Deputat toxunulmazdırsa, istədiyi kimi qanunu poza bilər?-İctimai QINAQ

16:17 30.07.2021 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Deputat toxunulmazlığı necə ləğv oluna bilər”. Deputatla bağlı son qalmaqallı hadisə, yəni Milli Məclisin deputatı Eldəniz Səlimovun polisi döyməsi faktı bu sualı yenidən gündəmə gətirdi. Ümumiyyətlə, son vaxtlar deputatların fəaliyyəti və davranış qaydaları ilə bağlı ortaya çıxan ziddiyyətli məqamlar siyasi düşərgənin, eləcə də ictimaiyyətin əlinə  “Milli Məclis buraxılmalıdır” tələbi ilə çıxış etmək üçün yeni bir fürsət yaradıb.

Yaranmış vəziyyətlə bağlı hafta.az-a açıqlama verən ictimai-siyasi düşərgə nümayəndələri məsələyə birmənalı yanaşdılar.

Milli Məclisisn deputatı, Ağsaqqallar Şurasının sədri Eldar Quliyev Xaçmazda baş verən bu olayın deputatın məhz pandemiya dövründə qanunlara tabe olmaması, üstəlik davranış qaydalarının kobud pozulması hadisəsi kimi pisləyib. Eyni zamanda bildirib ki, belə bir vaxtda deputatın polisə qaşı zorakı hərəkət tətbiq etməsinə inanmaq istəməsə də, yayılan xəbərlər məlumatı təsdiqləyir. E.Quliyevin sözlərinə görə, əgər bu iş istintaqa verilibsə, mütləq Milli Məclisə təqdimat gələcək. Yəqin ki, İntizam Komissiyası qanunla deputata hansı cəzanın tətbiq edilməsini müəyyənləşdirəcək.

“Pandemiya dövründə gecə saat 1-də hansısa restoranda oturmağın özü də düzgün hərəkət olmayıb. Amma hadisə hansı səbəblə baş verib, necə olub hələ ki, bu barədə dəqiq məlumatımız yoxdur. Əlbəttə ki, mən belə halları qınayıram. Amma cəzanın nə olacağına, deputat mandatının əlindən alınıb-alınmayacağına intizam komissiyası qərar verəcək.  Hələ pandemiya vaxtı saat 1:00-da restoranda olmağı bir qanunsuzluq, digər tərəfdən də polisin restoranı qapatması ilə bağlı tələbinə yumruqla cavab vermək bir ayrı həddini aşma məqamıdır”.

E.Quliyev hesab edir ki, bəzən deputatların “toxunulmazlıq” deyib qanunların əleyhinə getməsini yanlış yanaşmadır.

“Deputat olmaq o demək deyil ki, sən hər şey edə bilərsən. Deputat da adi vətəndaşdır, xalq tərəfindən seçilib. Ona etimad göstərilib. O birinci növbədə öz seçicilərinin mənafeyini qorumalıdır. Özünü nümunəvi aparmalıdır ki, hamı ondan nümunə götürsün. İnsanlar birinci növbədə kimin yanına gəlirlər, deputatın. Vətəndaş üçün bir çətinlik olanda onu həll etmək üçün biz də vətəndaş üçün lazımi yerlərə müraciət edirik. Yəni deputat bir nümunədir. Deputat da insandır ailə-məişət zəminində başına belə hadisələr gələ bilər. Amma ictimai yerlərdə deputatın etik-davranış qaydalarını pozması qəbuledilməzdir”.

Hafta.az-a açıqlana verən hüquqşünas Ələsgər Məmmədli deputatın belə bir hərəkətə yol verməsini üzücü hadisə kimi dəyərləndirib.  Hüquqşünas bildirib ki, deputat rəsmi qurumu təmsil etdiyi və bəlli bir seçici kütləsi olduğuna görə davranışlarında son dərəcə diqqətli olmalıdır.

“Deputat səbrli, mədəni və vicdanlı davranmalıdır.  Hələ 2016-cı ildə parlamentdə Konstitusiyaya dəyişiklik ediləndə 89-ci maddəyə 7-ci bənd əlavə olundu ki, bu da deputatın səlahiyyətinin hansı halda itirməsi ilə bağlıdır. Deputat etik-davranış qaydalarını pozarsa səlahiyyətlərini itirə bilər. Və deputatın etik-davranış qaydalarına əməl etməsi ilə bağlı da 2017-ci ildə Azərbaycanda  “Milli Məclisin deputatının etik davranış qaydaları haqqında” qanun qəbul olunub. Həmin qanunun 4-cü maddəsində deyilir ki,   deputatlar insanların  hüquqlarına, azadlığına və  qanuni maraqlarına, eyni zamanda şərəf və ləyaqətinə, işgüzar nüfuzuna hörmət eləməlidir. Və qanunazidd hərəkətlərə yol verməməlidir. 6-cı maddədə deyir ki, onlar vicdanlı və mədəni davranmalıdır.  Yəni deputat adına xələl gətirən istənilən  davranışa yol verməməli və deputat adını, ləyaqətini uca tutmalıdır.  Eyni zamanda qanunda bildirilir ki,  dövlət orqanlarının nümayəndələri ilə davranışında, ictimai çıxışında da Milli Məclisin iclaslarında da nəzakətli və təmkinli olmalıdır”.

Ə.Məmmədli bildirib ki, polis deputatın fiziki təzyiqinə məruz qalıbsa o zaman deputat  etik-davranış qaydalarını zidd hərəkət edib. Hüquqşünas belə hallarda parlamentin daxili nizamnaməsinin 41-ci maddəsinə əsasən məsələnin intizam komissiyasına çıxarıldığını bildirib.

