İslamofob ifadələr işlədən deputatın partiya üzvlüyü dayandırılıb

09:50 26.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Böyük Britaniya Mühafizəkarlar Partiyasının lideri Simon Hartın ofisindən verilən açıqlamaya görə, Li Andersonun üzvlüyü onun ifadələri və sonradan üzr istəməkdən imtina etməsi səbəbindən dayandırılıb.

Hafta.az-ın yazdığına görə, o müsahibəsində London meri Sadiq Xan haqqında "İslamçıların ölkəmizi ələ keçirmədiyini düşünürəm, amma hesab edirəm ki, Xanı və Londonu nəzarətə götürüblər. Xan paytaxtımızı öz dostlarına verib" deyib. Anderson, üzvlüyünün dayandırılması ilə bağlı verdiyi açıqlamada qərarı anladığını bildirib.

Andersonun açıqlamalarını dəyərləndirən Sadiq Xan, bu sözlərin ölkədə müsəlmanlara qarşı artan nifrətə yağ tökdüyünü ifadə edərək, Baş nazir Rişi Sunakın Andersonla bağlı açıqlama verməməsini tənqid edib.

"Sunakın və kabinetin qulaqbatırıcı səssizliyi bu irqçiliyə göz yumur. Bu, ölkədə çox sayda insanın irqçiliyə gəldikdə bir iyerarxiya olduğuna inandığını təsdiqləyir" deyib.

Sunak və nazirlərin sözügedən ifadələri niyə qınamadığını anlaya bilmədiyini açıqlayan Xan deyib ki, hökumət susmaqla bu cür irqçiliyə ortaq kimi görünür. O, bu vəziyyətin müsəlmanlara qarşı ritorikadan asanlıqla istifadə oluna biləcəyini və nifrət cinayətlərinin daha çox işlənə biləcəyi mesajını verdiyini vurğulayıb.

Britaniya Müsəlman Şurası (MBC) tərəfindən edilən açıqlamada Andersonun partiya üzvlüyünün dayandırılması qərarını müsbət qarşıladıqları və "Mühafizəkarlar Partiyasının İslamofobiya problemi var. Bunu indi qəbul etmələri lazımdır" dedikləri qeyd edilib.

Anderson qeyri-qanuni mühacirlərin Ruandaya göndərilməsi planını dəstəkləmədiyi üçün yanvar ayına qədər sədr müavini olduğu Mühafizəkarlar Partiyasındakı vəzifəsini tərk edib.