Avtomobil statistikası xidməti “Avtostat” Rusiyada xarici markalı avtomobillərin istehsalının 3 dəfə azaldığını açıqlayıb. Rusiya avtomobil bazarını zəbt edən Çin brendləri ölkədə zavodlar açmağa tələsmir.
Hafta.az-ın yazdığına görə, “Avtostat”, 2022-ci ilin sentyabr ayında 31 faiz olaraq hesablanan xarici markalı avtomobillərin istehsal nisbətinin bu ilin sentyabrında 11 faizə endiyini açıqlayıb. Sentyabrda satılan yeni avtomobillərin 55 faizi Rusiyaya xaricdən daxil olub. Paralel idxalın payı 11 faizdir.
Rəsmi idxalla ölkəyə daxil olan xarici markalı avtomobillərin 97 faizi Çindən gəlir.
Rusiyada istehsalını davam etdirən yeganə xarici marka Çinə məxsus “Great Wall Motors”dur. Bundan əlavə, Kalininqraddakı “Avtotor” zavodu “Kaiyi”, BAIC və SWM markalarının montaj istehsalını həyata keçirir.
“Za Rulyom” jurnalının baş redaktoru Maksim Kadakov bu fikirdədir ki, Çin brendləri ikinci dərəcəli sanksiyalarla bağlı narahatlıqlara görə Rusiyaya birbaşa investisiya qoymaqda tərəddüd edir. Madakov həmçinin bildirir ki, avtomobil bazarının həcmi Çin markalarını istehsal etməyə təşviq edəcək qədər böyük deyil.