Korrupsiyanı əngəlləyə bilməyən audit yoxlamaları - Aktual

12:32 15.04.2021 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda əksər auditorların sərbəstliyi azdır və kimdənsə asılıdırlar

Hər il Hesablama Palatası büdcə təşkilatlarında apardığı audit yoxlamalarına dair hesabatını açıqlayır. Həmin hesabatlardan aydın olur ki, müxtəlif illərdə büdcədən maliyyələşən təşkilatlar vəsaitlərin xərclənməsində ciddi qanun pozuntularına yol veriblər. Məsələn, indiyədək sosial müdafiə, kənd təsərrüfatı sistemində aşkarlanan büdcə mənimsəmələrinin həcmi milyon manatla ölçülür. Həmin yeyintilərlə bağlı səs-küylü həbslər də baş verib.

Buna baxmayaraq, büdcə mənimsəmələrinə bu gün rast gəlinir və bəzi qurumlar çox rahat bir şəkildə dövlətin ayırdığı vəsaiti havaya sovurmaqla məşğuldurlar. Mütəxəssislərin əksəriyyəti isə bu məsələdə Hesablama Palatasını günahkar sayırlar. Onların fikrincə, iri təşkilatlarda büdcə vəsaitlərinin istifadəsinə nəzarət lazımı səviyyədə həyata keçirilmədiyindən həmin qurumlara məsul şəxslər heç nədən çəkinmədən dövlətin ayırdığı vəsaiti özününküləşdirməklə məşğuldurlar.

Bəs, görəsən, istər dövlət, istərsə də özəl qurumlarda audit yoxlamalarının aparılması necə tənzimlənir? Bu prosesə özəl təşkilatlar cəlb olunurmu? Yerli auditorlara daxili inam hansı səviyyədədir? Korrupsiyanın aradan qaldırılmasında audit yoxlamalarının əhəmiyyəti nə dərəcədə özünü doğruldur? 

Mövzu ilə bağlı hafta.az-la fikirlərini bölüşən iqtisad elmləri doktoru, professor Əli Əlirzayev deyir ki, 2001-ci ildən fəaliyyət göstərən Hesablama Palatası Milli Məclis tərəfindən Azərbaycan Respublikası Konstitusiyasının 92-ci maddəsinə uyğun olaraq yaradılıb:

“Hesablama Palatasının funksiyası çoxşaxəlidir. Məsələn, Palata dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcələrinin layihələrinə rəy vermək, onların büdcələrinin gəlir və xərc maddələrinin həcmi, strukturu və təyinatı üzrə vaxtında icrasına nəzarət etmək, dövlət büdcəsinin icrası barədə illik hesabata və müvafiq qanun layihələrinə rəy vermək, dövlət büdcəsindən maliyyələşdirmələrin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edildiyi kimi aparılmasını təhlil etmək, aşkar edilmiş kənarlaşmaların aradan qaldırılması, habelə bütövlükdə büdcə prosesinin təkmilləşdirilməsi haqqında təkliflər hazırlayıb Milli Məclisə təqdim etmək, dövlət əmlakının idarə edilməsi, onun barəsində sərəncam verilməsi və dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olmasına nəzarəti həyata keçirmək kimi funksiyaları yerinə yetirir. Bundan başqa, Palata Milli Məclisin və onun daimi komissiyalarının tapşırığı ilə dövlət büdcəsi və büdcədənkənar dövlət fondları ilə bağlı qanun layihələrinin, Milli Məclisdə təsdiq edilən Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrin maliyyə ekspertizasını keçirmək, dövlət büdcəsi vəsaitlərinin xəzinə hesabına daxil olmasının və istifadəsinin təsdiq olunmuş dövlət büdcəsində müəyyən edilmiş göstəricilərə uyğunluğunu təhlil edib Milli Məclisə məlumat vermək, dövlət büdcəsinin vəsaitlərinin və büdcədənkənar dövlət fondlarının vəsaitlərinin bank hesablarında hərəkəti barədə Mərkəzi Bankdan və müvəkkil banklardan, kredit təşkilatlarından məlumatlar alıb təhlil etmək və Azərbaycan Respublikasının Milli Məclisinə təkliflər vermək, dövlət büdcəsinin və icmal büdcənin gəlirlərinin və xərclərinin, o cümlədən büdcədənkənar dövlət fondlarının auditini aparmaq kimi funksiyaları da icra edir”.

