Mərakeşli futbolçu Abderrəzzaq Hamdallah milyonların sevgisini qazandıran qərar verib. O, bir neçə gün öncə dərin quyuya düşərək faciəli şəkildə həlak olan 5 yaşlı Rayanın ailəsinə mənzil bağışlayıb.
Hafta.az-ın yazdığına görə, futbolçu bu barədə şəxsi instgram səhifəsində bildirib. 31 yaşlı futbolçunun paylaşımında deyilir: “Rayana mərhəmətli davrandığı üçün Allaha şükürlər olsun. Rayanın ailəsinə başsağlığı verir, Allahdan onlara səbr və təsəlli diləyirəm. Şəxsim, ailəm, bütün Mərakeş xalqı və müsəlmanlar adına Rayanın ailəsinə - valideynlərinə və qardaşlarına yardım etməyə, onların az da olsa xoşbəxt olmaları üçün imkanım daxilində nəsə etmək istəyirəm. Allahdan bütün müsəlmanların əməllərini qəbul etməsini arzulayıram".
Qeyd edək ki, futbolçu Abderrəzzaq Hamdallah Rayanın ailəsinə tam təmirli, otaqları mebellə tam təchiz edilmiş ev alacağını deyib.
Xatırladaq ki, 5 yaşlı Rayan özü də bilmədən 32 metr dərinliyi olan quyuya düşərək beş gün boyunca orda qalıb və fevralın 6-da gecə saatlarında xilasedicilərin ciddi səyləri nəticəsində düşdüyü yerdən çıxarılmışdı. Rayan təcili xəstəxanaya aparılsa da, onu xilas etmək mümkün olmamışdı.
Rayanın ölümü ölkədə şok effekti yaratmış, Kral VI Məhəmməd onun valideynlərinə zəng vuraraq başsağlığı vermişdi.