Kişilər atalıq məzuniyyətindən istifadə edirmi?

16:26 02.03.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda hansısa kişinin “Uşağa görə atalıq məzuniyyəti götürmüşəm” fikrini söyləməsi,  çox güman ki, onun ətrafında olanlar tərəfindən birmənalı qarşılanmayacaq. Bu ifadəni eşidənlərin gülüşünə də səbəb olacaq. Halbuki Azərbaycan qanunvericiliyində “atalıq məzuniyyəti ”deyilən anlayış mövcuddur. Belə ki, Əmək Məcəlləsinin 130-cu maddəsinə görə, ailədə yeni övladın dünyaya gəlməsi ilə əlaqədar kişilər 14 təqvim gününədək ödənişsiz məzuniyyət götürə bilərlər. Çoxlarının bundan heç xəbəri də yoxdur, xəbəri olanlar isə cəmiyyətin məsələyə birmənalı yanaşmayacağını düşündüklərindən “atalıq məzuniyyəti”ndən imtina edirlər.

Bəs, görəsən, bu məsələni cəmiyyətdə təşviq etməyin yolları varmı? Ümumiyyətlə, beynəlxalq təcrübədə “atalıq məzuniyyəti”nə münasibət hansı formadadır?

Xarici təcrübədən nümunələr

Qeyd edək ki, Azərbaycandan fərqli olaraq əksər ölkələrdə “atalıq məzuniyyəti”ndən geniş şəkildə istifadə olunur. Məsələn, Skandinaviya ölkələrində qadın-kişi bərabərliyi məsələsində bəlkə də ən yaxşı təcrübə mövcuddur. Belə ki, Norveçdə ataların məcburi doğum icazəsi 14 həftə nəzərdə tutulub. Təzə ata-ana olanlar maaşlarının 80 faizini alaraq, ümumən 59 həftə doğum icazəsindən istifadə edə bilir. 2013-cü ilin 1 iyul tarixindən qüvvəyə minən qanun nəticəsində daha öncə 47 həftə olan doğum icazəsi 49 həftəyə qədər artırılıb. Maaşların 80 faizinin ödənilməsi şərti ilə istifadə edilə biləcək doğum icazəsi isə 57 həftədən 59-a qədər artıb. Bu dəyişikliklərdə icazənin 14 həftəsinin ata tərəfindən istifadəsi şərt qoyulub. Əgər ata bu icazədən tam istifadə etməsə, hökumət uşaq yardımını azaldır. Ümumiyyətlə, Skandinaviya ölkələri, əsasən, cinsi bərabərlik və atalıq haqları ilə bağlı məsələdə dünyanın ən inkişaf etmiş sisteminə sahibdir. Digər Skandinaviya ölkəsi İsveçdə isə Avropanın ən uzunmüddətli valideynlik məzuniyyəti verilir. Burada uşağın doğulmasından etibarən hər valideyn 240 gün məzuniyyət götürə bilir. Bu ölkədə ataların iki ay məcburi doğum icazəsi var. Arzu edənlər 240 günə qədər məvaciblərinin saxlanması şərtilə icazəsindən istifadə edə bilərlər. Orta Avropa ölkələrində də dünyanın ən uzun analıq-doğum icazə müddəti var. Keçmiş Çexoslovakiya, yeni Çex Cümhuriyyəti və Slovaliyada (eyni zamanda Avstraliyada) analıq icazəsi ödənişli olaraq 3 ildir və qadının öz uşağını yetişdirməsi üçün 3 il evində oturması, işləməməsi əsasdır. Analar əvəzinə atalar da bu icazədən istifadə edib uşaqlarına baxa, aylıq məvacibləri də işləmədikləri halda onlara ödənə bilər. Qadın istərsə, bu məbləği daha da azaltmaq şərtilə icazə müddətini 4 ilə qədər artıra bilər. Əgər uşaq problemli dünyaya gəlibsə, 3 illik müddət 6 ilə qədər də artırıla bilər.

