Kütləvi məzarlıqlar illərlə bizim dediyimiz həqiqətləri bir daha ortaya qoyur - hüquqşünas

09:29 08.09.2023 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

“Təcavüz aktı tək ərazilərin işğalı, bugünkü erməni arsızlığı, sərsəmləməsi ilə deyil, həm də insanların kütləvi qırğını ilə müşayət  olunur ki, onun sübutları aşkar olunan kütləvi məzarlıqlarla da ortaya çıxır”.

Bunu hafta.az-a siyasi şərhçi, hüquqşünas  Əli Mustafa erməni separatçılarının Azərbaycana qarşı absurd iddialarının beynəlxalq müstəvidə qabardılması, qarşısının alınması üçün atıla biləcək addımlarla bağlı açıqlamasında bildirib.

O, bu gün ərzaq köməyini qəbul etməyən hayların humanizmdən anlamadığını və daim tətikdə olmağımızda fayda olduğunu deyib.

Hüquqşünas hesab edir ki, erməni hay-küyünün qarşısında Azərbaycan ictimaiyyəti bu xalqın Azərbaycanda törətdiyi qırğınları, torpağına, insanına qarşı soyqırımları hər gün anlatmalı və erməni oyunlarını ortaya çıxarmalıdır.

Ekspert hesab edir ki, bu prosesdə həm də işğaldan azad olunmuş ərazilərdəki kütləvi məzarlıqların üzərində dayanılmalı, beynəlxalq ictimaiyyətin diqqətini bu fakta çəkməli, - “baxın sizin humanitar fəlakətdən danışan ermənilərin əsl siması budur” deməlidir.

“Azərbaycan ərazilərində aşkarlanan kütləvi məzarlıqlar illərlə bizim dediyimiz həqiqətləri bir daha ortaya qoyur. Bu, bir daha sübut edir ki,  ermənilər Azərbaycan torpaqlarında, Azərbaycan xalqına qarşı kütləvi vəhşilikər törədiblər, qan töküblər. Əslində bu, ermənilərin azərbaycanlılara, türklərə qarşı 100 illər boyu törətdiyi soyqırımın ən bariz nümunələrindən biridir.  Bu faktları toplayıb ortaya qoymaq erməniləri soyqırımı törədən faşist kimi mühakimə etmək lazımdır.

Amma beynəlxalq ictimaiyyət gəlib bizim əvəzimizə istintaq aparıb ermənilərə qarşı tədbirlər görən deyil. Bunu biz etməliyik. Azərbaycan dövləti olaraq  Azərbaycan ərazilərinin kəndlərin, şəhərlərin dağıdılması, kütləvi qırğınlar törədilməsi ilə bağlı faktları toplayıb, müvafiq qurumlara,  beynəlxalq məhkəmələrə təqdim etməliyik. Bununla yanaşı, bütün QHT-lər, diasporalar, media, bloggerlər  xaricdə susmamalıdır. Hətta bunun üçün xaricdən vəkillər tutulmalıdır. Azərbaycanın müvafiq məhkəmələri də qərarlar verib, beynəlxalq qurumlara məlumat verməli, beynəlxalq tribunal yaradılmalıdır ki, ermənilər layiq olduqları cəzanı alsın”.