Ermənistanın dəhliz oyunu - Müzakirə

13:50 17.06.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallıqlar geosiyasi məsələlərə də təsirsiz ötüşmür. Qarabağ probleminin həllindən sonra Qara dəniz-Xəzər dənizi-Mərkəzi Asiya regionlarında, bütövlükdə Türk dünyasında inkişafın yeni mərhələsinə keçmək üçün real şanslar yaranıb. Belə ki, ötən il noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında imzalanmış üçtərəfli bəyanat həm də Cənubi Qafqazda nəqliyyat əlaqələrinin bərpasını nəzərdə tutur.

Xatırladaq ki, üçtərəfli bəyannamənin 9-cu maddəsi bu əlaqələrin bərpasını nəzərdə tutur. Həmin maddədə qeyd edilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa olunmalıdır. Elə həmin maddəyə əsasən, Ermənistan Azərbaycanın qərb bölgəsi ilə Naxçıvan Muxtar Respublikası arasında Zəngəzur dəhlizi vasitəsilə nəqliyyat əlaqəsinə zəmanət verir. Aradan 8 ay keçməsinə baxmayaraq, Ermənistan Zəngəzur dəhlizi məsələsinin həllinə tələsmir. Ermənistan tərəfi kommunikasiyaların açılması ilə bağlı nəzərdə tutulan addımları atmaqdan yayınmağa çalışır. Belə ki, İrəvan Azərbaycanın əsas ərazisi ilə Naxçıvanın birləşməsi üçün şimal dəhlizi (Qazax-İcevan-İrəvan-Naxçıvan) istiqamətindəki dəmir yolu xəttinin işə salınmasını istəyir. Azərbaycan isə daha qısa və sərfəli Zəngilan-Mehri-Naxçıvan marşrutuna üstünlük verir.

Maraqlıdır, görəsən, Zəngəzur və şimal dəhlizi arasında iqtisadi cəhətdən ən sərfəlisi hansıdır? Hər iki marşrutun işləmə potensialı varmı?

Analitiklərin fikrincə, əslində şimal dəhlizini ortaya atmaqla ermənilər Azərbaycanın Naxçıvan və onun vasitəsilə Türkiyə ilə qısa nəqliyyat əlaqəsinin qurulmasına mane olmağa çalışırlar. Bu marşrut dəhliz statusu almaqla, Rusiya tərəfinin müdafiəsi altına düşəcək. Rusiyanın təhlükəsizliyinə təminat verdiyi dəhlizin fəaliyyətinə Ermənistan heç vaxt mane ola bilməyəcək. Qazax-İcevan-İrəvan-Mehri marşrutu isə Ermənistan dəmiryol şəbəkəsinin tərkib hissəsi olmaqla ayrıca dəhliz statusuna malik olmayacaq. Digər tərəfdən, bu marşrutla yükdaşımaların artırılması üçün Ermənistan dəmir yoluna əlavə vəsait qoyuluşuna ehtiyac yaranacaq. Ermənilər bu vəsaitlərin Azərbaycan və ya Rusiya tərəfindən qoyulmasına nail olmağa çalışırlar.

Mütəxəssislər hesab edirlər ki, Azərbaycanın Qarabağda əldə etdiyi tarixi qələbə həm də Türkiyəyə Naxçıvan üzərindən Orta Asiya və Sakit okeana uzanan starteji dəhliz qazandırıb. Bu dəhlizlə enerji və ticarət yolları kökündən dəyişəcək. Belə ki, Türkiyə İranla 1996-cı ildə imzalanan qaz satış müqaviləsinə görə min kubmetr üçün 490 dollar ödəyir. Əgər qaz Azərbaycandan tədarük edilərsə, bu məbləğ 335 dollara düşə bilər. Dəhlizin açılması ilə Azərbaycanın Naxçıvana qaz göndərmək üçün İrana ödədiyi 15 faiz komissiya haqqı ortadan qalxa bilər. Türkmənistandan Türkiyəyə çəkilişi planlaşdırılsa da, 2017-ci ildə maliyyə anlaşmazlığından dondurulan boru kəməri layihəsi Azərbaycandan Türkiyəyə çəkilə bilər.Trans-Xəzər boru kəməri layihəsi yenidən gündəmə gələrsə, Azərbaycan-Gürcüstan-Türkiyə arasındakı mövcud kəmərlərlə türkmən qazı Avropaya çatdırıla bilər. Bundan başqa, İran və Ermənistan arasındakı boru kəmərinin əhəmiyyəti itəcək. Türkiyə Orta Asiyadan Çinə uzanan yeni logistik kanala sahib olacaq.

Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı müddəa

Yeri gəlmişkən, iyunun 15-də Şuşa şəhərində Azərbaycan və Türkiyə Prezidentləri arasında imzalanmış Şuşa Bəyannaməsində Zəngəzur dəhlizi ilə bağlı da müddəa yer alıb. Bəyannamədə qeyd olunur ki, Azərbaycan və Türkiyə iki ölkənin ərazisindən keçən Şərq-Qərb/Orta beynəlxalq nəqliyyat dəhlizinin rəqabət qabiliyyətinin artırılması məqsədilə qarşılıqlı əməkdaşlığı möhkəmləndirəcəklər. Azərbaycan və Türkiyə intellektual nəqliyyat sistemləri texnologiyalarından istifadə etməklə beynəlxalq nəqliyyat dəhlizlərinin Azərbaycan-Türkiyə hissələrində tranzit-nəqliyyat potensialını daha da inkişaf etdirəcəklər.

Tərəflər Azərbaycan və Türkiyəni birləşdirən Azərbaycan Respublikasının qərb rayonları ilə Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikası arasında dəhlizin (Zəngəzur dəhlizi) açılmasının və həmin dəhlizin davamı kimi Naxçıvan-Qars dəmir yolunun tikintisinin iki ölkə arasında nəqliyyat-kommunikasiya əlaqələrinin intensivləşməsinə mühüm töhfə verəcəyini qeyd edirlər.

Prezident İlham Əliyev bununla bağlı vurğulayıb ki, Bəyannamədə Zəngəzur dəhlizinin açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapmışdır: “Bu da İkinci Qarabağ savaşından sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. Bu gün biz Türkiyə ilə Azərbaycanı dəmir yolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli, praktiki işlərlə bu dəhlizi yaradırıq. Müttəfiqlik haqqında imzalanmış birgə Bəyannamədə bu məsələnin əks olunması böyük məna daşıyır”.

Ermənilər bu oyunları özbaşına oynamırlar

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisadçı-alim, sabiq maliyyə naziri Fikrət Yusifov hesab edir ki, hazırkı mərhələdə Ermənistanın Azərbaycanla nəqliyyat-kommunikasiya əlaqələrini açmaq niyyəti yoxdur:

“Əslində ermənilər bu gün Azərbaycanla hər hansı bir nəqliyyat kommunikasiyasının açılmasını istəmirlər. Bu səbəbdən də dəmiryol dəhlizinin 10 noyabr bəyannaməsi ilə müəyyən olunmuş Mehri xətti ilə deyil, İcevan üzərindən açılmasına təkid edirlər. Heç şübhəsiz, sabah Azərbaycan tərəf buna razılıq versə, onda ermənilər bizim üçün bundan daha uyğunsuz bir marşrut təklif etməklə məsələnin həllinə əngəl yaradacaqlar. Ermənilər Azərbaycanla Türkiyə arasında nəqliyyat əlaqələrinin qurulmasına heç vaxt özbaşına getməyəcəklər. Onları buna məcbur etmək lazımdır”.

Ekspert bildirir ki, əslində Ermənistan üçtərəfli razılaşmanın icrasına özbaşına maneə yaratmır: “Onlara Şimal sahibləri, Rusiya nə deyirsə, onu da edirlər. Bu gün ermənilərin ali məqsədi hansı yolla olursa-olsun, Azərbaycandan biabırçı məğlubiyyətin qisasını almaqdır. Ona görə də bütün bu dəhliz söhbətləri vaxt udmaq üçün bəhanədir. Biz də Türkiyə ilə birlikdə bunun fərqində olmalıyıq. Unutmayaq ki, Vətən müharibəsində ermənilərin acınacaqlı məğlubiyyətini tək onların özləri deyil, həm də böyük qardaşları və sahibləri olan ruslar da həzm edə bilməyiblər”.

F. Yusifov bildirir ki, Zəngəzur dəhlizinin siyasi-iqtisadi dividendləri kifayət qədər böyükdür: “Türk coğrafiyası bu dəhliz sayəsində birləşir. Bu dəhliz sayəsində Azərbaycan və Türkiyə arasındakı məsafə 400 kilometrə qədər qısalır. Dəhlizin istifadəyə verilməsi ilə bölgə ölkələri – Rusiya, Azərbaycan, Türkiyə, İran və Ermənistan arasında iqtisadi əlaqələrdə maneə qalmayacaq. Eyni zamanda, Prezident İlham Əliyevin bəyan etdiyi kimi, Avrasiyanın yeni bir nəqliyyat damarı açıla bilər. Mövcud nəqliyyat və enerji infrastrukturu bu imkanı daha da genişləndirir”.