Çexiya Senatının 2017-ci il aprelin 19-da təsdiq etdiyi qanun layihəsinə görə, ata, yaxud məhkəmənin uşaq üzərində təyin etdiyi qəyyum buna qədər tibbi sığorta üçün ödənişlər edibsə, ona analıq məzuniyyətində olan qadınlar kimi məvacibinin baza hissəsinin 70 faizi ödənilir. Hökumətin fikrincə, maliyyə dəstəyinin bu növü valideynlərlə uşaqlar arasında münasibətlərin möhkəmlənməsinə xidmət edir və kişiləri uşaqlara qulluq prosesinə qoşulmağa sövq edir. Onu da deyək ki, ödənişli məzuniyyət hüququ doğum haqqında şəhadətnamədə adı körpənin atası kimi qeyd olunmuş, yaxud məhkəmə tərəfindən uşağın qəyyumu təyin edilmiş kişilərə verilir. Estoniya təcrübəsində isə doğuşdan 70 gün öncəni də nəzərə almaqla 18 ay analıq icazəsi verilir və bu müddətdə qadınlar məvaciblərini də alırlar. Burada atalar üçün də doğumdansonrakı 3-cü ayda başlamaq üzrə ödənişli icazə haqqı var. İngiltərədə 52 həftə olan analıq məzuniyyətində icazənin ilk həftə məbləğinin 90 faizi anaya ödənir, sonrakı həftələrdə həftəlik 130 ingilis sterlinqi ödəmə həyata keçirilir. Qanuna edilən son dəyişiklikdən sonra isə 2015-ci ildən etibarən bu icazədən istər ana, istərsə də ata istifadə edə biləcək. Amerikada, orta hesabla, 10-12 həftə, Afrikada 10 həftə, Asiya ölkələrində də orta hesabla, 8-10 həftə arasında dəyişməkdədir.

Almaniyada valideynlərə verilən ödənişli doğum icazəsi 14 həftədir. Burada dövlət valideynlərə, təxminən, 1n 800 avro maaş ödəyir. Ödənişsiz icazə müddəti isə həm ana, həm də ata üçün uşaq 3 yaşına çatana qədər uzadıla bilir. Avropanın daha bir ölkəsi Fransada 16 həftə olan ödənişli doğum icazəsi, üçüncü uşaqdan sonra 26 həftəyə qədər uzana bilir. Ödənişsiz icazə söhbəti gündəmə gələrsə, bu halda ata-anaya bu icazədən necə istifadə edəcəkləri ilə bağlı variantlar təqdim olunur. Valideynlər öz aralarında razılaşaraq, icazə müddətini 104 həftəyə qədər uzadır. Sinqapurda isə yeni ata olanlar da iş yerindən 1 həftəlik ödənişli məzuniyyətə buraxılırlar. Finlandiya hökuməti ataların uşaqları ilə daha çox vaxt keçirmələrini təmin etmək məqsədilə hər iki valideynə eyni müddətə icazə verilməsini məqsədəuyğun sayıb. Bu ölkədə ödənişli valideynlik məzuniyyəti 164 günə, ümumilikdə isə 14 aya qədərdir. Polşa qanunlarına görə, istənilən ata övladı doğulduqdan etibarən iki il ərzində, iki həftəlik məzuniyyət hüququna malikdir. Vətəndaş bu məzuniyyətdən iki il ərzində istifadə etməzsə, artıq bu hüququnu itirmiş olur. Bəzən inkişaf etmiş ölkələrdə də atalar məzuniyyətin bu növündən istifadə etmirlər. Məsələn, 2019-cu ilin statistikasına görə, Polşada 61,1 min nəfərdən çox insan atalıq məzuniyyəti hüququndan istifadə edib. Bu isə ötən illə müqayisədə 2,3 min nəfər artıqdır. Bu rəqəmlər Polşa hökümətini qane etmir və hökümət “atalıq məzuniyyəti”nin yeni atalar arasında təşviq edilməsinin yollarını axtarır.

