“Sərhədlərin delimitasiyasının sülh sazişinin predmeti olmayacağı əvvəlcədən məlum idi. Çünki sərhədlərin delimitasiyası uzun bir prosesdir”.
Bunu hafta.az-a politoloq Rəşad Bayramov Prezident İlham Əliyevin “Sərhədlərin delimitasiyasi məsələsi Sülh sazişindən çıxarılır və Azərbaycan tək 1970-ci il xəritələrinin tətbiqini rədd edir”fikirləri ilə bağlıətrafında şərhində bildirib.
“Nəzərə alaq ki, 30 ildir Gürcüstanla olan sərhələrimizin delimitasiyası başa çatmayıb. Rusiya ilə sərhədlərin demorkasiyası tam yekunlaşmayıb. Bu baxımdan mövcud şərtlərlə Azərbaycan-Ermənistan arasında imzalanan sülh sazişində delimitasiya məsələsinin mütləq şəkildə qeyd olunması effektli yol deyil”.
Politoloq qeyd edib ki, delimitasiya məsələsi hansısa bir şəkildə sülh sazişində öz əksini tapa bilər. Onun, fikrincə, konkret şəkildə delimitasiyanın aparılması ilə sülh sazişinin eyni zamanda imzalanması müddət baxımından mümkün görünmür.
O ki qaldı delimitasiya prosesində hansı xəritələrin əsas götürülməsinə, politoloq bildirib ki, Ermənistanın istədiyi kimi, konkret bir dövrün xəritəsinin əsas olaraq götürülməsi Azərbaycanın maraqlarına cavab vermir:
“Çünki 1918-ci ildə Azərbaycanın öz müstəqilliyini elan etdiyi gündən etibarən və xüsusilə, Azərbaycanın Rusiya tərəfindən işğalından sonra (1920) zaman-zaman Azərbaycanın müxtəlif bölgələrdəki ərazilərinin "otlaq sahələri" və digər adlar altında Ermənistana verilməsinə şahidlik etmişik. Ona görə də bu gün bir xəritəni götürüb onun əsasında ərazilərin müəyyənləşdirilməsi mümkün deyil.
Burada tək xəritə deyil, yerli müvafiq şərait də nəzərə alınmalıdır. Bu, uzun prosesdir. Delimitasiyanın üzərində dayansaq, sülh sazişinin imzalanması yaxın vaxtda mümkün olmayacaq”.
R.Bayramov hesab edir ki, bu baxımdan Prezidentin sərhədlərin delimitasiyası haqqında dedikləri, eləcə də konkret 1970-ci illlərin xəritəsinin tətbiqinin effektli olmaması ilə bağlı fikirləri tamamilə məntiqə uyğundur.
Politoloq Prezidentin fikirlərinə istinad edərək, sülh sazişinin imzalanmasına olduqca münbit və real şəraitin yarandığını qeyd edib. Bildirib ki, II Qarabağ savaşından sonra sülh sazişinin imzalanmamasının ən vacib səbəbi ərazilərimizdə qalmaqda davam edən xunta rejimin mövcudluğu idi.
“Əvvəl orada olan ermənilərə hər hansı statusun verilməsi ilə bağlı çıxış edən Ermənistan və beynəlxalq birlik, daha sonra ermənilərin təhlükəsizliyi və hüquqları məsələsini gündəmə gətirirdi. Eləcə də, bunun müvafiq olaraq sülh sazişində əks olunmasını istəyirdi ki, bu da Azərbaycanın maraqlarına cavab vermirdi. Antiterror tərbirlərindən sonra məsələ ortadan qalxdığı və ermənilərin könüllü şəkildə ərazilərimizi tərk edib getdiyi üçün sülh sazişi üçün münbit real şərait formalaşıb. Məhz antiterror tədbirlərindən keçən dövr ərzində biz Azərbaycan-Ermənistan sərhəddində hər hansı bir gərginliyin də şahidi olmamışıq”.
Prezidentin dediyi beynəlxalq zəmanət məsələsinə gəlincə, politoloq hesab edir ki, əgər iki ölkə arasında bu və ya digər şəkildə bir sənəd, sülh müqaviləsi imzalanırsa, burada hansısa beynəlxalq vasitəçinin, beynəlxalq zəmantin olmasına da ehtiyac yoxdur. Sazişə iki tərəf imza atsa da, bu faktiki olaraq ölkələrin götürdüyü öhdəliklərdir və tərəflər götürdüyü öhdəliyi icra etməyə məcburdurlar.
“Tərəflərdən biri sülh sazişi ilə bağlı öhdəsinə düşəni icra eləməsə, bu artıq BMT-nin müvafiq tribunalarında müzakirə olunacaq məsələ olacaq. O baxımdan mütləq şəkildə kiminsə bu məsələdə vasitəçi olmasına, beynəlxalq zəmanətçi qismində çıxış etməsinə ehtiyac yoxdur. Prezident məntiqlə düzgün olaraq zəmanətçiyə ehtiyac olmadığını bildirib”.