Fransa Ermənistana oyuncaq “Bastion”lar hədiyyə edir - TƏHLIL

10:54 14.11.2023 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

44 günlük Vətən müharibəsində ağır məğlubiyyətə uğrayaraq bütün hərbi imkanlarını tükədən Ermənistan Qərbin “şirin” dilinə aldanaraq Azərbaycanla sülh müqaviləsi imzalamaqdan imtina edir, həmçinin özünün 30 illik ağası Rusiyaya qarşı demarşını davam etdirir.

Bu işdə ən böyük dəstəkçisi isə dünya siyasətində aldığı acı diplomatik məğlubiyyətlərlə heç bir konkret hədəfi olmayan Fransadır. Daha doğrusu, buradakı erməni lobbisinin əsirinə çevrilən fransız hökuməti.    

Sirr deyil ki, Paris illər boyu ermənilərin Azərbaycan torpaqlarının işğalını sürdürməsinin gizli dəstəkçisi olub. Lakin Azərbaycanın tarixi zəfəri Fransanın əsl simasını ortaya qoyub. “Uğurlu gələcək, Avropaya inteqrasiya, Qərb sərmayəsi” kimi aldadıcı vədlərlə bu gün Cənubi Qafqazdakı mövcud reallığı və sülh imkanlarını sıfıra endirməyə çalışan Fransa nümayişkəranə şəkildə Ermənistanı silahlındıracağını bəyan edib.

Nümunə sayıla biləcək sayda hava hücumundan müdafiə sistemləri vəd edən Paris indi də İrəvana köhnəlmiş və heç bir işə yaramayan “Bastion” döyüş maşınları göndərir. Hansı ki, bununla bağlı xəbərlərin yayıldığı elə ilk gündəcə Fransa mətbuatı həmin maşınların öncə Ukraynaya təklif edildiyini, lakin Kiyevin bu maşınlardan yararsız və real döyüş şəraitində dözümsüz olduğunu əsas gətirərək imtina etdiyinə dair məlumatlar dərc edildi.

İndi isə, İrəvanda Paşinyan hökuməti yararsız silahların alışını “piar”a çevirərək Ermənistanın Qərb silahlarına sahib olduğunu bəyan edir. Əslində isə, İrəvanın bu addımları elə ölkə daxilində gülünc vəziyyət yaradıb. Rəqibləri Paşinyanın Fransadan silah-sursat alışını Rusiyadan raketləri və hərbi təchizatı olmayan “Su-30” qırıcılarının alışı prosesi ilə müqayisə edirlər.

Təbii ki, hər nə qədər yararsız və zəif olduğu iddia edilsə də, Fransanın məlum addımları bölgədə sülh imkanlarını təhdid edir. Parisin diktəsi ilə aparılan “piar” kampaniyası isə, İrəvanda yenidən revanşist qüvvələrin baş qaldırmasına, Azərbaycanın milli maraqlarını təhdid etməsinə doğru aparır. Bu gediş isə bölgədə yenidən gərginliyin artması, Azərbaycanı yeni müharibəyə təhrik etməyə hesablanıb. Çünki, istər 44 günlük Vətən müharibəsi, istərsə də antiterror tədbirləri zamanı aparılan hərbi əməliyyatlar Azərbaycanın beynəlxalq hüquq tərəfindən tanınan, hətta Parisin belə qəbul etmək məcbriyyətində qaldığı suveren ərazilərimizdə və sərhədlərimiz daxilində həyata keçirilmişdi. İndiki gərginlik fonunda isə toqquşmaların sərhəddə yaşanacağı heç kimə sirr deyil. Qarabağ ermənilərinin könüllü köçü ilə bağlı “etnik təmizləmə” oyununun və ittihamlarının da puç olduğunu nəzərə alsaq, Paris Cənubi Qafqazda yeni məkrli planlar qurur, deyə bilərik. Məqsəd isə, sülhü əngəlləmək, hərbi toqquşmalara rəvac verməklə üç dəfə BMT-də uğradığı həzimətin, Bakının Fransanın müstəmləkəçilik siyasətinin ifşası ilə bağlı həyata keçirdiyi tədbirlərin «qisası»nı bu dəfə «Ermənistana təcavüz» adı ilə Azərbaycana qarşı növbəti səlib yürüşü həyata keçirtməklə almaq istəyir.

Lakin Bakı hər zaman olduğu kimi, prosesləri diqqətlə izləyir, lazımi anda və məqamda öz sözünü deməyi bacarır. Ermənistan isə yenə də, özünün ənənəi siyasətinə sadiq qaldığı üçün Bakının ona təklif etdiyi imkanlardan məhrum olur. Elə, «Zəngəzur dəhlizi» layihəsində olduğu kimi. Qərbin yağlı vədləri ilə bağlı isə, artıq bir çox təcrübə mövcuddur. Elə bu silahların Ermənstana daşınmasına icazə verən qonşumuz Gürgüstan və Qərbin vəd etdiyi dəstəkdən artıq məhrum olmaq təhlükəsi ilə üz-üzə qalmış Ukrayna kimi...

Ləman Əliyeva