Cəmiyyət atalıq məzuniyyətinə hazır deyil

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən sosioloq-alim Əhməd Qəşəmoğlu deyib ki, hazırda Azərbaycan cəmiyyəti atalıq məzuniyyətinə hazır deyil: “Əslində, bu məsələ ətrafında çox müzakirə aparmışam.

Cəmiyyətimiz getdikcə mürəkkəbləşir, həssaslaşır. Yəni, insanlar arasında münasibətlər dəyişir. Müzakirə etdiyimiz atalıq məzuniyyəti elə cəmiyyətin bu həssaslığından irəli gəlir. Xaricdə bu praktika çox geniş yayılıb. Təəssüf ki, Azərbaycanda bizə lazım olan, milli tərəqqiyə, dövlətin möhkəmləməsinə kömək edən, adət-ənənə əsasında yaradılmış ailə modelimiz yoxdur. Buna görə də ailədə kişinin, qadının rolları barədə qarışıqlıq var. İndi 50 il bundanqabaqkı kimi düşünmək, ailəni o cür təsəvvür etmək mümkün deyil. Qloballaşma sürətlə gedir, cəmiyyət mürəkkəbləşir. Belə zamanda ailə məzmunca da dəyişir. Mahiyyət etibarilə ailənin cəmiyyətin fundamenti olduğunu bilirik. Əvvəlcə ailə modelini müəyyənləşdirmək lazımdır. Bundan sonra kişinin, qadının funksiyası, məzuniyyətdən istifadə etmək yolları bəlli olacaq. Düzdür, ənənəvi olaraq, Azərbaycan uşaqlarının tərbiyəsi, yetişdirilməsi, onlara qayğı göstərmək anaların öhdəsinə düşüb. İstər instinkt, istərsə də adət olaraq, bu sahədə qadınların rolu, təcrübəsi daha böyükdür. Ailənin iqtisadi problemlərinin həlli, onun müdafiəsi isə kişilərin öhdəliyidir. Evdə vəzifə bölgüsündə yeni baxış varsa, o zaman funksiyaları aydınlaşdırmaq lazımdır. Doğrudan da ailənin möhkəmlənməsində, yaxud digər istiqamətlərdə sosial-iqtisadi problemlər varsa, o zaman ataya məzuniyyət verilməsinə böyük ehtiyac var. Ata məzuniyyət vaxtından səmərəli istifadə edə bilər. Qanunvericilikdə qeyd olunan 14 gün məsələsi formal bir şeydir. Ölkəmizdə bu sahədəki vəziyyət olduqca qarışıqdır”.

Qanun mövcuddur, amma...

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə hesab edir ki, qanunvericilikdə övladlarla, uşaqlarla bağlı məzuniyyət məsələsində atalara da məzuniyyət verilməsi öz əksini tapıb:

“Orada qeyd edilir ki, valideyn – ana və ya ata üç il ərzində məzuniyyətə çıxa bilər. Onun da biri ili ödənişli əsaslarla, iki ili isə öz hesabına olur. Yəni, əgər evdə, ailədə qadının məvacibi kişinin məvacibindən çox olarsa, o zaman qarşılıqlı razılıq əsasında kişilər məzuniyyət götürə, uşağa baxa bilər. Əslində, bizdə belə bir ənənə, təcrübə yoxdur. Həm də mentalitet buna bir o qədər imkan vermir ki, evin kişisi məzuniyyət götürüb uşağa baxsın. Həmçinin, bizdə kişilərin əməkhaqları qadınların əməkhaqlarından yüksək olur. İstəyən məzuniyyətini götürə bilər. Qanunvericilikdə bununla bağlı nə isə əlavələr etməyə, hansısa zəruri dəyişikliyə ehtiyac yoxdur”.