Koronavirusdan sağalmış şəxslərin sonrakı həyatı nəzarət altında saxlanılırmı?- AÇIQLAMA

11:28 04.08.2020 Müəllif:Ruzbeh Məmməd
Yazını böyüt
Yazını kiçilt

Koronavirusa yoluxma sayı əvvəlki günlərə nisbətən azalmağa başlayıb. Belə ki, yoluxma sayı 500-dən 200-ə qədər enib. Virusa yoluxmuş xəstələr evə buraxılır. Lakin tibb ekspertləri bildirir ki, sağalmış şəxslərdə virusun izləri qalır, fəsadları sonradan biruzə verə bilər. Bunun üçün o xəstələr nəzarət altında saxlanılmalıdır.

Bəs görəsən TƏBİB sağalmış xəstələrin səhhətini nəzarətdə saxlayırmı, o xəstələr təkrar yoxlanışdan keçirlərmi?

TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva hafta.az-a açıqlamasında bildirdi ki,  bildiyiniz kimi, sağalmış xəstələr  xəstəxanadan evə buraxılan zaman, onlar 14 günlük təcriddə olacaqları ilə bağlı iltizam imzalayırlar:

“Xüsusilə xəstəliyi ağır keçirmiş şəxslərə evə buraxılarkən həkim tərəfindən bir sıra tövsiyələr olunur: tənəffüs məşqləri, qidalanma rejimi, gündəlik həyat tərzində davranışlar və s. Lakin xəstələr evə buraxıldıqdan sonra, artıq sahə həkiminin nəzarətində olur ki, bu da TƏBİB tərəfindən deyil, evdə müşahidə və müalicə bildiyiniz kimi, Səhiyyə Nazirliyinin səlahiyyətindədir”.

Tibb eksperti, professor Adil Qeybulla isə hesab edir ki, koronavirusa yoluxmuş xəstələr, xüsusilə də xəstəliyi ağır keçirmiş xəstələr sağaldıqdan sonra da müəyyən qaydalara əməl etməlidirlər:

“Bu hala daha çox kliniki yaxşılaşma deyilir. İnsanlar arxayın olmamalıdırlar. Həmçinin ikinci dəfə yoluxma riski də ola bilər. Bunların tam sağalması üçün müəyyən vaxt lazımdır. Bu sanki müharibədən çıxmış xalqı xatırladır. Prosesdən sonra orqanizmin özünü bərpası üçün qaydalara diqqətlə əməl olunması vacibdir. Həm zaman, həm rejim önəmlidir. İnsanlar ayrı-ayrı yerlərdə kondisioner olan şəraitdə oturmamalıdır. Sosial məsafə gözləməli, masqa istifadə etməlidir. Onlar arxayın olmamalıdır ki, xəstəliyi keçirib, sağalıb daha yoluxmayacaq”.

Ekspert virusun tamamilə çəkilməsinə isə münasibət bildirərkən dedi ki, əgər karantin qaydaları ciddi olsa idi, may ayı bu virus tamamilə çəkilə bilərdi:

“İnsanların davranışı isə əksinə oldu. Məsələ ondan ibarətdir ki, virusun mövcudluğu 8-9 ay çəkir. Ona görə də yəqin payızın sonuna qədər məhv olub gedər. Amma qaydalara əməl edilməlidir. Olunmasa ikinci dalğanın şahidi ola bilərik. Bu dövrdə müəyyən vərdişlərə yiyələnmək lazımdır”.

Oxunma sayı 2266