Səudiyyə Ərəbistanının energetika naziri şahzadə Əbdüləziz bin Salman Yaxın Şərqdə ilk hidrogen qatarının sınaq hərəkətinin gələn həftə başlayacağını açıqlayıb.
Hafta.az-ın SPA-ya istinadən yazdığına görə, Birləşmiş Millətlər Təşkilatının (BMT) İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının Katibliyi ilə koordinasiya və əməkdaşlıq çərçivəsində Ər-Riyadda keçirilən “2023 MENA” İqlim Həftəsindəki çıxışında nazir deyib ki, Krallıq “etibarlı, şəffaf və uyğunlaşa bilən daxili mühitə start verəcək”.
“2023 MENA” İqlim Həftəsi öz işini bu gün (oktyabrın 12-də) başa çatdıracaq.
Nazirin hidrogenlə işləyən qatarın eksperimental olaraq işə salınması ilə bağlı çıxışı Səudiyyə Ərəbistanı Dəmir Yolu Şirkətinin (SAR) Fransanın Alstom şirkəti ilə müqavilə imzaladıqdan sonra ölkədə hidrogenlə işləyən qatar sınaqlarına başlanılması ilə bağlı bəyanatı ilə üst-üstə düşür.
Hidrogen qatarlarının ölkənin ətraf mühitinə və atmosferinə uyğun hala gətirilməsi, gələcəkdə istifadəyə verilməsi üçün lazımi əməliyyat təcrübələrinin və tədqiqatlarının icrası istiqamətində araşdırmalar aparılır.
Nazir bildirib ki, bu qatarların istismarı Səudiyyə Ərəbistanının dayanıqlı nəqliyyat texnologiyalarını mənimsəməkdə qətiyyətini və təşəbbüskarlığını vurğulayır. Onun sözlərinə görə, ölkəsi bərpa olunan mənbələrdən enerji istehsalında bütün imkanlarını əhatə edən hərtərəfli yanaşma tətbiq edib.
“Son illər iqlim dəyişikliyi bəşəriyyətin üzləşdiyi ən mühüm problemlərdən birinə çevrilib. Bu, bizi beynəlxalq ictimaiyyəti, xüsusən də daşqınlar, tufanlar, leysanlar və ya misli görünməmiş temperatur artımları kimi dəyişikliklərə məruz qalan dövlətləri narahat edən fenomenlə məşğul olmağa vadar etdi”, - nazir deyib.
O, həmçinin bildirib ki, Səudiyyə Ərəbistanı bərpa olunan mənbələrdən enerji, hidrogen istehsal etmək, onun paylanması və enerjisinin ötürülməsi üçün xətlər və boru kəmərləri tikmək üçün bütün imkanlarını özündə cəmləyən kompleks yanaşma tətbiq edib.