Professor bildirir ki, Hesablama Palatası istənilən vaxt dövlət büdcəsi üzərində nəzarəti təmin etmək məqsədilə dövlət büdcəsindən maliyyələşən təşkilatda yoxlamaları həyata keçirə bilər: “Bununla bağlı, Palatanın illik planı olur. Həmin plan əsasında da yoxlamalar həyata keçirilir. İkinci tərəfdən, ola bilər ki, ayrı-ayrı müəssisələr, təşkilatlar da özləri audit yoxlamaları ilə bağlı Palataya müraciət etsinlər.

Audit o demək deyil ki, hansısa təşkilata cərimə yazılsın, qanunsuzluq aşkarlansın. Audit o deməkdir ki, yoxlama aparılır və müəssisənin maliyyə səhvləri ortaya qoyulur.  Bu səhvlərin nələrə gətirib-çıxaracağı müəssisə rəhbərliyinə bildirilir.

Təbii ki, bizdə təkcə Hesablama Palatası audit aparmır. Bu işdə özəl auditorlar, hətta beynəlxalq audit şirkətləri də iştirak edirlər. Onların hər birinin də əsas məqsədi büdcə çatışmamazlığını, xərc strukturunda olan çatışmazlıqları qabaqcadan yoxlamaqdır. Bəzi təşkilatlar çalışırlar ki, işi beynəlxalq səviyyəli auditora yoxlatdırsınlar . Düzdür, ölkəmizdə audit və mühasibatlıq üzrə yetərincə kadr potensialı mövcuddur.

Azərbaycanda əksər auditorların sərbəstliyi azdır və kimdənsə asılıdırlar. Bu baxımdan inam aşağı səviyyədədir. Digər tərəfdən biz bilməliyik ki, büdcədə yeyintinin olması korrupsiyadır. Bu, bir adamın işi deyil və yeyinti zəncirvari prosesdir. 

Puldur da, pulu mənimsəmək üçün hər cür varianta əl atırlar. Yəni, büdcə vəsaitlərinə nəzarəti audit təşkilatları həyata keçirsələr də, bəzən onlar da korrupsiya qoşulurlar. Bu baxımdan bəzən düzgün yoxlama aparılmır. Belə olan təqdirdə, audit yoxlamalarının korrupsiya hallarının aradan qaldırılmasında əhəmiyyəti də aşağı düşür.

Hesab edirəm ki, bu sahədə rəqabətli mühit yaradılmalıdır. Auditor tək olanda monopoliya yaranır. Belə olan halda vəsaiti istifadə edən subyektlə razılaşır, yoxlama da düzgün aparılmır. Ona görə dövlət qurumlarını həm də müstəqil audit şirkətləri araşdırmalıdır. Bu halda rəqabət mühiti yaranacaq və auditorlar da düzgün yoxlama aparmaqda maraqlı olacaqlar. Nəticədə büdcədən maliyyələşən təşkilatlar korrupsiyaya yol açan əməllərdən çəkinəcəklər”.

Mövzu ilə bağlı hafta.az-a danışan keçmiş maliyyə naziri, iqtisad elmləri doktoru, professor Fikrət Yusifov bildirir ki, əslində, Hesablama Palatasının fəaliyyətini qənaətbəxş saymaq olmaz:

“Bu qurum öz vəzifə səlahiyyətlərinin heç 10-15 faizini belə yerinə yetirmir. Yəni, əslində bu Palata dövlətin böyük maliyyə resurslarının həm düzgün planlaşdırılması, həm düzgün istifadəsi, təyinatının düzgün müəyyən olunması üzərində nəzarəti həyata keçirməlidir. Ancaq təəssüflər olsun ki, bizdə Palatanın fəaliyyəti bu qurumun öncəki, eləcə də indiki rəhbərliyi tərəfindən tamamilə dar çərçivəyə salınıb və fəaliyyət əsasən, kiçik müəssisələrinin yoxlanılması üzərində qurulub.

Məsələn, bu yaxınlarda mətbuatdan oxudum ki, Hesablama Palatası Elmlər Akademiyasında 10 milyon manatlıq qanunsuzluq aşkar edib və bu işi Respublika Prokurorluğuna göndərib. Bildiyim qədər Elmlər Akademiyası hansısa təşkilatla müqavilə bağlayıb və həmin vəsaiti təşkilatın hesabına köçürüb. Səhv etmirəmsə, müqavilə bağlanan tərəf mətbəə orqanı olub və götürdüyü öhdəliyi, yəni, çap məhsullarını vaxtında sifarişçiyə təhvil verməyib. Təsəvvur edirsinizmi, 27 milyard manat büdcəsi olan bir ölkədə 10 milyon manatlıq faktı bu şəkildə təqdim olunur. Yəni, Palatanın fəaliyyəti belə epizodik, çox xırda, mənim nəzərimdə olduqca gülməli bir məsələlər üzərində qurulub.

