Deputatlar gənclərlə görüşüb - FOTO

16:10 30.01.2024 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Yanvarın 30-da Xəzər Gənclər Evində Milli Məclisin deputatları Rauf Əliyev və Soltan Məmmədovun gənclərlə görüşü keçirilib.

Xəzər Gənclər Evinin müdiri İnarə Eyyubova təşəbbüsə görə deputatlara minnətdarlığını bildirib. Bu cür görüşlərin gənclərin ölkənin ictimai-siyasi həyatı, beynəlxalq aləmdə baş verən hadisələr haqqında məlumatlandırılması, dünyagörüşünün formalaşması baxımından mühüm əhəmiyyətə malik olduğunu vurğulayıb.

Milli Məclisin deputatı Rauf Əliyev görüşdə iştirak edən gənclərə təşəkkür edib. Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi altında gənclərin inkişafı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında rolunun gücləndirilməsi istiqamətində mühüm addımlar atıldığını bildirib. Qeyd edib ki, Xəzər rayonunda gənclərin sağlam həyat tərzi, idmana marağının artırılması üçün böyük işlər görülüb: “Xəzər rayonunda həyata keçirilən infrastruktur layihələri sakinlərin, o cümlədən gənclərin həyat şəraitinin yaxşılaşdırılmasına xidmət edir. Rayonda 180 min nəfərədən çox sakin yaşayır, əhalinin 40 faizini gənclər təşkil edir. Gənclərin gələcək haqqında təsəvvürlərinin formalaşmasında ölkənin həyatında baş verən yeniliklər, əldə olunmuş uğurlar həlledici rol oynayır”. Deputat fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin mühüm ictimai-siyasi hadisə olduğunu, böyük tarixi əhəmiyyət kəsb etdiyini bildirib.

Milli Məclisin deputatı Soltan Məmmədov qeyd edib ki, Ümummilli lider Heydər Əliyev Azərbaycanı gənclər ölkəsi, gəncləri isə ölkənin gələcəyi adlandırırdı. O, müstəqilliyin ilk illərində gənclərin bir çox çətinliklərlə üzləşdiyini, bu gün isə tamamilə fərqli və olduqca əlverişli şərtlərin mövcud olduğunu diqqətə çatdırıb: “90-cı illərdə Ümummilli lider Heydər Əliyev dövlət gənclər siyasətinin ideoloji əsaslarını, prioritet inkişaf istiqamətlərini müəyyən etdi. Bu gün cənab Prezident tərəfindən bu siyasət uğurla davam etdirilir. Ölkəmiz tamamilə yeni inkişaf mərhələsinə qədəm qoyub. Öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Təəssüf ki, əldə etdiyimiz tarixi nailiyyətlərdən narahat olan ölkələr var. Lakin bizim bugünkü reallıqlar haqqında aydın və məntiqli təsəvvürümüz, gələcək barədə əsaslı gözləntilərimiz var”. S. Məmmədov gənclərin ölkənin həyatında fəal iştirakı, eyni zamanda, fərdi inkişafı baxımından təhsilin əvəzolunmaz rola malik olduğunu diqqətə çatdırıb. Bildirib ki, Azərbaycanın güclü dövlət olması hər bir gəncin qarşısında böyük perspektivlər, geniş imkanlar açır.

 

Milli Məclisin deputatları görüşdə iştirak edən gənclərin beynəlxalq münasibətlər sistemində gedən proseslər, ölkənin iqtisadi, siyasi və mədəni həyatı, Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində yeniliklər, qarşıdan gələn növbədənkənar Prezident seçkiləri və digər mövzularda suallarını cavablandırıblar. Gənclərin şəxsi karyera inkişafında təhsilin əhəmiyyətini xüsusi vurğulayıblar, Azərbaycanın tarixi qələbəsindən sonra ölkəmizə qarşı təzyiqlərin artmasının səbəbləri barədə danışıblar.

Deputatlar Fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərinin tarixi əhəmiyyətə malik olduğunu, ilk dəfə Azərbaycanın bütün suveren ərazilərini əhatə edəcəyini diqqətə çatdıraraq, gəncləri səsvermədə fəal iştirak etməyə çağırıblar.