Son vaxtlar yenidən sərt karantin rejiminin tətbiq olunacağı ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Elə yenicə distant təhsilə keçid baş verdi ki, bu hal söyləntiləri bir qədər də gücləndirir. Əvvəlki təcrübələrdən də aydındır ki, sərt karantin rejiminin tətbiqi fəaliyyətin bütün sahələrinə öz təsirini göstərir.
Nəzərə alsaq ki, yaz gəlib, ev alqı-satqısında, ümumilikdə əmlak bazarında canlanma müşahidə olunacaq bir dövrdür. Bəs görəsən, indiki vəziyyətdə karantinin tətbiqi bu sahəyə nə kimi təsir göstərə bilər? Hafta.az əməkdaşı mövzunun müzakirəsini mütəxəssislərə etibar etdi.
Həmsöhbətimiz, əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı nın sözlərinə görə, sərt karantin rejiminin tətbiqi, əmlak bazarında qiymətlərə deyil, daha çox satış dinamikasına təsir göstərir, yəni alqı-satqı azalır. Əgər məhdudiyyətlər bilavasitə bazar iştirakçılarının fəaliyyətinə təsir göstərərsə, bu hal, təbii ki, bazara mənfi təsir edəcək. Tədricən aktivləşən sahə yenidən passiv rejimə qayıdacaq. Bazar iştirakçılarının fəaliyyəti məhdudlaşdırılmasa, sadəcə, SMS icazə rejiminə keçiləcəksə, düşünmürəm ki, sahəyə ciddi təsir göstərsin. Onsuz da ev almaq niyyətində olan insanlar daha çox əhalinin çalışan təbəqəsidir. Onların da hərəkətinə icazə olur. Bir tərəfdən də evdə oturan vətəndaş hər hansısa bir əmlakla maraqlanırsa, 3 saat vaxt bunun üçün kifayət edir. Rielteların və digər bəzi qurumların işində məhdudiyyətlər olarsa, işçilərin 1/3 -i fəaliyyətinə davam edərsə bu, əmlak bazarına təsir edəcək. Tutaq ki, Asan Xidmət mərkəzləri tam gücü ilə fəaliyyət göstərmirsə, bu gün ərzində baş tutan əməliyyatların sayının azalmasına gətirib çıxaracaq. Əməkdaşlarının 1/3-i işləyən qurum günboyu 3 dəfə az iş icra edəcək. Gün ərzində daşınmaz əmlak üzrə 100 əməliyyat aparılırdısa, bu xidmət sahəsində işlərin icrası 2 dəfə azalmış olacaq.
Rielteların fəaliyyəti də bu qəbildəndir. Onların da fəaliyyəti məhdudlaşacağı halda (bir çoxunda VÖEN yoxdur), bazarda durğunluq yarana bilər.
Postpandemiya üçün proqnoz budur ki, daşınmaz əmlak bazarında ilin ikinci yarısından etibarən müsbət dinamika müşahidə ediləcək. Buna səbəb karantin rejiminin tədricən yumşaldılması və epidemioloji vəziyyətin sabitləşməsidir. Digər məqam isə azad edilən ərazilərdə infrastruktur, enerji və yaşayış evlərinin salınması layihələrinin başlanmasıdır. Bunlar da bazara pul axınını artıran, məşğulluq səviyyəsini yüksəldən amillərdir. Hər iki hal bazara müsbət təsir göstərir. Müsbət təsir dedikdə, həm müraciətlərin sayının, pul axınının, alqı-satqı tempinin artımı, həm də istehlak məhsullarının - tikinti materiallarının qiymət artımı nəzərdə tutulur.
Ardınca isə müzakirəmizi iqtisadçı ekspert Fuad İbrahimovla davam etdirdik. O bildirdi ki, sərt karantin rejiminin tətbiqi tək Azərbaycanın deyil, bütün dünya ölkələrinin iqtisadiyyatına mənfi təsir göstərir. Bu gün ölkədə karantinin yenidən sərtləşməsi bütün sahələrdə eləcə də daşınmaz əmlak bazarında özünü biruzə verəcək. Çünki, pandemiya dövrü insanlarda "qənaitçillik paradoksu" deyilən hissləri hərəkətə gətirib. Bu günlərdə hər kəsin qazancl azalıb, xərcləri isə əvvəlki ilə eyni səviyyədə qalıb. Belə olduğu halda insanlar qənaət rejiminə keçir, iri həcmli alış-veriş etməkdən qaçınırlar. Pandemiya dövründə tək əmlak alqı-satqısında deyil, kirayə vermə sahəsində də tənəzzül müşahidə olunur:
"Bu gün bazarda kifayət qədər çox boş mənzil və kirayəlik əmlaklar var. Müşahidə aparmaq kifayətdir ki, boş qeyri yaşayış obyektlərinin sayı artıb. Tutaq ki, böyük yaşayış binasının altında idman zalı var və bu obyekt bir ildir fəaliyyətini dayandırıb. Təbii ki sahibkar bir ildən artıqdır kirayə haqqını ödəməyən icarədarla yollarını ayırıb, əmlakını pandemiya dövründə fəaliyyətini davam etdirən sahə ilə əvəzləmək istəyir. Universitetlər bağlanıb, xarici qonaqlar və turistlər yoxdur, hər şey distant həyata keçirilir. Şübhəsiz ki, mənzilləri kirayə götürən insanların da həcmi azalıb, bunlar hamısı bazarda boş obyektlərin yaranmasına səbəb olur".
Mütəxəssis son vaxtlar ölkədə eləcə də dünyada iqtisadiyyatın "daralması" məsələsinə də münasibət bildirdi:
"Hazırda iqtisadiyyatın sıxılması ilə bağlı bir çox bizneslər fəaliyyətini ya məhtudalşdırır ya da dayandırır. Misal üçün bir biznesin bir neçə filialı var idisə, hazırda inlar birləşdirlib və biri idarə olunur. İstehsal bazarı da kifayət qədər azalıb. Belə halda da biznesdə gəlir azalır, xərc isə öz yerində qalır. Adətən əmlak sahəsində mövsümi bahalaşma olurdu. İndiki dövrdə də çox güman, alış-verişdə say artımı olsun. Bahalaşma olacağı halda isə yenidən durğunluq yarana bilər. Çünki hazırda hər bir biznes sahəsinin gəliri azalıb".
Ekspertin rəyindən də aydın göründü ki, yazın gəlişi əmlak bazarında canlanmaya səbəb olmağa kifayət etmir. Bunun üçün fəaliyyətin digər sahələrinin də tam şəkildə işini təşkil etməsi əsas şərtlərdəndir.