Cənab Prezident Rusiyanın 21 ildə nail olduğunu, 44 gündə əldə etdi – Vitse-spiker

10:41 24.12.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Cənab Prezidenti 60 yaşı münasibətilə təbrik edirəm. Qoy bu xalqa, bu millətə gətirdiyi o sevincin gözəl duyğularını övladları ilə hiss etsin, yaşasın. İlham Əliyev elə bir zamanda hakimiyyətə gəldi ki, Azərbaycan çox gücsüz, büdcəsi zəif, işğal, dünya dövlətlərinin təzyiqi altında yaşayan, haqqını sübut etməyə çalışan, müharibə etmək taqəti olmayan vəziyyətdə idi.

Bu fikirləri hafta.az-a Milli Məclisin sədr müavini, millət vəkili Fəzail İbrahimli deyib. Onun sözlərinə görə,  Prezident ilk növbədə, “Regionların inkişaf proqramı” ilə bütün gücünü ölkənin iqtisadi inkişafına səfərbər etdi:

“Respublikanın köhnə paltarını çıxarıb tulladı, Azərbaycanı dünyaya yeni libasda təqdim etdi.  Puşkin “Tunc atlı” poemasında yazırdı ki, I Pyotr toza və çirkaba batmış Rusiyanı toz-torpğın içərisindən çıxarıb dünya dövlətinə çevirdi. O, tək iqtisadi cəhətdən deyil, 21 il müharibə aparıb Rusiyanı qalib dövlətə çevirdi. Ona görə də ona “Tunc atlı” deyirdilər. Pyotra belə bir heykəl də qoyulub. Cənab Prezident Rusiyanın 21 ildə nail olduğunu, 44 gündə əldə etdi. Bu millətin torpaq işğalından canını qurtardı. Qamətimiz düzəldi, haqqımız özümüzə qaytarıldı. Hər bir Azərbaycan kişisi, artıq öz xanımı qarşısında qürurla dayana bilir. 200 il xristian ağuşunda özünə qala quran, o qaladan başımıza güllə və qumbara yağdıraraq ən yaxşılarımızı sıradan çıxaran düşmən məğlub oldu. Siz təqvimimizə fikir verin: 12 ayın 11-də faciə var. 20 Yanvardan başlayan faciəmiz, 20 Noyabr vertolyot  qəzası ilə bitir. 20 rəqəmi bizim  tariximizdə, sanki bir faciə rəqəminə çevrildi.  Bunu yaradan arxasında böyük qüvvələrin durduğu, heç vaxt təkbətək vuruşa bilməyən, amma qalib gələn ermənilər idi. Bizim qələbədə, ilk növbədə, dünya Xristianlığı məğlub oldu.  Ermənilər tək işğal etdiyi torpaqdan qovulmadı. 30 ildən sonra "böyük Ermənistan" yaratmaq mifinin yalan olduğu, bu ideologiya ilə addım atanların iflasa uğradığı göstərildi. Cənab Prezident öz addımı ilə dəfn etməkdə olduğumuz "böyük Ermənistan" ideologiyasının tabutuna sonuncu mismarı vurdu. Təsadüfi deyil ki, bu qələbə Türk Dünyasının qələbəsi kimi qeyd olundu. Hər bir xaqlın tarixində bir sərkərdə yaranır, Tanrı tərəfindən ona güc, qətiyyət, diplomatya verilir. Nəticədə millət xilas olur.  İlham Əliyev 200 il əzab çəkən, geri çəkilən, itkilər verən, sızıldayan, qəlbində, əlində gücü olmayan milətin xilaskarı kimi ortaya çıxdı. Budur, İlham Əliyev, budur, tarixi həqiqət. İlham Əliyev tarixin Azərbaycan xalqına qarşı  tuşlanmış boz sifətini darmadağın etdi.  O, nisgilli baxışları darmadağın etdi, qırmızı sifətlərə lənət oxudu. Bax, budur, İlham Əliyev obrazı”.

Siyasət rubrikasından digər xəbərlər