Ərdoğan 2028-ci ildə yenidən prezidentliyə namizəd ola bilər

15:45 25.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2028-ci ildə keçiriləcək Prezident seçkilərində üçüncü dəfə namizədliyini irəli sürə bilər.

Hafta.az xəbər verir ki, bu barədə Anadolu Agentliyinə Prezidentin baş müşaviri və Prezident Hüquq Siyasəti Şurasının sədr müavini Mehmet Uçum bildirib.

Onun sözlərinə görə, əgər parlament Ərdoğanın ikinci prezidentlik müddəti ərzində seçkilərin daha erkən tarixdə keçirilməsi barədə qərar qəbul edərsə, Konstitusiyaya əsasən, dövlət başçısının yenidən namizəd olması üçün hüquqi imkan yaranacaq.

Mehmet Uçum qeyd edib ki, hazırda seçkilərin 7 may 2028-ci il və ya bir neçə həftə daha erkən - 16 aprel 2028-ci ildə keçirilməsi variantları müzakirə olunur. O vurğulayıb ki, belə bir qərar Konstitusiyada nəzərdə tutulan istisna hal hesab edilir və Ərdoğana sonuncu dəfə prezidentliyə namizəd olmaq imkanı verə bilər.