Lavrovun yolu Bakıyadır – Şərh

12:54 04.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana işgüzar səfəri gözlənilir. Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova Lavrovun mayın 10-11-də Azərbaycana səfər edəcəyini, mayın 5-6-da isə Ermənistanda səfərdə olacağını deyib.

Lavrovun Bakı səfəri öncəsi isə bir sıra maraqlı məlumatlar yayılıb. Son iki sutka ərzində sosial şəbəkələrdə azərbaycanlı hərbçilərin çəkdikiləri videogörüntülər пайлашылыб. Kadrlarda Xandəndidən çıxarılan erməni ordusunun kolonu görünür. Ağır texnika kolonu Laçına tərəf hərəkət edir. Digər kadrlarda  “KAMAZ” kolonu görünür, bunlardan adətən canlı qüvvənin daşınmasında istifadə olunur. Hərbçilərin şərhlərinə görə, Ermənistan Silahlı Qüvvələri Qarabağdan çıxarılır, amma rəsmi olaraq bu barədə heç nə deyilmir.

Azərbaycanlı hərbçilərin çəkdikləri digər kadrlarda Azərbaycan Silahlı Qüvvələrinin Əsgəran rayonunda Qarov kəndi ilə üzbəüz mövqeləri göstərilib. Həmin yüksəkliklərdən erməni tərəfinin mövqeləri aydın görünür, Xankəndi və Əsgəranın ətrafını da görmək olur. Xatırladaq ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən erməni qüvvələr Qarabağdan çıxarılmalıdır, lakin erməni tərəfi bu bəndin yerinə yetirilməsini hər vəchlə yubadır.

Rusiya XİN rəhbərinin İrəvana səfərdən 5 gün sonra Bakıya gəlməsi birmənalı qarşılanmır. Belə güman edilir ki, Lavrovun “portfelində” hansısa təkliflər olacaq və onlar ətrafında İrəvanda danışıqlar aparılandan sonra Kremldə müzakirəsinə ehtiyac yaranacaq. Maraqlıdır, bu səfər zamanı Lavrov hansı məsələ ilə bağlı Azərbaycanı razı salmağa çalışacaq. Prezident Putin onu bölgəyə hansı missiya ilə göndərir? Hafta.az bu suallara cavab tapmağa çalışıb.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb

Elxan Şahinoğlu, politoloq:

Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb. Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlli ilə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi. Lavrov yenə gəlir. Rusiyanın xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə - Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb. Moskva bu gedişatdan narahatdır. Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “Birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil. Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz. Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır.

Rusiyanın ən böyük qayğısı, problemi Ermənistandır

 

Tofiq Abbasov, siyasi ekspert:

Rusiya XİN rəhbərinin Bakıya səfəri regiondakı vəziyyətlə əlaqəlidir. Azərbaycan münaqişənin həllini hərbi yolla bitirsə də, Ermənistan  bununla razılaşmır. Ortada üçtərəfli saziş və yerinə yetirilməsi tələb olunan müddəlar var. Azərbaycan üzərinə düşən işləri vaxtlı-vaxtında yerinə yetirsə də, Ermənistan həm anlaşılmaz mövqe sərgiləyir, həm də bəzi qüvvələr orada hökumətin adından cəfəng danışırlar.  Hökumətin daxilində xarici işlər naziri və baş nazir arasında olan ixtilaflar Ermənistandakı böhranı açıq şəkildə göstərir. Bir yandan siyasi qeyri-sabitlik, işsizlik, təminatsızlıq bu gərginliyi doğuran əsas səbəblərdir. Ona görə də Rusiyanın ən böyük qayğısı, problemi Ermənistandır. Rusiyanın Azərbaycanla bağlı elə bir müşkül məsələsi yoxdur. Birincisi, ona görə ki, Bakı ilə Moskva arasında siyasi dialoq sabiq axarda davam edir, digər tərəfdən qarşılıqlı anlaşma var. Bəli, vaxtaşırı regionda sülhməramlılarla bağlı problemlər yaransa da, münasibətlərimizdə qaranlıq məqamlar yoxdur.  Rusiya ilə Ermənistan arasında çox böyük qalmaqallı problemlər yaşanır. İndi Ermənistanda Rusiyanı satqın ölkə adlandırırlar. Ermənilər üçtərəfli bəyanatda Azərbaycanla yanaşı Ermənistanın da imzasının olmasını özləri üçün problem görürlər. Məhz bununla bağlı Rusiyanın böyük narahatçılığı olduğuna görə Lavrov bölgəyə səfər edir. Lavrov çalışacaq ki, bütün bu problemlərin çözümü ilə bağlı aydın bir mənzərə yaratsın. Təbii ki, Ermənistanı da inandırsın ki, belə getsə Rusiya hansısa qeyri-adi təsirlərə əl atmış olacaq.  Müttəfiqlik əlaqələri olan Ermənistanın Rusiyanı satqın adlandırmasını Rusiya həzm edə bilmir. Rusiyanı regionda qeyri-konstruktiv əməllərə imza atması ilə hədələyir və bildirir ki, onların alternativ çıxış yolları da var. Bütün bunlar hamısı bizim diqqətimizdə olan məsələlərdir, Azərbaycanın siyasi rəhbərliyi bu prosesləri tənzimləyir. Lavrovun Bakı səfəri zamanı Qarabağda keçiriləcək 9 may paradı ilə bağlı Azərbaycanı sakitləşdirmə cəhdlərinin olacağı ehtimalı real deyil. Qarabağda keçiriləcək 9 may paradını şişirtmək lazım deyil. Bu paradda Azərbaycanın da payı var, o müharibədə Azərbaycanın da oğul qızları döyüşüb. O ki qaldı məhz Rusiya sülhməramlılarının Azərbaycanada özbaşına parad keçirmək məsələsinə, Azərbaycan rəhbərliyinin buna münasibəti olacaq. Hökumətin özünün bu məsələyə münasibəti var. Lavrovun bu məqsədlə Bakıya gəlib Azərbayacanı sakitləşdirmək niyyətinə də inanmıram, çünki Azərbayacan sakitdir”.

 

Oxunma sayı 380