Hindistanda hinduların Divali bayramı qeyd etmələrindən sonra ölkənin xüsusilə iri şəhərlərində çirklənmə xəbərdarlığı edilib.
Hafta.az-ın yazdığına görə, festivalından sonra Hindistanın daha iki şəhəri paytaxt Dehli ilə yanaşı dünyanın ən çirkli 10 şəhəri arasında yer alıb. Bu, festival şənliklərində tez-tez istifadə edilən atəşfəşanlığın səbəb olduğu havanın çirklənməsi səbəbindən baş verib. Bazar ertəsi səhər aparılan ölçmələrdə bu şəhərlərin hava keyfiyyəti indeksi (AQI) dünya miqyasında yüksək səviyyədə qeydə alınıb.
İsveçrənin IQAir qrupu tərəfindən aparılan ölçmələrə görə, Dehli 420 AQI dəyəri ilə "təhlükəli" kateqoriyaya düşüb. Bu göstərici paytaxtın tez-tez qarşılaşdığı yüksək çirklənmə səviyyəsini əks etdirir. Siyahıdakı “Təhlükəli” təsnifatı havanın keyfiyyətinin insan sağlamlığı üçün ciddi risklər yaratdığını göstərir.
Hindistanın şərqindəki Kolkata şəhəri 196 AQI ilə dördüncü, maliyyə paytaxtı Mumbay isə 163 AQI ilə səkkizinci yerdə havanın çirklənməsinə görə ilk 10-a daxil olub. 400-500 arasında olan AQI dəyərləri hətta sağlam insanlar üçün risk yaratsa da, 150-200 səviyyələri astma, ağciyər və ürək xəstələrində ciddi sağlamlıq problemlərinə səbəb ola bilər. İdeal olaraq, AQI 0-50 səviyyələri "yaxşı" hesab olunur.
Bazar günü gecə Dehlidə havanın keyfiyyəti həyəcanverici dərəcədə pisləşib. Gecə yarısından az sonra şəhərdə AQI dəyəri 680-ə çatıb və şəhəri qalın tüstü təbəqəsi bürüyüb.