Bu ixtisasları seçməyənlərin qəbul şansı yüksək olacaq

17:28 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

24 may tarixində II və III ixtisas qrupları üzrə qəbul imtahanlarının nəticələri elan olundu. Nəticələri gözlədiyindən aşağı olan bir çox abituriyent isə təşviş içindədir. Bəs bu il III ixtisas qrupunda bal artımı ola bilərmi?

Hafta.az-ın məlumatına görə, AzEdu.az-a mövzu ilə bağlı təhsil tədqiqatçısı Elmin Nuri açıqlama verib. 

III ixtisas qrupunda yüksək bal artımından əminliklə demək olar ki, söhbət gedə bilməz:

“Bu il üçüncü ixtisas qrupu üzrə vəziyyətin çox da riskli olacağı gözlənilmir. Doğrudur, bizim hələ qarşıda ikinci cəhd blok imtahanlarımız var və hələ plan yerlərinin sayı açıqlanmayıb. Amma yenə də, birinci cəhd nəticələrinin qəbul prosesində önəmli rol oynaması səbəbilə, böyük ehtimalla üçüncü ixtisas qrupunda vəziyyətin ən azı ötən illə müqayisədə xeyli rahat olacağını demək olar. Yüksək bal artımından əminliklə deyə bilərəm ki, söhbət gedə bilməz. Müəyyən ixtisaslar arasında cüzi bal artımı isə mümkündür".

MİQ-də yüksək nəticə göstərən müəllim namizədləri işlə təmin oluna bilmirlər:

“Bu il üçüncü ixtisas qrupunda pedaqoji yönümlü ixtisaslar üzrə həm plan yerlərinin azalması, həm də eyni məntiqi xətt əsasında keçid ballarının yüksəlməsi gözlənilir. Bu, təbii ki, bir proqnozdur. Proqnoz rəsmi dataya və ya rəsmi mənbəyə söykənməyə də bilər. Bu, sadəcə subyektiv analitik məhsuldur. Amma bunun deyilməsi üçün əsaslar var. Artıq bilirik ki, ildən-ilə pedaqoji ixtisasların plan yerləri xeyli dərəcədə azalır və bunun da bəlli nümunələri mövcuddur.

Çünki əmək bazarında artıq müəyyən bir xaos yaranır. Əlində diplom olan müəllimlərin bir çoxu MİQ-də ən yüksək nəticələri göstərsələr də, işlə təmin oluna bilmirlər. Məktəblərdə inteqrasiya prosesi gedir. Kiçik məktəblər birləşərək daha böyük məktəblər əmələ gətirir. Bu da məktəblərin sayının azalması deməkdir. Məktəb sayı azaldıqda isə avtomatik olaraq müəllim sayında da azalma baş verəcək. Və əmək bazarı bunu tənzimləməlidir.

III qrupun əsasən pedaqoji ixtisaslardan ibarət olduğunu bildiyimiz üçün, bu istiqamətdə keçid ballarının müəyyən qədər yüksəlməsi mümkündür. Amma üçüncü ixtisas qrupunun digər orta statistik ixtisaslarında - politologiya, fəlsəfə, dövlət və ictimai münasibətlər, sosial iş və müxtəlif təsnifatlı digər ixtisaslar üzrə keçid ballarının stabil qalacağı gözlənilir”.