Kanadanın xarici işlər naziri Melanie Coli bildirib ki, onun ölkəsi separatçı Siqh lideri Hardip Singh Niccarın qətli ilə bağlı diplomatik mübahisəni həll etmək üçün Hindistanla təkbətək danışıqlar aparmaq istəyir. Coli bu bəyanatı Hindistanın 41 kanadalı diplomatın ölkədən çıxmasını tələb etməsindən sonra verib.
Hafta.az-ın “Financial Times”a istinadən yazdığına görə, Hindistan Kanadadan diplomatlarını oktyabrın 10-dək geri çağırmasını istəyib. Bu xəbərin doğruluğu ilə bağlı suala nə Coli, nə də Kanadanın baş naziri Castin Trüdo cavab verməyib. "Biz Hindistan hökuməti ilə əlaqə saxlayırıq" deyib Coli jurnalistlərə. "Biz Kanada diplomatlarının təhlükəsizliyinə ciddi yanaşırıq və diplomatik danışıqları məxfi saxlamağın ən yaxşısı olduğuna inandığımız üçün məxfi əlaqə saxlamağa davam edəcəyik", - əlavə edib.
Kanada ötən iyun ayında Siqh vətənsevərlərinin lideri Hardip Singh Niccarın öldürülməsində Hindistan agentlərinin əli olduğundan şübhələndikdən sonra iki ölkə arasındakı münasibətlər ciddi şəkildə gərginləşdi.
Məlumat üçün deyək ki, Hindistan Niccarı "terrorçu" elan etmişdi.
Hindistan agentlərinin Sinq Niccara sui-qəsd etməsi ilə bağlı ittihamları rədd edərək, bu iddianı “absurd” adlandırıb.
Hindistan oktyabrın 10-dan sonra ölkəni tərk etmək istədiyi 41 diplomatın toxunulmazlığını ləğv etməklə hədələyib. Kanadanın Hindistanda ümumilikdə 62 diplomatı var.
Hindistan sentyabrın 22-də kanadalılar üçün yeni viza müraciətlərini dayandırıb və Ottavadan ölkədəki diplomatik mövcudluğunu azaltmasını istəyib.
Hindistanın Xarici İşlər nziri Subrahmanyam Jaişankar daha əvvəl verdiyi açıqlamada Kanadada hind diplomatlara qarşı “zorakılıq mühiti” olduğunu və Kanadada siqh ictimai qruplarının varlığının Dehlini məyus etdiyini söyləmişdi.
Kanada və ya Hindistan tərəfindən tələblə bağlı hələ heç bir rəsmi açıqlama verilməsə də, Hindistan daha əvvəl hər ölkənin digərinə göndərdiyi diplomatların sayında və dərəcəsində “bərabərlik” istədiyini bildirmişdi. Kanadanın Dehlidə diplomatı Hindistanın Ottavadakı diplomat sayı ilə müqayisədə daha çoxdur. Kanada Senatının Xarici Əlaqələr və Beynəlxalq Ticarət Komitəsinin sədri Peter Boehm verdiyi açıqlamada “Daha çox kanadalı diplomatın persona non-qrata elan edilməsi vəziyyətə kömək etməyəcək və bu mübahisəni çözməyəcək. Əksinə, bu məsələni daha da çətinləşdirir" deyib. Hindistan Kanada vətəndaşları üçün viza prosedurlarını dayandırıb.