ABŞ İranı hansı şərtlərlə müttəfiqinə çevirdi? - Şərh

11:07 24.06.2026 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

"Dünyada gedən proseslər, konfliktlər və müharibələr ayrı-ayrılıqda təhlil olunsa da, onların mahiyyəti eynidir - qlobal hökmranlıq və iqtisadi resurslara nəzarət uğrunda mübarizə".

Bunu Hafta.az-a şərhində siyasi ekspert Vüqar Dadaşov bildirib. Onun fikrincə, bu gün Avrasiya məkanına, daha doğrusu, Uzaq Şərqdən Yaxın Şərqə uzanan coğrafiyaya nəzarət dünya iqtisadiyyatına və siyasi üstünlüyə nəzarət deməkdir. Buna görə də əsas geosiyasi qarşıdurma ABŞ ilə Çin arasında gedir. Rusiya isə artıq dünya nizamını müəyyən edən əsas güc statusunu böyük ölçüdə itirib.

"ABŞ-ın Venesuela, İran və Rusiyaya qarşı siyasətinin əsasında da Çinin enerji təminatını nəzarət altına almaq məqsədi dayanır. İran, Venesuela və Rusiya Çinin əsas enerji mənbələridir. Bu ölkələrin enerji resurslarına nəzarət isə faktiki olaraq Çinə nəzarət deməkdir. ABŞ-ın İrana qarşı son hərbi əməliyyatları və sonrakı memorandum göstərir ki, əsas məsələ yenə də enerji resurslarıdır. Pərdəarxası razılaşmaların mahiyyəti İran neftinin ixracına nəzarəti ələ keçirmək, Çinin enerji təminatını məhdudlaşdırmaq və qlobal enerji bazarlarını ABŞ-ın strateji maraqlarına uyğun formalaşdırmaqdır", - ekspert bildirib.

V.Dadaşov vurğulayıb ki, XXI əsrdə enerji resurslarına nəzarət edən güc dünya iqtisadiyyatına və qlobal siyasi proseslərə də nəzarət edir. Digər tərəfdən, ABŞ Ukrayna istiqamətində də əsas məqsədlərinin mühüm hissəsinə nail olub. Ukraynanın zəngin təbii sərvətləri və nadir metallarının gələcək istismarı ilə bağlı əldə olunmuş razılaşmalar Vaşinqtonun geosiyasi və iqtisadi mövqelərini daha da gücləndirib.

"Bunun fonunda Rusiya getdikcə daha mürəkkəb vəziyyətə düşür. Qeyd etmək lazımdır ki, son üç yüz ildə Rusiya imperiyasını birbaşa hərbi güclə məğlub etmək demək olar ki, mümkün olmayıb. Ancaq tarix göstərir ki, Rusiya hərbi meydanda deyil, məhz apardığı böyük müharibələrin yaratdığı daxili siyasi, iqtisadi və sosial böhranların nəticəsində zəifləyib",- o, deyib.

Birinci Dünya müharibəsindən sonra Rusiya imperiyasının daxildən dağıldığını qeyd edən ekspert vurğulayıb ki, soyuq müharibənin sonunda isə SSRİ hərbi məğlubiyyət nəticəsində deyil, iqtisadi və siyasi tənəzzül səbəbindən parçalandı:

"Bu gün də oxşar proseslər gedir. Ancaq burada mühüm bir məqam var. ABŞ və Avropa Rusiyanın zəifləməsində maraqlı olsalar da, onun tam parçalanmasına qarşıdır. Çünki Rusiyanın parçalanmasından ən çox fayda əldə edə biləcək dövlət Çindir. Zəifləmiş və hissələrə bölünmüş Rusiyanın nəhəng təbii sərvətləri, enerji ehtiyatları və geniş coğrafiyası Pekinin təsir dairəsinə keçmə ehtimalı daha çoxdur.

Lakin proseslərin inkişaf istiqaməti göstərir ki, Rusiya-Ukrayna müharibəsi yalnız Ukraynanın taleyi ilə bağlı deyil. Bu müharibə, əslində, XXI əsrdə dünya nizamının, enerji marşrutlarının və Avrasiya məkanının yenidən bölüşdürülməsi uğrunda gedən qlobal qarşıdurmanın tərkib hissəsidir. Və artıq Ukrayna Rusiya üzərində ciddi qələbələr əldə edir. Hətta Ukrayna Prezidenti Zelenskinin Rusiyanın ən əsas müttəfiqi olan Belarusu Rusiyaya yardımdan imtina etməyə çağıraraq ultimatum verməsi və faktiki olaraq müharibə ilə hədələməsi, Lukaşenkonun isə aciz və çarəsiz durumu bütövlükdə Rusiyanın tarixi süqutunun açıq sübutudur. Ancaq Rusiya işğal etdiyi Ukrayna torpaqlarını geri qaytarmaqla öz parçalanmasının qarşısını ala bilər. Sözsüz ki, ABŞ Rusiyanın bütövlüyünü qorumaq məcburiyyətindədir, ancaq Çinlə məsələni həll edənə qədər".

V.Dadaşov hesab edir ki, Çin və Rusiya ABŞ-ın strateji planlarından xəbərdar olduqlarından təbii müttəfiqlərə çevriliblər. İrana gəldikdə isə, Tehran və Vaşinqton arasında zahirən siyasi çəkişmə davam etsə də, İran nefti və enerji ixracı ABŞ-ın strateji maraqlarına uyğun həyata keçiriləcək:

"Əslində, Hörmüz boğazının ödənişli və nəzarətli sistemə keçməsi ABŞ və İranın ortaq maraqlarına xidmət edir. Bu halda Körfəz ölkələrindən nəinki Çinə, bütövlükdə dünyaya neft və qaz ixracı da nəzarət altına alınır.

Sözsüz ki, İran Vaşinqtonun tələbləri ilə razılaşmasaydı, ABŞ-ın NATO müttəfiqləri ilə birlikdə İrana qarşı genişmiqyaslı müharibə aparacağı şübhəsiz idi. Məhz bu səbəbdən də İrana qalib görüntüsü hədiyyə edilir.

ABŞ Prezidenti Donald Trampın G7 sammitində Ukraynanı dəstəkləmək üçün Avropa liderləri ilə razılığa gəlməsi də Qərbin qlobal planları üzrə əldə olunmuş razılaşmanın sübutudur".

 

Siyasət rubrikasından digər xəbərlər