Rusiya Ticarət Mərkəzləri Assosiasiyasının sədri Bulat Şakirov ölkədəki ticarət mərkəzlərinin təxminən 10 faizinin söküləcəyini və ya yenidən təşkil edilməli olacağını bildirib. Bu proqnozun səbəbi iqtisadi böhrandır.
Hafta.az-ın “Rossiyskaya qazeta”ya istinadən yazdığına görə, Şakirov bildirib ki, kinoteatrların 10-15 faizi yemək meydançalarının və idman zallarının genişləndirilməsi üçün bağlanacaq. Onun sözlərinə görə, kinoteatrlar son iki ildə xidmət sektorunda baş verən inkişaflardan ən çox zərər çəkən müəssisələr arasındadır.
Bulat Şakirov bildirib ki, ölkədəki ticarət mərkəzləri pandemiyadan əvvəlki dövrlə müqayisədə 90 faiz doluluq təşkil edir, lakin iri ticarət mərkəzləri vəziyyətin öhdəsindən daha yaxşı gəlir. Şakirov bu fikirdədir ki, Qərbin hazır geyim və ayaqqabı brendlərinin bazardan çıxması yerli brendlərə yol açıb. O, türk markalarının Rusiya bazarında genişlənməyə davam etdiyinə də diqqət çəkib.