Türkmənistanın paytaxtı Aşqabad şəhərində İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) XV Zirvə Toplantısı çərçivəsində Azərbaycan və İran prezidentləri arasında görüş reallaşdı.
Politoloq Turan Rzayev hafta.az-a bildirib ki, bir müddət əvvəl rəsmi Bakı və Tehran arasında davam edən və İrandan qaynaqlanan soyuq münasibətlər fonunda bu görüşün necə keçəcəyi hər kəs üçün maraqlı idi.
Görüşdə Rəisinin İranda İslam İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünə xələl gətirilməməlidir və Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunmalıdır” deməsi Tehranın səhvini anladığı və Bakı ilə gərginliyin uzadılmasının mənasız olduğunu dərk etdiyini göstərir.
Hesab edirəm Rəisi “İnqilabının ali rəhbərindən tutmuş, dövlət strukturlarındakı bütün məmurlarının hamısının mövqeyini” deyərək bir müddət öncə aktual olan “şirin quyruğu” məsələsini birdəfəlik qapatmaq istəyir. Prisip etibarilə İranla gərginliyin davam etməsi rəsmi Bakı üçün də arzuolunan hal deyil. Onsuz da məsələnin bu qədər böyüməsi İranın günahı idi. Rəsmi Bakı sadəcə özünü müdafiə edirdi.
İndiki halda Azərbaycan üçün İranla gərginlikdən çox əməkdaşlıq daha vacibdir. Məsələ ondadır ki, Türkmənistan ilə Azərbaycan arasında türkmən qazının Azərbaycana ixracı, buradan da Avropa bazarına çıxmasına dair razılıq var. Bunun reallaşması isə hələ ki, İran üzərindən mümkündür”.