“Azərbaycanı soyqırımdan qurtarmaq üçün Nuri Paşanın komandanlığı altında yola çıxan Türk Qafqaz İslam Ordusu 1918-ci il 15 sentyabr tarixində başkənd Bakıya girərək görəvini uğurla tamamladı: Bakını bolşevik-erməni işğalından azad etdi! Bu önəmli tarixi hadisənin 104-cü ildönümüdür. Biz Milli Hərəkatçılar Birliyi (MHB) olaraq bu önəmli günü əbədiləşdirmək məqsədilə bir sıra tədbirlər həyata keçirilməsini təklif etmişik”.
Bu barədə Hafta.az-a MHB-nin təşəbbüs qrupunun üzvləri məlumat verib.
MHB 1918-ci ilin iyun-sentyabr aylarında Azərbaycanı işğalçı erməni-bolşevik qoşunlarından təmizləyən və 15 sentyabr tarixində Bakını işğaldan qurtaran Qafqaz İslam Ordusunun tarixi xidmətlərini, Azərbaycan-Türkiyə qardaşlağının bu möhtəşəm nümunəsinin əziz xatirəsini layiqincə yaşatmaq məqsədilə bir sıra təkliflər irəli sürüb: “15 sentyabr Bakının Qurtuluş Günü Azərbaycan Respublikasının milli bayramları sırasına daxil edilsin; Bakıda böyük bir küçəyə 15 Sentyabr küçəsi adı verilsin; Bakıda Parlament prospektinə Nuri Paşa Caddəsi adı verilsin və Əzizbəyov meydanda Nuri Paşaya heykəl qoyulsun”.