Səudiyyə Ərəbistanı Kralı Salman bin Əbdüləzizin himayəsi altında Ciddədə “İslamda Qadınlar: Status və səlahiyyətlər” adlı beynəlxalq konfrans başlayıb.
Hafta.az-ın yazdığına görə, İslam Əməkdaşlıq Təşkilatı (İƏT) tərəfindən təşkil edilən üç günlük konfransın məqsədi müsəlman qadınların nailiyyətlərinə işıq salmaq, onların rolunu və inkişafa töhfələrini vurğulamaq, İslamda qadın hüquqları ilə bağlı şübhə və yanlış təsəvvürlərə cavab vermək və İslam təlimlərinin qadınlara qarşı həmişə ədalətli mövqe tutduğunu təşviq etməkdir.
Konfrans həmçinin İslam cəmiyyətlərində qadınların səlahiyyətlərinin artırılmasını və ədaləti təşviq edəcək hərtərəfli hüquqi və siyasi islahatlar planının hazırlanmasını hədəfləyir. Bu məqsədə nail olmaq üçün əsas təşəbbüsləri və strategiyaları əks etdirən əhatəli sənəd olan “İslamda Qadınlar üçün Ciddə Sənədi”nin də qəbul ediləcəyi gözlənilir.
Konfrans nazirlər, rəsmilər, alimlər və mütəfəkkirlərin İslamda qadınların vəziyyəti və hüquqlarını araşdıracaqları beş işçi sessiyadan ibarətdir. Sessiyalarda müasir cəmiyyətlərdə qadınlarla bağlı müxtəlif məsələlər, eləcə də müsəlman qadınların təhsil və məşğulluq sahəsində səlahiyyətlərinin artırılması potensialı müzakirə olunacaq.
Xatırladaq ki, Səudiyyə Ərəbistanının Xarici İşlər Naziri şahzadə Feysəl bin Fərhan bin Abdullah Mavritaniyanın paytaxtı Nuakşotda keçirilən İƏT Xarici İşlər Nazirləri Şurasının 49-cu sessiyasında ilk növbədə qadınların statusunun yaxşılaşdırılması və səlahiyyətlərinin artırılmasına yönəlmiş konfransa ölkəsinin ev sahibliyi etməsi təşəbbüsü ilə çıxış etmişdi.