Əfqanıstanla Pakistan sərhədində ekstremist yaraqlılara qoşulmaq üçün MI6 (Böyük Britaniyanın xarici kəşfiyyat agentliyi - red.) tərəfindən göndərilən britaniyalı casusun daha sonra öz uşağını öldürməsi ilə bağlı şok xəbər ortaya çıxıb.
Hafta.az-ın “The Sunday Times” qəzetinə istinadən yazdığına görə, adı açıqlanmayan şəxs istintaq prosesində emossional qeyri-sabitliyi ilə bağlı xəbərdarlıqlara baxmayaraq, “Əl-Qaida” və “Taliban”ın istifadə etdiyi düşərgəyə sızmaq üçün göndərilib.
Qəzetə sızan sənədə görə, Gizli Kəşfiyyat Xidməti (SIS) agentin emosional qeyri-sabitliyinin "mümkün olan ən yüksək balda" olduğunu bildirən icmal hesabatı hazırlayıb. Bu qiymətləndirməyə baxmayaraq, gizli şəkildə Vəziristandakı bir kəndə göndərilən və özünü radikal dindar əsgər kimi təqdim edən 20 yaşlı agentin orada başkəsmələrin şahidi olduğu və cəsədləri yumağa məcbur edildiyi bildirilir.
Casusun Böyük Britaniyaya qayıdarkən öz uşağını öldürdüyü bildirilir. Əksəriyyətinin gizli aparıldığı düşünülən məhkəmənin sonunda münsiflər heyəti tərəfindən casus qətldə təqsirli bilinib. Digər tərəfdən, məhkəmənin işlə bağlı sənədləri “itirdiyi” məlum olsa da, bunun necə baş verdiyinə dair heç bir izahat verilməyib.
Hesabatda həmçinin bildirilir ki, hökumətin uşağın ölümünə qədər olan prosesi araşdıran 42 min sözdən ibarət hesabatı var, lakin onu yayımlamaqdan imtina edib.
Adı açıqlanmayan casus SİS tərəfindən müayinə edilib və onun adi insandan daha çox psixotiklərlə ortaq bəzi şəxsiyyət xüsusiyyətlərinə malik olduğu bildirilib. Casusun “Taliban” döyüşçülərinin cəsədlərini yuyub basdırdığı və casusluqda ittihamlanan bir ailənin başının kəsilməsinin şahidi olduğu güman edilir. MI6 qeyd edib ki, bu şəxs Böyük Britaniyaya qayıtdıqdan sonra "həddindən artıq stres altındadır".
Məlumata görə, agent əvvəlcə MI5 tərəfindən işə götürülüb və ondan cihadçılığı təbliğ etməkdə şübhəli bilinən məscidlərdə kəşfiyyat məlumatları toplamaq istənilibmiş.