Karantin qaydaları ilə, əhalinin istəkləri üst-üstə düşməyə bilər - RƏY

12:40 04.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Operativ Qərargahın dünən baş tutan brifinqində çimərliklərin açılması müzakirə edildi. Artıq insanlar avqustun 5-dən çimərliklərə üz tuta biləcəklər. Lakin bu qərar ictimaiyyət tərəfindən birmənalı qarşılanmadı. Hətta bu məsələ sosial şəbəkələrdə müzakirələrə yol açdı.

İnsanlar niyə narazıdırlar? Əmək Hüquqları Liqasının sədri, İnsan Hüquqları üzrə Birgə Qrupun katibi Sahib Məmmədov hafta.az-a danışarkən dedi ki, ilk növbədə araşdırmaq lazımdır ki, əhalinin neçə faizi çimərlikdən istifadə edir. Əminliklə deyə bilərəm ki, bu heç beş faiz etmir:

“Bir çox adamlar dənizkənarına təsadüfi olaraq gedib. Mən özüm bir neçə il öncə olmuşam. Elə mənim kimi illər öncə çimərliyə gedən insanlar çoxdur. Sorğu keçirsək görərik ki, çimərliyə gedənlər çox azdır. Dünənki qərardan sonra biz ajotajı, hayküyü görə bildik. İnsanların günəş şuası lazımdır. Heç çimərliyə getmədən də, günəş altında gəzmək analoji olaraq eyni mahiyyət daşıyır. Düzdür, çimərlik həvəskarları var ki, onları nəzərə almaq olardı. Barselona, Fransa, Britaniya kimi ölkələrdə çimərliyin açılması yeni yoluxma dalğasına səbəb oldu. Əhali baxmayaraq qaydalara əməl edirdilər. Çimərlik yerində qayda-qanun yaratmaq mümkün olan iş deyil. İnsanlar bir-birinə yaxınlaşırlar. Onları aralı saxlamaq olmaz ki... Elə məsələlər vardır ki, orada ictimaiyyətin rəyi nəzərə alınmalıdır. Amma pandemiyada ictimaiyyətin rəyi önəmli olmaya bilər. Karantin qaydaları ilə, əhalinin istəkləri üst-üstə düşməyə bilər. Ona görə də çimərlik  açıldı. Ola bilsin bu qərar ictimaiyyətin təsiri ilə baş verdi. Vəziyyət necə dəyişəcək hələ onu deyə bilmərəm”

S. Məmmədov rayonlara gediş-gəlişin bərpa olunmaması məsələsinə də toxundu. O, dedi ki, toylara, yaslara görə açılmağı zəruridir:

“Amma nəzərə alaq ki, belə yerlərdə yoluxma riski daha çoxdur. Və mətbuatdan da oxuduq ki, yas yerlərində yoluxmalar baş verib. Rayonlara insanlar müxtəlif yollarla gedir. Bu əhalinin bir neçə faizi deməkdir. Açılış olsa bu rəqəm 20-25 faiz olacaq. O zaman yoluxma sayı da arta bilər. Elə rayon vardır ki, yoluxma yoxdur. Açılsa isə yoluxma artacaq. Üzü də payıza gedir. Bu məsələdə əhalinin narahatlığını başa düşmək olar. Sosial rifah pisləşir. Amma başqa çarə yoxdur. Pandemiya hələ davam edir. Hansı ölkələr karantini yumşaltmışdısa, yoluxma yenidən artır. Avstraliyada Viktoriya ştatına giriş qadağan edilib. Barselonada da vəziyyət eynidir. Dünya üzrə yumşalmadan sonra yoluxma dəhşət dərəcədə artdı. İnsanlar buna anlayışla yanaşmalıdırlar. Mən hesab edirəm ki, son yumşalmaların da mənfi tərəflərini görəcəyik”.

Oxunma sayı 2296