İsraildəki supermarket şəbəkəsi türk mallarını boykot edir

10:45 02.11.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İsrailin ən böyük supermarket şəbəkələri prezident Rəcəb Tayyib Ərdoğanın Həmas-ı terror təşkilatı hesab etməməsi ilə bağlı açıqlamasına görə Türkiyədən idxalı dayandırıb.

Hafta.az-ın yazdığına görə, bu barədə “Haaretz” qəzeti məlumat yayıb. Məlumata əsasən, Türkiyədən gələn malları boykot qərarını ölkənin ən böyük marketlər şəbəkələri olan Shufersal, Rami Levy və Yochananof tərəfindən həyata keçirildiyi iddia edilib.

Türkiyədə yəhudi inanclarına uyğun yeməkləri yoxlayan şəxslərin oktyabrın 7-də baş verən hücumlardan sonra ölkəni tərk etdiyi üçün kiçik idxalçıların da idxalı dayandırdığı bildirilib.

Supermarket şəbəkələrinin türk mallarını boykot etməsində ictimai təzyiqin mühüm rol oynadığı düşünülür. Məsələn, şəbəkə supermarketlərindən “Rami Levi” İsrail pomidoru əvəzinə Türkiyə pomidoru satmaqda ittiham olunub. Şirkət bu iddiaları təkzib edib.

İsrail Fermerlər Federasiyası məsələ ilə bağlı zəncir marketlərə məktub göndərərək, bazarlardakı yerli məhsulların üzərinə etiketlərin vurulmasını və müharibədən zərər çəkən fermerlərlə həmrəylik nümayiş etdirməsini istəyib.

Pomidor müzakirələrindən sonra bir çox market zənciri Türkiyədən pomidor idxalını dayandırdıqlarını bildirsə də, Kənd Təsərrüfatı Nazirliyi açıqlamasında bu həftə Türkiyədən meyvə və tərəvəz daşıyan 6 gəminin ölkəyə gələcəyini bildirib.

Türkiyədən alınan pomidorların tam boykot edilməsinin ölkədə tədarük qıtlığı yaradacağı gözlənilir. Çünki yerli istehsal pomidor tələbatın ancaq yarısını ödəyir.

İsrailli pomidor alıcıları üçün ən çox ehtimal olunan alternativlərin Yunanıstan və Hollandiyanın olduğu bildirilsə də, bu vəziyyətin pomidor qiymətlərinin artmasına səbəb olacağı düşünülür.

Türkiyə son illər Çin, ABŞ, İsveçrə və Almaniyadan sonra beşinci yerdə olmaqla İsrailin ən çox idxal etdiyi ölkələrdən biridir. 2019-cu ildən bəri hər il ikirəqəmli artım əldə edən Türkiyədən idxal rəqəmləri 2022-ci ildə 7 milyard dollara çatıb.

Son zamanlar qarşılıqlı razılaşmalar və görüşlər nəticəsində iki ölkə arasında ticarət intensivləşib. Keçən ilin dekabr ayında İsrail Ticarət Palataları Federasiyası və Türkiyə İxracatçılar Məclisinin təşəbbüsü ilə İsrail ixracatçıları ilə türk iş adamlarını İstanbulda bir araya gətirən toplantı da onlardan biri idi.

“Haaretz”ə danışan İsrail Ticarət Palataları Federasiyasının prezidenti Uriel Linn, "İsraillə Türkiyə arasında uzunmüddətli ticarət məlumatlarına baxsanız, ümumi həcmin durmadan artdığını görərsiniz. Bunun əsaslı səbəbləri var. Onlar yaxınlıqda yaxşı və ucuz iqtisadiyyatdır. Rəqəmlər son 10 ildə Qəzzaya qarşı aparılan əməliyyatlara baxmayaraq bir çox çətinliyi aşıb. Bu gün gördüyümüz ticarət az-çox eyni səviyyədə qalacaq” deyib.

Türkiyənin İsrailə ixrac etdiyi mallar arasında dəmir, buğda, avtomobil, elektrik ev əşyaları, emal olunmuş qida və plastik avadanlıqlar var.