Maaş və pensiyalar nə qədər artacaq?

13:14 05.10.2023 Müəllif:Sevinc Osmanova
Yazını böyüt
Yazını kiçilt

2024-cü ilin dövlət büdcəsinin gəlirləri 33 milyard 765 milyon manat, xərcləri 36 milyard 355 milyon manat, kəsiri 2 milyard 590 milyon manat nəzərdə tutulur. Funksional təsnifat üzrə 2024-cü ildə iqtisadi fəaliyyət xərclərinə 7 milyard 380  milyon manat (xüsusi çəkisi 20,3 faiz), ümumi dövlət xidmətləri üzrə xərclərinə 4 milyard 814,9 milyon manat (xüsusi çəkisi 13,2 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 6 milyard 421 milyon manat (xüsusi çəkisi 17,7 faiz), səhiyyə xərclərinə 1 milyard 871,3 milyon manat (xüsusi çəkisi 5,2 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 542,2 milyon manat (xüsusi çəkisi 12,5 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 2 milyard 956,7 milyon manat (xüsusi çəkisi 8,1 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 5 milyard 74,8 milyon manat (xüsusi çəkisi 1,6 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə 1 milyard 392,7 milyon manat (xüsusi çəkisi 3,8 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə isə 364,8 milyon manat (xüsusi çəkisi 1,0 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır. Eyni zamanda 2024-cü ildə Azərbaycanda əhalinin nominal gəlirləri 84,1 milyard manat, nominal xərcləri isə 81,4 milyard manat proqnozlaşdırılıb. Bu isə 2023-cü illə müqayisədə müvafiq olaraq 8,3 faiz və 8,6 faiz çoxdur. Gələn il həmçinin, orta aylıq əməkhaqqı 980 manat proqnozlaşdırılıb. Bu isə 2023-cü il üzrə müəyyən edilən göstəricidən 5,4 faiz çoxdur.

Yeri gəlmişkən, qarşıdakı illərdə Azərbaycanda ortaaylıq əməkhaqqının hansı templə artacağı məlum olub. İqtisadiyyat Nazirliyinin hazırladığı yeni proqnoza əsasən, bu ilin sonunda ortaaylıq əməkhaqqı 930 manat təşkil edəcək. Ortaaylıq əməkhaqqının məbləği gələn il 980 manata, 2025-ci ildə 1038 manata, 2027-ci ilin sonunda isə 1153 manata çatacaq. Əməkhaqqının artım göstəriciləri hesablanan zaman ÜDM-in nominal həcminin 2023-cü ildəki 120 milyard manatdan 136 milyard manata qədər, dövlət büdcəsinin xərclərinin 36,6 milyard manatdan 40 milyard manata qədər artacağı, illik inflyasiyanın isə 9,5 faizdən 4,2 faizə qədər azalacağı ehtimalı nəzərə alınıb. Eyni zamanda nəzərə alınıb ki, Azərbaycanın ixrac etdiyi neftin qiyməti 60 dollar olacaq.Əgər qarşıdakı illərdə neftin ixrac qiyməti 60 dollardan çox yüksək olarsa, iqtisadiyyatda yaradılan əlavə dəyərin həcmi daha çox artarsa, eyni zamanda inflyasiya səviyyəsi daha da aşağı düşərsə, o zaman maaşlardakı artım sürəti bir qədər də yüksələcək.

Qeyd edək ki, 2023-cü ilin avqustun 1-də ortaaylıq əməkhaqqı 925 manat olub. Bundan bir ay əvvəl orta əməkhaqqı 922 manat, üç ay əvvəl isə 900 manat idi. İlin sonunda orta maaş məbləğinin proqnoz məbləğdən bir qədər yüksək olması gözlənilir.

Bəs, görəsən, yeni ildən maaş və pensiyalarda nə qədər artım gözlənilir? 2024- cü ildə minimum əmək haqqında artım baş verə bilərmi?

Mövzu ilə bağlı Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov deyib ki, gələn ilin dövlət büdcəsindən sosial müdafiə və sosial təminat üzrə xərclərdə artım nəzərdə tutulub: “Bu, 2024-cü ildə sosial təminatın daha da güclənəcəyindən xəbər verir. Belə ki, gələn il birbaşa sosial müdafiə və sosial təminat xərcləri 5 faiz artırılaraq 4 milyard 542 milyon manata çatdırılacaq. Bu rəqəm birbaşa sosial xərclərdir. Bütövlükdə sosial istiqamətli xərclər isə 36 milyard 355 milyon manatlıq büdcə xərclərinin 45 faizindən çoxunu təşkil edəcək. Sosial istiqamətdə daha çox vəsaitlərin nəzərdə tutulması gələn il sosial proqramlara ayrılan vəsaitin artırılacağından xəbər verir. Növbəti yanvardan etibarən bütün növ əmək pensiyaları indeksikasiya olunaraq artırılacaq. Digər sosial istiqamətlərdə də təminatın güclənəcəyi gözlənilir”.

Yeni ildə minimum əmək haqqında artım gözlənilib-gözlənilmədiyinə gəlincə, millət vəkili qeyd edib ki, minimun əmək haqqının artırılması və bütövlükdə sosial təminatın gücləndiirlməsi sosial siyasətin əsas prioritetlərindəndir: "2023-cü ilin yanvarından minimum əməkhaqqı 345 manata qədər artırıldı. İlk dəfə olaraq minimum əməkhaqqı 200 dollarlıq həddi keçdi. Son 4 ildə Azərbaycanda minimum əməkhaqqı 2,9 dəfə artırılıb. Ümumiyyətlə sosial təminatın güclənidirilməsi sosial siyasətin əsas səbəblərindəndir. Bu səbəbdən 2024-cü ildə də sosial paketin genişlənidirilməsi və sosial proqramlara daha çox vəsaitin ayrılacağını gözləyirik".

Mövzu ilə bağlı Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli isə bildirib ki, bu istiqamətdə büdcə xərclərini nəzərə alsaq, gələn il maaşlarda təxminən 10-12 faiz artım gözlənilir: “O qədər də pensiya və müavinətlərdə artım gözlənilir. Amma məsələ burasındadır ki, dövlət büdcəsinin digər geniş imkanları da var. Məsələn, dövlət büdcəsində Prezidentin ehtiyat fondu var və bu ehtiyat fondları hesabına da müəyyən artımların reallaşdırılması mümkündür”.