Bu vulkan Min sülaləsini süqut edib - ARAŞDIRMA

10:04 16.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

1640-cı ildə Filippində Parker vulkanının püskürməsi Çində Min sülaləsinin süqutuna səbəb olan amillərdən biri ola bilər. Bern Universitetinin Tarix İnstitutunun tədqiqatçısı Riçard Uorren bu qənaətə gəlib.

Hafta.az xəbər verir ki, tədqiqata əsasən, vulkan püskürməsi Çinin bir hissəsini artıq bürümüş uzunmüddətli quraqlıq dövründə baş verib. Püskürmədən sonra quraqlıq daha üç il davam edib və alimlər bunun regionda son beş əsrin ən şiddətli quraqlığına səbəb olduğunu bildirirlər.

Yaranan ərzaq qıtlığı aclığa, xəstəliklərin kütləvi yayılmasına və kəndli üsyanlarının başlamasına yol açıb. Bu gərginlik fonunda üsyançıların lideri Li Tszıçen Pekini ələ keçirib. Şəhərin işğalından sonra Min sülaləsinin sonuncu imperatoru intihar edib və bununla da sülalənin 276 illik hakimiyyətinə son qoyulub.

Qeyd edək ki, R.Uorren Min və Tsin sülalələri dövründə - 1440-cı ildən 1900-cü ilə qədər baş vermiş 13 böyük vulkan püskürməsini araşdırıb. Tədqiqat zamanı, həmçinin 1991-ci ildə Filippində Pinatubo vulkanının püskürməsi də təhlil edilib./"South China Morning Post"/