Məlum olduğu kimi, Gürcüstan Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etmədi.
Görüşdən bir neçə gün öncə Gürcüstan Xarici İşlər Nazirliyi İrakli Qaribaşvili ölkəsinin platformasının ilk iclasında iştirak etməyəcəyini bildirmişdi. Xəbər verildiyi kimi, “3+3 platforması”nın növbəti iclası Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək. Türkiyəli rəsmilər indidən çalışır ki, Ankaradakı görüşdə Gürcüstan da iştirak etsin. Gözləntilər nədir, Gürcüstan Ankarada bu formata qoşulacaqmı?
Bu barədə hafta.az-a danışan politoloq Turan Rzayev hesab edir ki, Gürcüstan Ankarada keçirilən müzakirələrə qoşulacaq.
Onun sözlərinə görə, mövcud Abxaziya və Cənubi Osetiya problemləri və Rusiyanın hələ də qeyd olunan de-yure ölkələrə dəstək verməsi səbəbindən rəsmi Tiflisin “3+3 platforması” ilə bağlı qərar verməsi çətindir.
“Nəzərə almaq lazımdır ki, bu formatın təşəbbüskarı Azərbaycan və Türkiyə Prezidentləridir. Yəni Gürcüstana təklif Ankara və Bakıdan gəlib. İndiki halda həm Türkiyə, həm də Azərbaycan Gürcüstanın “3+3” formatında iştirakını arzulayır. Bu Kremldə baş tutmasa da, Ankarada baş tutmalıdır”.
Politoloq paralel olaraq Paşinyanın Tiflisi “3+3 platforması”na razı salmağa getməsi ilə bağlı müəyyən mülahizələrə də diqqət çəkib.
Türkiyə və Azərbaycan kimi, Ermənistan da Gürcüstanın “3+3 platforması”nda iştirak etməsini istəyir. Çünki Ermənistanın buna ehtiyacı var. Məsələ ondadır ki, Türkiyə ilə münasibətlərin bərpa edilməsi və Qərbə inteqrasiya baxımından bu platforma İrəvan üçün əvəzolunmaz fürsətdir. Digər tərəfdən, Rusiya və İranın da platformanı dəstəkləməsi Ermənistanı istəklərinə bir adım da yaxınlaşdırır. Lakin Gürcüstananın Moskvada “3+3” formatında keçirilən regional platformanın ilk toplantısında iştirak etməməsi İrəvanı çətin vəziyyətdə qoydu. Təsadüfi deyil ki, Ermənistanın Baş naziri Nikol Paşinyan dekabrın 20-də Gürcüstana işgüzar səfər etdi.
Əvvəla onu qeyd etmək lazımdır ki, Nikol Paşinyan İrakli Qaribaşvili ilə əvvəlcə təkbətək görüşüb, daha sonra liderlərin iştirakı ilə hökumətlərarası iqtisadi komissiyanın iclası keçirilib. Görüş hər nə qədər işgüzar xarakterli olsa da, aydın məsələdir ki, qapalı qapılar ardında Paşinyan ilə Qaribaşvili arasında Gürcüstanın “3+3 platforması”na qayıtması istiqamətində müzakirələr də olub. Məsələ ondadır ki, rəsmi İrəvan özü kimi Qərbə inteqrasiya edən Gürcüstanın platformadan kənarda qalmasını istəmir. Onsuz da hazırda Paşinyana Türkiyə ilə münasibətləri bərpa etdiyi üçün kifayət qədər tənqidlər səslənir. Gürcüstan patformada iştirak edəcəyi təqdirdə Paşinyana qarşı təqiblər də azala bilər. Faktiki olaraq Nikol müxalifətə deyəcək ki, Ermənistan bölgə ölkələrinin tamamının iştirak etdiyi platformadan kənarda qala bilməzdi”.