“İtaliya münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə tərəfdardır” – Emin Rüstəmov  

12:18 19.10.2020 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Şanlı Azərbaycan ordusu 30 ildir erməni qəsbkarlarının işğalında olan vətən torpaqlarımızı geri qaytarmaqda davam edir. Hər gün azad etdiyimiz şəhər və kəndlərin siyahısına yeniləri əlavə edilir. Ordumuzun gücü qarşısında duruş gətirə bilməyən ermənilər, əlbəttə ki, silahlarını atıb qaçmaqdadır. Bu səbəbdən də Ermənistan müharibədəki yenilgisinin əvəzini Azərbaycanın cəbhə bölgəsindən çox-çox uzaqlarda yerləşən şəhərlərinə ballistik raketlər ataraq dinc insanları qətlə yetirməklə çıxmağa çalışır. Bəzi dost və qardaş ölkələr haqq işində Azərbaycana yaxından dəstək versələr də, dünyanın əksər dövlətləri erməni terrorunun qarşısında susmaqla kifayətlənirlər. Maraqlıdır, bəs Azərbaycanla geniş iqtisadi əməkdaşlığı olan İtaliyada nə düşünürlər?

Azərbaycan - İtaliya Gənclər Assosiasiyasının (AİGA) sədri Emin Rüstəmov Hafta.az-a deyir ki, bu gün Azərbaycan ordusu Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında inamlı uğurlar qazanaraq illərdir, işğal altında olan ərazilərimizi azad edir. “Təbii ki, dünya ölkələrinin pandemiya ilə mübarizə apardığı vaxtda, Ermənistan silahlı qüvvələrinin dəfələrlə təxribata əl atması sülh danışıqlarına vurulan ən böyük zərbə  hesab etmək olar. Odur ki, Azərbaycan ordusu, düşmənin təxribatına adekvat cavab verərək, işğal altında olan ərazilərimizin müəyyən qismini azad edib və bu uğrlu əməliyyatları davam etdirir. Bu xüsusda dünya ölkələrinin və beynəlxalq təşkilatların mövqeyi olduqca əhəmiyyətlidir. Prezidentin də qeyd etdiyi kimi, Azərbaycanın uğurlarına sevinməyən və hər vəchlə mane olmağa çalışan qüvvələr var. Lakin bu bizim iradəmizi sarsıda bilməz. İtaliyaya gəldikdə, rəsmi mövqe dəyişməz olaraq qalmaqdadır: Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. İtaliyanın dövlət başçısı Sercio Mattarellanın Bakıya etdiyi rəsmi səfərdə, eyni zamanda Prezident İlham Əliyevin İtaliyaya səfəri zamanı bu ölkənin prezidenti və Baş naziri Romanın rəsmi mövqeyinin dəyişməz olduğunu bir daha bəyan edib. Azadlıq müharibəsinin ilk günlərində İtaliyanın Xarici Işlər və Beynəlxalq əməkdaşlıq naziri Luici di Mayonun da çıxışı diqqətdən kənar qalmamalıdır. O, bir daha İtaliyanın münaqişənin həlli istiqamətində rəsmi mövqelərinin dəyişməz olduğunu vurğulayıb” deyən E.Rüstəmova görə, təbii ki, İtaliyada rəsmilər arasında erməni meylli qüvvələrə rast gəlmək mümkündür. Amma bu hər hansı mahiyyət daşımır.

E.Rüstəmov deyir ki, İtaliya Azərbaycanın əsas xarici ticarət tərəfdaşlarındandır və bu illərdir dəyişməz olaraq qalır. Eyni zamanda, TAP layihəsi İtaliya ilə Azərbaycan arasında iqtisadi əməkdaşlığın daha da möhkəmlənməsinə xidmət edəcək. “Bu gün İtaliya ilə Azərbaycan arasında çoxtərəfli əməkdaşlıq ən yüksək səviyyədədir. Heç təsadüfi deyil ki, bu il İtaliyada, Azərbaycan mədəniyyət ili elan edilib”, - deyir müsahibimiz.

Təşkilat sədri deyir ki, sosial şəbəkələrdə böyük bir Azərbaycan ordusu formalaşmaqdadır. Bu ordunun əsgərləri sırasında İtaliyada yaşayan, təhsil alan soydaşlarımız da xüsusi aktivlik göstərməkdədirlər. “Bundan əlavə, Milanda yaşayan yüzlərlə soydaşımızın, eyni zamanda türk qardaşlarımızın iştirak etdiyi Milan Duomo-nun qarşısında böyük aksıya keçirilib. Daha sonra, oktyabrın 15-də Romada - İtaliya parlamentinin qarşısında  daha böyük aksıya baş tutdu. Bu aksiyada, italyan dostlarımız da iştirak edirdilər. Sapienza Universitetinin professoru Daniel Pommier, İtaliya - Azərbaycan Ticarət Palatasının prezidenti xanım Manuela Traldi, Napoli - Bakı Assosiasiyasının prezidenti Cüzeppe Kanilia ilə yanaşı iştirak edən natiqlər geniş tərkibli çıxış edərək, Azərbaycanın haqlı mövqeyini dəstəklədiklərini bildiriblər. Aksiyanın sonunda imzalanan petisiya  İtaliya parlamentinə təqdim edilib”, - deyir E.Rüstəmov.

Müsahibimizin sözlərinə görə, bunlardan əlavə, Azərbaycan - İtaliya Gənclər Assosiasiyası rəsmi bəyanat qəbul edib və həmin bəyanat məktubu 300-dən çox senatora, 600-dən çox millət vəkilinə, 100-ə yaxın mətbuat orqanına göndərilib. Ümumiyyətlə, Azərbaycan ordusunun əks-hücum əməliyyatları başlayan gündən bu yana İtaliyanın məşhur mətbuat qurumları ölkəmizin haqlı mövqeyini əks etdirən çox sayda məqalələr yayımlayıb.