Lavrov Fərrux dağında baş verənlərlə bağlı nə dedi?.. -RƏSMİ

17:07 08.04.2022 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

“Azərbaycanın Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olmasının şərtləri Rusiyaya tam aydın deyil”.

Hafta.az xəbər verir ki, “SputnikArmenia”nın yaydığı məlumata görə, Rusiya Xarici İşlər Nazirliyinin rəhbəri Sergey Lavrov ermənistanlı həmkarı Ararat Mirzoyanla görüşün yekunlarına dair birgə brifinqdə Azərbaycan Respublikasının Xocalı rayonu ərazisindəki Fərrux yüksəkliyi haqda suala cavab verərkən belə deyib.

“Rusiya əvvəldən bəyan etdi ki, bizim hərbçilər hadisənin bütün şəraitini araşdırır. Biz əminik ki, Ermənistan Rusiya sülhməramlı kontingentinə güvənir və vaxtaşırı Rusiya tərəfinin məsuliyyət daşıması və rəsmi araşdırmaya çağırışları Rusiya sülhməramlılarının Qarabağda böyük roluna real münasibəti əks etdirmir. Rusiya Federasiyasının sülhməramlı kontingenti regionda sabitliyi və təhlükəsizliyi qoruyur. Kiçik insidentlər olur və biz onların öhdəsindən hərbçilərin xətti ilə gəlirik. Aydınlaşdırmağa ehtiyacı olan şeylər var”.

“Ermənistan ümid edir ki, sülhməramlı kontingent Azərbaycan Silahlı Qüvvələrini ilkin mövqelərinə qaytaracaq və status-kvonu bərpa edəcək” –bunu isə Ermənistan XİN rəhbəri Ararat Mirzoyan deyib.

Xatırladaq ki, son aylarda 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Rusiyanın “sülhməramlı” sayılan qüvvələrinin nəzarətində olan Fərrux kəndi yaxınlığındakı eyni adlı dağdakı yüksəkliklərdə mövqe tutmuş qanunsuz erməni birləşmələri tərəfindən Azərbaycan ordusunun Ağdam rayonu ərazisindəki mövqeləri mütəmadi atəşə tutulub.

Nəticədə 2022-ci il martın 24-də Azərbaycan ordusunun bölmələri Fərrux kəndinə daxil olublar. Eyni zamanda kəndin erməni əhalisi həm Fərrux kəndini, həm də qonşu Pirlər kəndini tərk edib. Ermənistan buna görə Azərbaycanı 10 noyabr razılaşmasını pozmaqda ittiham etsə də, Azərbaycan tərəfi bunu rədd edərək burada mövqelərin və dislokasiya yerlərinin dəqiqləşdirilməsinin aparıldığını bildirib.

27 mart tarixində verilən rəsmi məlumata görə Fərrux kəndi 26 mart tarixində Azərbaycan ordusunun tam nəzarəti altına keçib. Həmçinin Fərrux dağındakı yüksəkliklərin alınması ilə Ağdam şəhəri və rayonun 9 kəndi düşmənin vizual nəzarətindən çıxarılıb, Xankəndi-Ağdərə avtomobil yoluna vizual nəzarət əldə olunub.