Ceyhun Bayramov slovakiyalı həmkarı ilə görüşüb

22:17 01.03.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Martın 1-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Slovakiyanın xarici işlər və Avropa məsələləri üzrə naziri Yuray Blanar ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən hafta.az-a bildiriblər ki, görüşdə Azərbaycan-Slovakiya ikitərəfli münasibətlərinin hazırkı səviyyəsindən razılıq ifadə olunub, bu əlaqələrin daha da inkişaf etdirilməsi və strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsi üçün səylərin birləşdirilməsinin vacibliyi vurğulanıb.

Yüksək səviyyəli qarşılıqlı səfərlərin və davamlı siyasi dialoqun iki ölkə arasında əlaqələrin daha da inkişafı üçün mühüm əhəmiyyət kəsb etdiyi bildirilib. Belə səfərlərin dövlətlərarası münasibətlərin gündəliyinin zənginləşməsində və mövcud dostluq əlaqələrinin dərinləşməsində mühüm rol oynadığı barədə həmfikirlik ifadə olunub.

Beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı dəstəyə əsaslanan Azərbaycan-Slovakiya əməkdaşlığının bundan sonra da davam etdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

İki ölkə arasında iqtisadi-ticarət əlaqələrinin, enerji və alternativ enerji sahəsində əməkdaşlığın, qarşılıqlı maraq doğuran layihələrin həyata keçirilməsi üçün Azərbaycan və Slovakiyanın birgə səylərini artırmalarının vacibliyi vurğulanıb.

Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin cari vəziyyəti və perspektivləri, regionda mövcud vəziyyət və son hadisələr barədə qarşı tərəfə məlumat verilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında müzakirələr aparılıb.

Oxunma sayı 63
Siyasət rubrikasından digər xəbərlər