“Vasudhaiva Kutumbakam” – iki sözdən ibarət bu ifadə dərin bir fəlsəfəni əhatə edir. O, “Dünya bir ailədir” mənasını daşıyır. Bu elə bir hərtərəfli dünyagörüşüdür ki, bizi sərhədləri, dilləri və ideologiyaları aşaraq vahid cahanşümul ailə kimi tərəqqiyə təşviq edir. Hindistanın “Böyük iyirmilik”də sədrliyi dövründə bu dünyagörüşü insan mərkəzli tərəqqiyə çağırışa çevrildi. Vahid dünya olaraq biz planetimizi qidalandırmaq üçün bir araya gəlirik. Vahid ailə olaraq inkişaf yolunda bir-birimizi dəstəkləyirik və birgə gələcəyə – vahid gələcəyə – doğru birlikdə hərəkət edirik ki, bu da əlaqəli dövrümüzdə danılmaz bir həqiqətdir.
Hafta.az-ın yazdığına görə, bu sözlər Hindistanın Baş naziri Narendra Modinin bu ölkənin Azərbaycandakı səfirliyindən Hafta.az-a daxil olan məqaləsində deyilir. Qeyd olunur ki, pandemiyadan sonrakı dünya nizamı ondan əvvəlki dünyadan çox fərqlənir. Burada üç mühüm dəyişiklik nəzərə çarpır.
“Birincisi, dünya üzrə ÜDM mərkəzli baxışdan insan mərkəzli baxışa keçidə ehtiyacın olduğu getdikcə daha çox başa düşülür. İkincisi, dünya qlobal təchizat zəncirlərində davamlılığın və etibarlılığın vacibliyini dərk edilir. Üçüncüsü, qlobal institutların islahatı vasitəsilə multilateralizmi gücləndirmək üçün kollektiv çağırış izlənilir. “Böyük iyirmilik”də sədrliyimiz bu dəyişikliklər üçün katalizator rolunu oynayıb. 2022-ci ilin dekabrında İndoneziyadan sədrliyi təhvil alan zaman yazırdım ki, zehniyyət dəyişikliyi “G20” tərəfindən sürətləndirilməlidir. Bu, xüsusilə inkişaf etməkdə olan ölkələrin, Qlobal Cənubun və Afrikanın marjinallaşmış istəklərinin aktuallaşması kontekstində baş verməli idi”, - məqalədə yazılır.

2023-cü ilin yanvarında 125 ölkənin iştirak ilə baş tutmuş “Qlobal Cənubun Səsi” Zirvə Toplantısı sədrliyimiz dövründə ən qabaqcıl təşəbbüslərdən biri olduğunu qeyd edən Baş nazir əlavə edib ki, bu, Qlobal Cənubdan fikir və ideyaları toplamaq üçün vacib tədbir idi. Bundan əlavə, Hindistanın sədrliyi Afrikadan böyük sayda ölkələrin iştirakının şahidi olmaqla yanaşı, Afrika İttifaqının “G20”yə daimi üzv kimi qoşulmasına təkan verib.
“Əlaqəli dünya o deməkdir ki, müxtəlif sahələr üzrə problemlərimiz bir-birinə bağlıdır. 2030-cu il gündəliyinə nail olmaq üçün müddətin artıq yarısı arxada qalır və bir çoxları Dayanıqlı İnkişaf Məqsədləri (DİM) üzrə irəliləyişin gerilədiyini böyük narahatlıqla qeyd edirlər. Dayanıqlı İnkişaf Məqsədlərində irəliləyişin sürətləndirilməsi üzrə “Böyük iyirmilər”in qəbul etdiyi 2023-cü ilin fəaliyyət planı DİM-lərin həyata keçirilməsində “G20”nin gələcək fəaliyyətini istiqamətləndirəcək” deyilən məqalədə bildirilir ki, Hindistanda təbiətlə harmoniyada yaşamaq qədim zamanlardan adət olub və bu gün də onlar iqlim dəyişikliyi ilə mübarizəyə öz töhvələrini verirlər.
Cənab Modi qeyd edib ki, Qlobal Cənubun bir çox ölkələri inkişafın müxtəlif mərhələlərində dayanırlar və iqlim dəyişikliyi ilə mübarizə tamamlayıcı xarakter daşımalıdır. İqlimlə bağlı fəaliyyət iddiaları iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsi və texnologiya transferi ilə müşayiət olunmalıdır.
Baş nazir hesab edir ki, nəyin edilə bilmədiyinə dair sırf məhdudlaşdırıcı münasibətdən uzaqlaşaraq, iqlim dəyişikliyi ilə mübarizə üçün nə edilə biləcəyinə yönələn daha konstruktiv yanaşmaya keçid etməyə ehtiyac var.

