“Ermənistandakı ənənəvi müxalifət hələlik keşiş Baqratı önə verib Paşinyan hakimiyyətinə qarşı müəyyən rezonans doğuran kütləvi etiraz aksiyaları təşkil edə bilsə də, onun erməni cəmiyyəti arasında faktiki ciddi bir dəstəyi yoxdur. Eyni zamanda Ermənistanın bəzi dairələrində belə bir ümid formalaşmaqdadır ki, guya siyasi meydana hansısa bir “üçüncü qüvvə” çıxmalıdır. Əvvəl belə ehtimallar var idi ki, guya son etirazların təşkilatçısı olan keşiş Baqrat elə həmin “üçüncü qüvvədir”. Amma sonradan bəlli oldu ki, əslində bir revanşist, “mübariz”, “baş nazirliyə namizəd” olan keşişi ortalığa atmaq keçmişdə Ermənistan iqtidarında olmuş hazırkı real müxalif qüvvələrin, yəni Sərkisyan və Köçəryanların, belə deyək, bir variantıdır”.
Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov bu fikirləri hafta.az-a açıqlamasında Ermənistandakı son ictimai-siyasi durumdan danışarkən söyləyib.
“Digər tərəfdən, həmin “baş nazirliyə namizəd”in Ermənistan toplumu üçün təklif etdiyi “Paşinyan hakimiyyətini devirdikdən sonra Qarabağ uğrunda vuruşub onu geri almaq” kimi revanşist model artıq son onilliklərdə bir neçə dəfə sınaqdan çıxarılıb. Və bəlli olub ki, Azərbaycanın 2020-ci ilin 44 günlük savaşındakı qələbəsindən sonra heç kəs o modeli qəbul etmir. Həmin müharibədən sonra - 2021-ci ildəki seçkilərdə də Paşinyanın qalib gəlməsi bir daha sübut etdi ki, ermənilərin böyük əksəriyyəti Azərbaycanla müharibə etmək, Qarabağ uğrunda mənasız savaşa qatılmaq istəmir. Son 30 ildəki proseslər Ermənistan dövlətçiliyini dağılmaq təhlükəsi qarşısında qoyub – erməni cəmiyyəti bunu da aydın dərk edir. Bütün bunları və digər faktorları nəzərə alaraq inanmıram ki, hazırkı etirazlardan sonra Ermənistanda nəsə ciddi bir dəyişiklik ola bilər. Çünki bəlli olur ki, artıq erməniləri hansısa “Böyük Ermənistan” kimi xülyalarla aldatmaq mümkün deyil”, -deyə davamında sabiq baş diplomat vurğulayıb.