Dənizkənarı sahillərin üzünün güldüyü gün – “BAKCELL”in dəstəyilə  təmizlik aksiyası

10:31 24.09.2019 Müəllif:Tural Turan
Yazını böyüt
Yazını kiçilt

Zağulba... Çimərlik... Könüllülər... Dövlət qurumları, nazir, vəzifəli şəxslər və Azərbaycanın ilk mobil operatoru Bakcell...

İndi deyəcəksiniz ki, adlarını sadaladıqlarım qurumlar və şəxslər niyə bir aradadır və məqsəd nədir?

Mən yazım, siz oxuyun. Yuxarıda sadaladıqlarımın hamısı Ümumdünya Sahilyanı Təmizlik və Sahil mühafizəsi günü ilə əlaqədar olaraq Zağulbada toplaşmışdılar. Sahilyanı əraziləri tullantılardan təmizləmək üçün könüllülərin, dövlət qurumlarının nümayəndələrinin, vəzifəli şəxslərin, hətta ekologiya və təbii sərvətlər nazirinin şəxsən iştirakı ilə böyük bir izdiham Zağulbadaydı. Əsas təşkilatçılardan biri də Özünün Korporativ Sosial Məsuliyyət layihələri və digər fəaliyyət növlərinə verdiyi dəstəklə rəqiblərindən seçilən Azərbaycanın ilk mobil operatoru Bakcell şirkəti idi.

Məlumat üçün bildirək ki, artıq 33 ildir ki, dünyanın bir çox ölkəsi hər il sentyabr ayının 21-ni Beynəlxalq Sahilyanı Təmizlik Günü kimi qeyd edir. Sahilyanı Təmizlik Günü Yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu məqsədlə on minlərlə insan könüllü olaraq yaşadıqları ərazilərin sahillərini tullantılardan təmizləyirlər. Azərbaycan da bu beynəlxalq ekoloji aksiyada artıq 9 ildir iştirak edir və ildən-ilə aksiyanın miqyası genişlənir.

“Bakcell”in əməkdaşları da könüllülər sırasına qoşulub sahilyanı çimərliyin təmizlənməsində həvəslə iştirak edirdilər. Bir sözlə, hamı iş başında idi. Bakcell şirkətinin İctimaiyyətlə əlaqələr və korporativ kommunikasiyalar  direktoru Süheylə Cəfərova ilə söhbətləşirik. Deyir ki, Bakcell şirkəti Azərbaycanda Beynəlxalq Sahilyanı Təmizlik Gününə qoşulan ilk iki böyük şirkətdən biridir: “Artıq bir neçə ildir ki, biz bu aksiyanı təşkil edirik. Əməkdaşlarımız da hər il burada iştirak edir. Tərəfdaş olduğumuz şirkətləri, universitetləri bu aksiyaya qoşulmağa çağırırıq. Əvvəllər dövlət qurumlarını, könüllüləri, şirkətləri dəvət edirdik, indi isə özləri bu aksiyada iştirak etməklə bağlı təkliflər irəli sürür”.

Başqa bir Bakcell əməkdaşı – Almaniya vətəndaşı Torsten Albersi söhbətə tuturuq. Həm təmizlik işləri aparır, həm də suallarımızı cavablandırır:

-Bakcell hər dəfə belə bir aksiyanı dəstəkləyir. Hətta deyərdim ki, şirkətimiz 6-cı ildir ki, bu aksiyanın təşkilatçılarından biridir.

-Aksiyaya tək gəlmisiniz?

-Xeyr. Xəzərin sahilinin təmizlənməsi ilə bağlı aksiyaya ailəmlə gəlmişəm. Sahilyanı zolağın təmizliyi üçün kömək etmək istəyirik. Bundan əvvəl biz Şurabadda da belə bir təmizlik aksiyasında iştirak etmişik. Hesab edirəm ki, sahillərin təmizlik problemi tək Bakıda yox bütün Avropa ölkələrində da həll olunacaq.

“Coca-Cola" şirkətinin Azərbaycan nümayəndəliyinin kommunikasiyalar üzrə meneceri Elşad Fərzəliyev bu günü ekoloji bayramı adlandırıb: “Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Buna görə, Xəzər dənizinin sahilyanı ərazilərini zibil və tullantılardan təmizləmək üçün biz çoxlu sayda insan cəlb etməyə calışdıq ki, onlar da böyük maraq və məmnuniyyətlə aksiyaya qoşuldular. Sözügedən aksiya artıq bayrama çevrilib və onun sayəsində yaşadığımız təbiət təmizlənir. Ümid edirik ki, gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq, belə ki, çimərliklər təmiz olaraq qorunub saxlanacaq".

Könüllülər, sənət adamları hərəsi bir tərəfdə sahil kənarlarından tullantıları toplayırdılar.

Könüllülərlə söhbətləşirik. Elçin adlı bir tələbə deyir ki, artıq üçüncü ildir ki, sahilyanı zolaqların tullantılardan təmizləmə aksiyasına qoşulub:

-Çox təqdir edirəm. Hər dəfə də canla-başla iştirak edirəm. Düşünürəm ki, sahillərimizi təmiz saxlamalıyıq. Bununla bağlı yoldaşlarımla da söhbətlər edir, maarifləndirmə aparıram. Bu dəfə də aksiyaya dostumla qoşulmuşam.

Başqa bir azyaşlı ilə söhbətləşirik. Adını demir, utanır. Bildirir ki, atası və anası ilə aksiyaya qoşulub:

-Ata dedi, qardaşımla və mən etiraz etmədik. İndi də butulka toplayıram. Bir torbanı doldurub anaya verdim, o da bir kənara qoydu (gülümsəyir).

ASAN Xidmət könüllülərindən Leyla adlı xanımla söhbətləşirik:

-Könüllüsünüz?

-Bəli.

-Çətin deyil ki, kiminsə atdığı tullantları toplamaq?

-Xeyr, zövqdür. Sahillərimizi təmiz saxlamalıyıq. Biz bu aksiyaya qoşulmaqla həmin insanlara ismarışlar ötürürük ki, tullantıları yerə atmasınlar...

Hər kəsin əlində sellofan torba var idi. O gün sahil təmizlik qoxurdu və bu səbəbdən də üzü gülürdü. 

Qeyd edək ki, tədbirin təşkilatçıları ənənəvi olaraq “Coca-Cola”, "Bakcell", “PAŞA Bank” şirkətləri və “ASAN Könüllülük Məktəbi”dir. Aksiyanın partnyorları sırasında isə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, ABŞ-ın Azərbaycandakı səfirliyi, ADA universiteti, “AzEkol”, “Carlsberg Azerbaijan”, “Nargis” jurnalı, “ASAN Radio”, “Xəzər TV”, AFFA və Azərbaycan Velosiped İdmanı Federasiyası yer alıblar.