Şirvan kanalı 228 min hektar ərazinin suvarılmasına töhfə verəcək

13:02 24.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda pambıqçılığın inkişafı və kənd təsərrüfatı sahələrinin dayanıqlı su təminatının gücləndirilməsi istiqamətində iri infrastruktur layihələri həyata keçirilir.

Hafta.az yazır ki, bu fikirləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov Sabirabad rayonunda “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026–2030-cu illər üçün Dövlət Proqramı”nda pambıqçılıq sahəsində nəzərdə tutulan hədəflərə çatmaq üçün qarşıda duran vəzifələrin müzakirəsi ilə bağlı regional müşavirədə deyib.

ADSEA sədri bildirib ki, hazırda icra olunan ən böyük layihələrdən biri Şirvan suvarma kanalının yenidən qurulmasıdır. Uzunluğu 204 kilometrdən artıq olan və saniyədə 180 kubmetr su ötürmə qabiliyyətinə malik kanalın tikintisi nəticəsində ümumilikdə 228 min hektardan artıq ərazinin su təminatına mühüm töhfə veriləcək.

Onun sözlərinə görə, layihə çərçivəsində 112 min hektardan artıq mövcud əkin sahəsinin su təminatı yaxşılaşdırılacaq, əlavə olaraq 105 min hektardan artıq yeni torpaq sahəsi kənd təsərrüfatı dövriyyəsinə cəlb olunacaq. Layihə xüsusilə Kürdəmir, Hacıqabul, Zərdab və Yevlax rayonlarında pambıqçılığın inkişafı üçün yeni imkanlar yaradacaq.