Kanada hökuməti internetdə yayılmış zərərli məzmunlarla mübarizə məqsədilə yeni qanun hazırlayır.
Hafta.az-ın yazdığına görə, bu haqda danışan Kanadanın ədliyyə naziri Arif Virani bildirib ki, bu, "kiber zorakılıq və terrorizm, uşaqları özlərinə zərər verməyə təşviq edən, nifrət nitqini ehtiva edən, zorakılığa təhrik edən, uşaq istismarı və razılıq olmadan şəkillərin paylaşılması" kimi məzmunlarla mübarizə aparmağı nəzərdə tutur.
Virani bildirib ki, internetdəki zərərli məzmunla mübarizə məqsədi daşıyan "Onlayn zərərlər qanunu" adlı qanun layihəsi İcmalar Palatasında nəzərdən keçirilir.
Bazar ertəsi təqdim edilən təxminən 100 səhifəlik qanun layihəsinin İcmalar Palatasında müzakirələrə səbəb olacağı gözlənilsə də, müxalifət partiyaları qanun layihəsini “ifadə azadlığına hücum” kimi qiymətləndirir.
Virani hökumətin qanuni azadlıqları pozmamaq üçün diqqətli olduğunu bildirərək bu narahatlığa cavab verib və "Bu qanun layihəsi ifadə azadlığına zərər vermir" deyib.
Yeni qanun layihəsinin qazanclarını azaldacağından qorxan sosial platformaların reaksiyasını çəkəcəyinə işarə edən Virani, "Mənfəət təhlükəsizlik qarşısında prioritet ola bilməz" qiymətləndirməsini edib.
Virani qanunu pozanları ciddi maliyyə cəzalarının gözlədiyinə diqqət çəkib.
Qanun layihəsində soyqırımı qızışdıranlara görə ağır cəzalar, o cümlədən ömürlük həbs nəzərdə tutulur.
Qanun layihəsi həmçinin sosial platformaları “onlayn pedofiliya məzmunu” barədə məlumat verməyə məcbur edir.