsələn, bişirib, qaynadıb, qızardıb, bozbaş, soyutma edib və s. kimi paylamaq  olmaz. Qurbanlıq heyvan kəsilir, 3 hissəyə bölünür və onun bir hissəsi kəsənindir, qalan iki hissəni öz qohum-qonşusundan tutmuş yaxınlığındakı yoxsullara paylamalıdır. Eləcə də məsələn,  qurban payı əvəzinə yoxsullara bir neçə kilo ətin qiyməti məbləğində pul, yaxud digər ərzaq  paylamaq da qəbul olunmur...

-Bəzi din xadimləri, yaxud ilahiyyatçılar deyir ki, zootexniki məqsədlərlə qısırlaşdırılmış erkək heyvanları da qurban kimi kəsmək olar. Bu doğrudurmu?

-Xeyr. Bu, doğru deyil. Qurbanlıq heyvanın gərək hər orqanı, o cümlədən hayaları normal şəkildə yerində olsun. Qurban seçilərkən bunlara diqqət etmək lazımdır. Azərbaycanda da, şükür Allaha, nə qədər istəsən, sağlam heyvan tapmaq olar...

-Bir çox qəssablar alıcılara deyir ki, Qurban bayramının tarixinin daxil olduğu gecə saat 12-dən sonra qurban kəsmək olar. Bu nə dərəcədə doğrudur?

-Xeyr. Qaranlıqda, gecə vaxtı qurban kəsmək olmaz. Yalnız gündüz vaxtı kəsmək lazımdır. Ən gözəli sübh zamanı günün çıxma əlamətləri bilindisə, qurbanlıq heyvanı kəsmək olar. Bir sözlə, qurbanı səhər gün çıxandan axşam gün batanadək kəsmək mümkündür.  

-Bəs bayram namazını günün hansı vaxtınadək qılmaq olar?

-Bayram namazı da vacib deyil, müstəhəbdir və onun günortayadək qılınması məsləhətdir. Eyni zamanda sübh namazından dərhal sonra qılmaq olmaz, günəş çıxandan sonra qılmaq lazımdır...  

-Bəziləri sual edir ki, qurbanı birinci kəsək, sonra bayram namazı qılaq, yoxsa əksinə?

-Burada heç bir şərt, vacibat yoxdur. Səhər vaxtı bayram namazını qılıb qurbanını kəsə də bilər,  yaxud əksinə, günortayadək qurbanını kəsib sonra namazını qıla bilər...

Bir nüansı da qeyd edim: bəzi kəndlərdə, məhəllələrdə görürsən ki,  qəssablar heyvanı  kəsirlər, sonra da onun ətini camaata qurbanlıq kimi satırlar. Bilməyənlər də alır və özünü qruban kəsdirmiş kimi hesab edir. Əslində bunun qurban kəsdirməyə heç bir dəxli yoxdur. Bu, sadəcə, digər vaxtlarda olduğu kimi, qəssabdan bir neçə kilo ət almaqla eyni şeydir...

Fürsətdən yararlanaraq saytınız vasitəsilə bir daha bütün xalqımızın,  o cümlədən siz jurnalistlərin Qurban bayramını təbrik edirik. Allah hamımızın qurbanlarını, namaz, oruc və dualarını qəbul etsin!

-Sağ olun, Hacı. Biz də sizi bir daha təbrik edir və maraqlı cavablara görə təşəkkür edirik.

Oxunma sayı 330