“Əgər deputat qanunu pozubsa məsələni intizam komissiyası araşdırar, əgər deputatın etik qaydaları pozduğu məlum olarsa o zaman ona 5 sanksiyadan biri tətbiq oluna bilər. Bunlar nədir; birincisi xəbərdarlıq, ikincisi sözünü kəsmə, üçüncüsü iclasdan çıxartma, dördüncüsü töhmət, beşincisi deputat səlahiyyətinin itirilməsi. Deputatın polisi döyməsi ağır hadisə olduğu üçün bu deputat səlahiyyətinin itirilməsinə qədər gedə bilər.  O zaman onun toxunulmazlığı ləğv olunacaq və barəsində qanuni tədbirlər görüləcək”

Keçmiş deputat, sayt redaktoru Aynur Camalqızı bildirib ki, bu cür deputatlar Milli Məclisi gözdən salır.

“Eldəniz Səlimov adlı deputat polisi döyməsiylə gündəmə gəldi. Maraq üçün Vikipediyada haqqında yazılanlara baxdım. Adam Dağıstanda - diplomları Azərbaycanda tanınmayan - bir universitet bitirib və 2 çağırış parlamentə üzv seçilib. Yeni Azərbaycan Partiyasının da üzvüdür. Bu cür adamları necə tapırlar, hardan tapırlar? Belə deputatlar Milli Məclisi hörmətdən salırlar”.  

A.Camal belə məsuliyyətsiz, bəzən də cinayət əməli ilə gündəmə gələn deputatlar özlərinin toxunulmazlığına güvənirlərsə, tamamilə yanlışdır.

“Bir müddət əvvəl mandatını girov qoyaraq insanlardan pul alan, hazırda həbsdə olan deputat Rafael Cəbrayılov, sonra Moldovadan başqasının uşağını qaçıran deputat Ramil Həsən gündəmi zəbt elədi, indi də polisi döyən deputat.

Qanunverici orqanın üzvü qanun keşikçisini döyür! Tam bir absurd!”

A.Camal bildirib ki, Yeni Azərbaycan Partiyası yəqin ki, məsələyə öz siyasi qiymətini verəcək. Onun sözlərinə görə, 30-40 min seçicinin təmsilçisi sözün əsl və yaxşı mənasında fərqlənməlidir, ona səs verən insanların fövqündə durmalıdır.

“O döyülən polis həm də o deputatın seçicisidir axı. Millət vəkili öz seçicisinə necə əl qaldıra bilər? Müharibədən çıxmış qalib ölkənin deputatı üstəlik, pandemiya şəraitində beləmi davranmalıdır insanlarla?

Qalib ölkənin qalib Prezidentinin komandadında belə şəxslərə yer olmamalıdır.

Ümid edirəm ki, ölkənin aparıcı siyasi qüvvəsi olan YAP və MM-in İntizam Komitəsi bu şəxslə bağlı digərlərinə görk olacaq bir addım atacaq”.

Konstitusiya Araşdırmaları Mərkəzinin rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev hafta.az-a bildirib ki, Xaçmaz rayonunda millət vəkili Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi haqlı olaraq cəmiyyətdə hiddət doğurub. Ə.Nuriyev keçmiş millət vəkili kimi bu əməli qəti şəkildə pisləyib və qınayıb.

“Polisin xidməti vəzifələrinin yerinə yetirməsinə mane olmaq, polis əməkdaşlarını təhqir və təhdid etmək yolverilməzdir. Bu hərəkətləri deputatın etməsi isə ikiqat qəbahətdir və deputat statusuna uyğun olmayan bir əməldir. Bu cür hərəkətər yalnız polis əməkdaşına qarşı deyil, bütün cəmiyyətə qarşı hörmətsizlikdir. Əminəm ki, Milli Məclis rəhbərliyi bu hadisə ilə bağlı müvafiq addımlar atacaqdır. Polis orqanları və polis əməkdaşları COVİD-19 pandemiyası ilə mübarizədə ön sırada dayanırlar. Xüsusi karantin rejimi qaydalarına, bu qaydalarla müəyyənləşən qadağanlara əməl olunmasına nəzarəti həyata keçirən polis çox çətin, gərgin şəraitdə işləyir. İctimai nüfuza, statusa malik şəxslər COVİD-19 pandemiyasının doğurduğu yeni çağırışlara sdkevat cavab verilməsi, çətinliklərin birgə səylərlə aradan qaldırılması, polislə vətəndaşlar, əhali arasında səmərəli kommmunikasiya, etimadlı münasibətlərin yaranmasına öz töhfələrini verməlidirlər. Öz müsbət davranış və nümunələri ilə örnək olmalıdırlar. Onların ictimai rəyə təsir etmək imkanları, ictimai və rəsmi statusları onlar üçün əlavə məsuliyyət yaradır. Bu çətin, mürəkkəb şəraitdə polisin cəmiyyətin dəstəyinə hər zamankından çox ehtiyacı var. Eyni zamanda hazırda hər birimizin sağlamlığı, hüzuru xeyli dərəcədə polisin səmərəli işindən asılıdır. Bu zərurəti dərk etməklə hər birimiz məsuliyyətli davranmalıyıq və əhalinin sağlamlığının, ictimai asayişin qorunması məsələsində cavabdehliyimiz barədə düşünməliyik”.

Oxunma sayı 1746