“Kremlin Xankəndində baş konsulluq açması təklifinə sadə məsələ kimi baxmaq olmaz”

14:58 04.06.2024 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Moskvanın Xankəndində baş konsulluq açması təklifinə sadə məsələ kimi baxmaq lazım deyil. Belə ki, həmin qurum gələcəkdə 2023-cü ilin sentyabr əməliyyatlarınadək Azərbaycanın Qarabağ torpaqlarında yaşamış Rusiya vətəndaşı olan ermənilərin mənafelərinə  xidmət edəcək bir diplomatik ocaq ola bilər. Odur ki, bu, Azərbaycan dövlətinin mənafelərinə o qədər də uyğun deyil”.

Milli İstiqlal Partiyasının fəxri lideri Etibar Məmmədov hafta.az-a açıqlamasında hələ də gündəmdə olan Rusiyanın Xankəndində baş konsulluq açması təklifinə münasibət bildirərkən belə deyib.

“Moskvanın bu təklifi eyni zamanda işğaldan azad edilmiş Azərbaycan ərazilərində dolayısıyla kəşfiyyat, təhlükəsizlik işlərini gücləndirmək niyyətləri ilə də bağlı ola bilərmi?” sualını siyasətçi belə cavablandırıb:

“Rusiya kəşfiyyatı onsuz da istənilən halda işləyir, işini görür. Əsas bu məsələ deyil, əsas status məsələsidir. Konsulluq adətən o yerlərdə açılır ki, orada onun mənsub olduğu ölkənin vətəndaşlarına xidmət zərurəti yaransın. Hazırda isə Xankəndidə, yaxud ətraf ərazilərdə yaşayan azərbaycanlılar arasında da Rusiya vətəndaşı yoxdur. Bu yalnız əvvəl Qarabağda yaşamış və hazırda Ermənistanda məskunlaşmış Rusiya vətəndaşlığı olan müəyyən sayda ermənilərə aid ola bilər”.

“Yəni məntiqlə belə çıxır ki, Kremlin hələ də Ermənistanda Paşinyan hakimiyyətinin devrilməsinə və Qarabağ klanının yenidən iqtidara qayıtmasına nail olacağı halda erməniləri Qarabağa qaytarmaq planları qalır?” sualını isə Ertibar Məmmədov qısa cavablandırıb:

“Bəli, perspektiv planlarında erməniləri Qarabağa qaytarmaq var. İndi də alınmasa, gələcəkdə də bu istiqamətdə çalışacaqlar”.

Siyasət rubrikasından digər xəbərlər