Ermənilər illərlə çalışsalar belə, Azərbaycanın hərbi üstünlüyə yiyələnə bilməzlər - Politoloq

12:01 30.09.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

2020-ci ildəki acı məğlubiyyətdən və hərbi-diplomatik iflasdan sonra Ermənistanda revanşizm meyllərinin getdikcə güclənir. Ermənistanı bölgədə gərginliyin saxlanmasına sövq edən qüvvələr kimdir və yaxud məqsəd nədir?

Politoloq Natiq Cəfərli hafta.az-a bildirib ki, bu gün Ermənistanın Azərbaycana qarşı davam edən təxribatlarının əsas səbəbləri daxildən qaynaqlanır. Onun sözlərinə görə, Azərbaycandan fərqli olaraq Ermənistanda hakimiyyətinin müxtəlif qollarına təsir edə biləcək qruplar, böyük güclər çoxdur.

Politoloq bu sırada birinci növbədə Rusiyanı  xüsusilə qeyd edərək, bu dövlətin erməni ordusuna əsas hakim olduğunu deyib.

“Digər tərəfdən, Ermənistanda bir qrup revanşistlər var ki, indi sülh müqaviləsinin bağlanmasını böyük faciə sayırlar. Və bunu gələcəkdə onların hansısa hərəkətlilik imkanlarını məhdudlaşdıracağını düşünürlər.  Onlar  sülh müqaviləsinə kifayət qədər aqressiv yanaşırlar. Çünki düşünürlər ki, 5-10 il sülhü uzatsalar hardansa silahlar, müttəfiqlər tapıb  yenidən revanş əldə edə bilərlər”. 

N.Cəfərli Ermənistanın hardansa silah alması ilə bağlı mümkün mülahizələrə də diqqət çəkib. Onun fikrincə, Ermənistan ayrıca bir dövlət kimi silah ala bilər. Azərbaycan buna hər hansısa formada maneə törətmir. Politoloq bununla yanaşı mühüm məqama diqqət çəkib.

“Azərbaycanın həm silahlı qüvvələri, ordusu və silahla təhcizatı Ermənistandan bəlkə də 10-20-dəfə üstündür. Ermənilər bundan sonra illərlə çalışsalar belə Azərbaycanın çatdığı hərbi üstünlüyə yiyələnə bilməzlər.  Məlumdur ki, Azərbaycanın qurduğu ittifaqlar da var. Faktiki olaraq Şuşa Bəyannaməsi Azərbaycanı Türkiyə ilə hərbi müttəfiqə çevirib. Bunun özü də Ermənistan üçün keçilməz bir maneədir”.

Oxunma sayı 1080