Ekspert qeyd edir ki, əməkdaşlıq və nəqliyyat baxımından Zəngəzur dəhlizinin yaradılması Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan sənədlər arasında ən mühüm məsələlərdən biridir: “Zəngəzur dəhlizi bütün region ölkələrinin maraqlarına xidmət edir. Azərbaycan bu minvalla Zəngəzur dəhlizin yaradılmasını və nəqliyyat əlaqələrinin bərpasını qətiyyətlə dəstəkləyir. Dəhliz, həmçinin Azərbaycan-Türkiyə münasibətlərini daha möhkəmləndirəcək, eyni zamanda, Naxçıvan Muxtar Respublikası ilə Türkiyə arasında əlaqələri də gücləndirəcək, ölkəmizin geoiqtisadi əhəmiyyəti daha da artıracaq. Türkiyə bu dəhlizdən istifadə edərək əsas iqtisadi tərəfdaşlarından biri olan Azərbaycana birbaşa quru yolu əldə edəcək.  Digər tərəfdən, Zəngəzur dəhlizi həm də Türkiyə üçün Orta Asiyaya bir ticarət qapısı rolunu oynayacaq və bu ölkənin türk dünyası ilə iqtisadi əlaqələrini gücləndirməsinə imkan verəcək. Bu, Türk dünyasının birləşməsi deməkdir. Şübhəsiz ki, Zəngəzur dəhlizinin istifadəyə verilməsi eyni zamanda, regionun nəqliyyat qovşaqlarının mərkəzinə çevrilmiş Azərbaycanın nüfuzunu daha da gücləndirəcək”.

F. Yusifov vurğulayır ki, Zəngəzur dəhlizi, həmçinin  Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi və Orta dəhliz kimi beynəlxalq nəqliyyat dəhlizləri daxilində bölgənin əhəmiyyətini daha da artıracaq. Dəhlizin açılması bölgədə davamlı sülhün və təhlükəsizliyin qorunub saxlanmasına əhəmiyyətli dərəcədə təsir göstərəcək.

Zəngəzur dəhlizi Ermənistan üçün də əlverişlidir

Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev də bildirib ki, Ermənistan Zərgəzur dəhlizini yubatmaqla ancaq özünə zərər vurur:

“Zəngəzur dəhlizi beynəlxalq əhəmiyyətli nəqliyyat qovşağıdır. Biz sovet dövründə həm Zəngəzur dəhlizindən, həm də Qazax-İcevan istiqamətindən Naxçıvana gedirdik. Hələ o dövrü müqayisə etsək, Zəngəzur dəhlizi həm sadə vətəndaşlar, həm də yükdaşıma üçün daha sərfəli idi. Biz Zəngəzur dəhlizi vasitəsilə 30 dəqiqəyə Naxçıvana çatırdıq. Qazax-İcevan istiqaməti həm məsafə baxımından böyükdür, həm də həmin istiqamətdə yollar həddindən artıq dardır. Zəngəzur dəhlizi təkcə Azərbaycan üçün deyil, Ermənistan üçün də əlverişlidir.  Ermənistanın hazırda onun müttəfiqi olan Rusiya ilə dəmir yolu əlaqəsi yoxdur. Bu dəmir yolu əlaqəsi Azərbaycan ərazisindən yarana bilər. Ermənistanın onun qonşusu olan İranla dəmir yolu əlaqəsi yoxdur. Naxçıvan vasitəsilə bu dəmir yolu təmin edilə bilər. Ermənistanın dəmir yolu ilə Rusiyaya, İrana və potensial olaraq Türkiyəyə çıxışı olacaq. Bu, əlbəttə ki, ölkənin inkişafı üçün əlavə imkanlar yaradacaq. Əslində bu, Ermənistanın blokadadan çıxması deməkdir. Onlar başlarına vurmalıdırlar ki, bu marşrutdan kənar qalsalar, indiki vəziyyətdən də ağır durumlara düşəcəklər. Bir məsələni də vurğulayım ki, bu dəhliz beynəlxalq səviyyəli bir xəttdir. O xətt Çar Rusiyasının vaxtından mövcuddur. Ona görə  Ermənistan nə qədər etiraz etsə də, dəhlizin açılmasına mane ola bilməyəcək. Sadəcə, bu ölkəni idarə edən oyunçular Ermənistanı başa salmalıdır ki, dəhlizin açılmasına dəstək verməyi yubatmaqla özünü oyundan kənarda qoyacaq. Hazırda bu dəhlizin açılmasında təkcə Azərbaycan və Türkiyə deyil, bütün supergüclər maraqlıdır”.

Oxunma sayı 1461