 Bu yaxınlarda Palatada böyük bir dəyişiklik oldu və 5 auditordan 4-ü vəzifəsindən kənarlaşdırıldı. Həmin auditorların fəaliyyətini az-çox izləyirdim, bəzilərini də tanıyıram. Burda söhbət auditorların işdən çıxarılmasından, onların yerinə yenilərinin gəlməsindən getmir. Söhbət Palatanın işinin əsaslı şəkildə180 dərəcə tamamilə yenidən qurulmasından gedir. Məsələn, Bakı-Quba yolunda 1 milyard dollarlıq 30 il təminatla yol çəkilib. Həmin yol 5 ildən sonra dağıldı. Palata orada bir dəfə yoxlama aparıbmı? Dövlətin 1 milyard dolları niyə havaya sovruldu? Hesablama Palatası bunları yoxlamalıdır. Palata gedib büdcə təşkilatları arasında ən az maliyyə təchizatı olan mədəniyyət şöbələrini yoxlayır, oradakı əməkhaqqı öhdəliklərini araşdırır. Halbuki bu sahədə çalışanlar büdcə təşkilatları arasında ən aşağı əməkhaqqı alanlardır. Bu çox gülməli mənzərədir. Hesab edirəm ki, bu quruma yeni ab-hava vermək lazımdır”.

Hesablama Palatasına yeni səlahiyyətlərin verilməsi məsələsinə gəlincə, Fikrət Yusifov deyib ki, sözügedən qurumun normal fəaliyyət göstərməsi üçün yetərincə səlahiyyəti mövcuddur: “Mən bu ölkənin maliyyə naziri işləmişəm və bu işləri də çox gözəl bilirəm. Vaxtilə Palatanın yaradıcılarından biri də mən olmuşam. Bir müddət əvvəl ölkə Prezidenti bu quruma yeni səlahiyyətlər verdi. Yəni, onların hərtərəfli fəaliyyət üçün yetərincə səlahiyyətləri var. Sadəcə olaraq Hesablama Palatası hazırda öz öhdəliklərinin ən yaxşı halda 10-15 faizini yerinə yetirir.

Baxın sizə üç rəqəm deyirəm: 27 milyard manat civarında dövlət büdcəsi, 50 milyard dollar civarında Neft Fondu, 80 milyard manatdan yuxarı aktivləri və kapitalı olan Dövlət Neft Şirkəti. Prezident bu şirkətləri vəsaitləri düzgün istifadə etmədiklərinə, alışları düzgün həyata keçirmədiklərinə görə neçə dəfə təndiq etdi. Niyə, Hesablama Palatası Dövlət Neft Şirkəti, “AZAL”, “Azərsu”, “Azəriqaz”, “Azərenerji” və s. kimi qurumlarda yoxlama aparmır?

  Böyük məbləğdə yatırımların durumunu yoxlamır? Hesablama Palatası nə ilə məşgul olur? Dediyim kimi, bağça yoxlayır, mədəniyyət şöbəsi yoxlayır və s. Sovet dönəmində də qara iqtisadiyyat, oğurluq var idi. Məsələn, bir toxuculuq fabrikində fəhlə axşam işdən evə gedəndə bir cüt corabı qoynunda gizlədib 5 manat qazanırdısa, onu tutub 3 il iş verirdilər. Amma maşınlarla oğurluq mal çıxırdı, ona heç kim heç nə demirdi. Bizim Hesablama Palatasının bugünkü fəaliyyəti faktiki olaraq həmin mənzərəni xatırladır. Yəni, iri vəsaitlərin dövr etdiyi qurumları yoxlamaqdansa, hansısa bağçada yeməyin içinə ət,yoxsa, noxud atıldığını yoxlamaq sadəcə ayıbdır. Hesab edirəm ki, bu cür fəaliyyətlə belə bir təşkilatın mövcudluğuna ehtiyac yoxdur. Dövlətin onun saxlanmasına xəclədiyi pullar sadəcə heyifdir”.