Mərakeşin Nümayəndələr Palatası məlum zəlzələdən zərər çəkmiş uşaqlara "milli sponsorluq" statusunun verilməsi haqqında qanun layihəsini təsdiqləyib.
Hafta.az-ın yazdığına görə, Baş nazirliyin Milli Müdafiə Administrasiyasından məsul nümayəndəsi Əbdüllətif Ludi Nazirlər Şurasının təsdiqlədiyi qanun layihəsinin məzmununu təqdim etdiyi çıxışında deyib: “Bu mətn Kral VI Məhəmməd tərəfindən yazılıb. Sentyabrın 8-də Yüksək Atlas bölgəsində baş verən güclü zəlzələdən sonra ailələrini itirən və gəlirsiz qalan yetimlərə təcili yardım göstərilməsi Kralın göstərişi çərçivəsində irəli sürülüb”.
Ludi bildirib ki, 3 maddədən ibarət bu qanunun məqsədi milli sponsorluqla bağlı müddəalardan çıxış edərək zəlzələdən zərər çəkmiş uşaqlara “milli sponsorluq” statusunun verilməsi şərtlərini müəyyənləşdirməkdir.
II Həsən Qazilər Sosial Xidmət Fondu qanun layihəsi qəbul olunduqdan və dərc edildikdən sonra onun tələblərinin sürətli və optimal şəkildə həyata keçirilməsini təmin etmək üçün bir sıra tədbirlər keçirməyə çalışacağını bildirib.
Bu statusdan faydalanan uşaqlara verilən hüquqlara gəlincə, Ludi bildirib ki, qanun layihəsində sözügedən uşaqların 33.97 saylı Çərçivə Qanununda göstərilən bütün hüquqlara malik olması nəzərdə tutulub.
Qurban bayramı münasibəti ilə hər bir ailəyə məktəbə daxil olmaq üçün maddi yardımla yanaşı digər yönümlü dəstəyin də verildiyini deyən Ludi, bu uşaqların pulsuz müalicə və cərrahi əməliyyatından, xəstəxanaya yerləşdirmə, dövlət tərəfindən idarə olunan mülki və hərbi sağlamlıq imkanlarından da faydalandıqlarını bildirib. Eləcə də, onlara bütün dəmir yolu nəqliyyat vasitələrinə səyahət endirimləri nəzərdə tutulub.
Bu çərçivədə Ludi, zəlzələ qurbanı olan uşaqların təhsil müəssisələrinə yazılmaq, təqaüd almaq, dövlət idarələrində, ictimai qurumlarda və yerli icmalarda (bələdiyyələr və bölgələrdə) dövlət vəzifələrində çalışmaq kimi mövzularda prioritet olacağına diqqət çəkib.
“Bu, zəlzələ qurbanlarının və uşaqların sosial-məişət şəraitinin yaxşılaşdırılmasına müsbət təsir göstərəcək”, - Ludi sözünü bitirib.