Məqalədə deyilir ki, Yüksək Səviyyəli Çennay Prinsipləri Davamlı və Dayanıqlı Mavi İqtisadiyyat üçün okeanlarımızı qorumağa yönəlib.
“Sədrliyimiz altında qlobal təmiz və yaşıl hidrogen ekosistemi, həmçinin Yaşıl Hidrogen İnnovasiya Mərkəzi yaranacaq. 2015-ci ildə biz Beynəlxalq Günəş Alyansını yaratdıq. İndi isə Qlobal Bioyanacaq Alyansı vasitəsilə dövri iqtisadiyyatın faydalarına uyğun olaraq energetika keçidini təmin etmək üçün dünyaya dəstək verəcəyik” yazan Narendra Modi bildirib ki, iqlim dəyişikliyi ilə mübarizə fəaliyyətinin demokratikləşdirilməsi bu hərəkata təkan verməyin ən yaxşı yoludur. Fərdlər özlərinin uzunmüddətli sağlamlıqlarına əsaslanaraq gündəlik qərarlar qəbul etdikləri kimi, planetin uzunmüddətli sağlamlığına təsirə əsaslanaraq öz həyat tərzləri ilə bağlı qərarlar verə bilərlər. Yoqa sağlamlıq üçün qlobal kütləvi hərəkata çevrildiyi kimi, Hindistan dünyanı Davamlı Ətraf Mühit üçün Həyat Tərzlərini (LiFE) yaratmağa dəvət edib.
Məqalədə qeyd olunur: “İqlim dəyişikliyinin təsiri ilə əlaqədar qida təhlükəsizliyinin təmin edilməsi mühüm əhəmiyyət kəsb edəcək. Darılar və ya “Şri Anna” bu işdə kömək göstərə, eyni zamanda iqlim baxımından ağıllı kənd təsərrüfatının inkişafına kömək edə bilər. Beynəlxalq Darı İlində biz darıları dadmaq üçün bütün dünyaya təqdim etdik. Qida Təhlükəsizliyi və Qidalanma üzrə Yüksək Səviyyəli Dekkan Prinsipləri də bu istiqamətdə faydalıdır. Texnologiyalar cəmiyyəti dəyişdirə bilər, lakin onların inklüziv olması lazımdır. Keçmişdə texnoloji tərəqqi cəmiyyətin bütün təbəqələrinə eyni dərəcədə fayda verməyib. Hindistan son bir neçə ildə texnologiyanın bərabərsizliyi genişləndirmək yox, onu daraltmaq üçün necə istifadə edilə biləcəyini göstərdi. Məsələn, dünyada bank xidmətlərindən faydalana bilməyən və ya rəqəmsal identifikasiyası olmayan milyardlarla insan rəqəmsal ictimai infrastruktur (DPI) vasitəsilə maliyyə sahəsinə daxil edilə bilər. Rəqəmsal ictimai infrastrukturdan istifadə edərək qurduğumuz həllər artıq qlobal səviyyədə tanınır. Biz “Böyük iyirmilik” vasitəsilə inkişaf etməkdə olan ölkələrə inklüziv inkişafın gücünü aşkara çıxarmaq üçün rəqəmsal ictimai infrastrukturu uyğunlaşdırmağa, qurmağa və böyütməyə kömək edəcəyik”.
Hindistanın ən sürətlə inkişaf edən böyük iqtisadiyyata çevrilməsinin təsadüfi olmadığı qeyd edilən məqalədə bildirilir ki, “sadə, miqyas baxımından uyğunlaşdırıla bilən və davamlı həllərimiz çətin və təcrid vəziyyətdə olan insanlara inkişaf hekayəmizi istiqamətləndirməyə imkan verir”.
Qeyd edilir ki, kosmosdan idmana, iqtisadiyyatdan sahibkarlığa qədər – hind qadınları müxtəlif sektorlarda təşəbbüsə yiyələnə biliblər. Onlar əsas vurğunu qadınların inkişafından onların rəhbərlik etdiyi inkişafa yönəldiblər. Hindistanın “G20”yə sədrliyi rəqəmsal sahədə gender fərqini aradan qaldırmaq, işçi qüvvəsində boşluqları azaltmaq, liderlik və qərar qəbuletmə prosesində qadınların daha da böyük rolunu təmin etmək üzərində işləyir.

Baş nazirin sözlərinə görə, Hindistan üçün “G20”yə sədrlik təkcə yüksək səviyyəli diplomatik səy deyil, “demokratiyanın anası” və müxtəliflik nümunəsi olaraq onlar bu təcrübənin qapılarını dünyaya açıb.
“Bu gün hər işi öz miqyasında yerinə yetirmək Hindistanla əlaqəli bir keyfiyyətdir. “G20”yə sədrliyi də istisna deyil. Bu insanların idarə etdiyi hərəkata çevrilib. Sədrlik dövrümüzün sonuna qədər Hindistan bütün ölkə üzrə 60 şəhərdə 200-dən çox görüş keçiriləcək və 125 ölkədən 100 minə yaxın nümayəndəyə ev sahibliyi edəcək. Hansı ki, heç bir ölkənin sədrlik dövrü bu qədər geniş və müxtəlif coğrafi ərazini əhatə etməyib.
“Hindistanın demoqrafiyası, demokratiyası, müxtəlifliyi və inkişafı haqqında başqasından eşitmək bir yana, bunları insanın özünün yaşaması tamamilə fərqlidir. Əminəm ki, bizim “G20” nümayəndələrimiz bunu təsdiqləyəcəklər” deyilən məqalə bu sözlərlə sonlanır: “G20”də sədrliyimiz ixtilafları aradan qaldırmağa, maneələri dağıtmağa, birliyin nifaq üzərində qələbə çaldığı və birgə taleyin təcridliyi kölgədə qoyduğu bir dünyanı qidalandıracaq əməkdaşlıq toxumlarını səpməyə çalışır. “G20”nin sədri kimi biz qlobal dialoqu daha da genişləndirmək vədini vermişik ki, hər bir kəsin səsi eşidilsin və hər bir ölkə öz töhfəsini versin. Əminəm ki, biz vədimizi fəaliyyətimiz və nəticələrlə möhkəmləndirmişik”.