“Xankəndi-Bakı birbaşa təmasları indi həm Ermənistanı, həm də separatçıları düşündürən mövzudur və bütün siyasət bunun üzərində qurulub. Artıq daha çox dərk etməyə başlayıblar ki, Azərbaycanla təmasların, danışıqlar aparmağın alternativi yoxdur”.
Bu fikri hafta.az-a açıqlamasında Azərbaycanın Yuxarı Qarabağ torpağında artıq 33-cü ildir qondarılmış separatçı-terrorçu rejim rəhbərliyində baş verən son dəyişiklikləri şərh edən ermənişünas alim Qafar Çaxmaqlı ifadə edib.
“Ermənistandakı revanşistlərin də, müxalif kəsim hesab olunan, gah Qərbə, gah da Rusiyaya meyillənən qüvvələrin də ölkədə köklü dəyişiklik etmək imkanları yoxdur. Baş separatçı Araik Arutyunyanın vəzifədən getməsi də Qarabağ klanının hansısa proyekti deyildi, onlar Azərbaycanın danışıqlar prosesində qəbul edəcəyi adam axtarmaqdadırlar. Ehtimal ki, Ermənistanda Paşinyanın yerinə də beləsinin "axtarışı" baş versin. Amma Paşinyanı devirməyə qədər gedib çıxan heç bir olay baş verə bilməz. Paşinyan Qərb üçün də, Rusiya üçün də, hətta Azərbaycan üçün də ən məqbul variantdır. Daha bir hakimiyyət böhranı Ermənistanı bir dövlət kimi tarix səhnəsindən silə bilər. Bunu Ermənistan toplumu artıq dərk etmiş və Azərbaycanla, Türkiyə ilə münasibətlərin normallaşmasının alternativinin olmadığı da hər keçən gün ortaya çıxmaqdadır”,- deyə Qafar Çaxmaqlı davamında vurğulayıb.