Tarixboyu müharibəyə kişilər getsə də, o döyüşlərdə qadın izi hər zaman olub. İstər arxa cəbhədə paltar tikib yemək hazırlamaqla, yaralılara tibbi yardım göstərməklə, istər məcburiyyət yarandıqda silaha sarılmaqla. Amma nədənsə “ordu”, “əsgər” deyəndə gözümüzün önünə ilk kişi obrazı gəlir....
Bəs bunun səbəbi nədir? Niyə kollektiv düşüncəmizdə ordu ilə kişi obrazı arasında bu qədər güclü əlaqə formalaşıb?
Səbəbini 26 İyun - Azərbaycan Silahlı Qüvvələr Günü ilə bağlı Hafta.az-a danışan müsahiblərimizlə araşdırmağa çalışdıq.
"Məqsəd Vətənə xidmətin cinsinin olmadığını qəbul etməkdir"
Təmiz Dünya Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalovanın fikrincə, bu, təkcə Azərbaycana aid deyil. Dünyanın əksər ölkələrində ordu uzun müddət "kişi peşəsi" kimi qəbul olunub:

“Tarixən müharibələrdə əsas döyüş qüvvəsini kişilər təşkil etdiyindən, kollektiv yaddaşda da əsgər obrazı kişi simasında formalaşıb. Lakin tarixə diqqətlə baxdıqda görürük ki, qadınlar da hər zaman müharibələrin iştirakçısı olub. Döyüşçü, kəşfiyyatçı, hərbi həkim, rabitəçi, komandir və ya müqavimət hərəkatlarının üzvü kimi.
Bir çox ölkələrdə qadınlar hərbi xidmətin bütün sahələrində təmsil olunurlar. ABŞ, İsrail, Kanada, Norveç, İsveç, Avstraliya və bir sıra digər ölkələrdə qadınlar döyüş bölmələrində, xüsusi təyinatlı hissələrdə, aviasiyada və yüksək komandanlıq səviyyələrində xidmət edirlər. Bir çox NATO ölkələrində qadınların orduda rolu artıq gender məsələsi deyil, peşəkarlıq məsələsi kimi qiymətləndirilir.
Azərbaycanda da qadınların hərbi xidmət ənənəsi yeni deyil. Birinci Qarabağ müharibəsində qadın könüllü batalyonunun yaradılması, qadınların döyüşlərdə və arxa cəbhədə fəal iştirakı bunun sübutudur. İkinci Qarabağ müharibəsində isə qadınlar hərbi qulluqçu, həkim, rabitəçi, jurnalist və digər istiqamətlərdə xidmət göstərərək qələbəyə öz töhfələrini verdilər”.
Mehriban xanım deyir ki, əslində, cəmiyyətlərdə "kişi - qoruyan", "qadın - qorunan" modeli əsrlərboyu formalaşıb. Onun sözlərinə görə, bu yanaşma müəyyən mənada qadınların əməyini və töhfəsini kölgədə qoyur: “Digər tərəfdən, qadınların orduda xidmət etməsi faktını vurğulamaq da vacibdir. Çünki görünməyən əməyin görünən olması bərabərliyin şərtlərindən biridir. Məncə, məqsəd qadınları kişilərlə müqayisə etmək və ya rəqabət yaratmaq deyil. Məqsəd Vətənə xidmətin cinsinin olmadığını qəbul etməkdir. Qəhrəmanlıq, peşəkarlıq, fədakarlıq və vətənpərvərlik nə kişi, nə də qadın xüsusiyyətidir, bunlar insan keyfiyyətləridir. Vətən hər birimiz üçün Vətəndir”.
"Ordu dedikdə dövlətin müdafiəsi üçün çalışan bütün hərbçilər nəzərdə tutulmalıdır"
Ümid Partiyasının sədr müavini Tamilla Qulami bildirir ki, “ordu” deyəndə göz önünə silahlı kişi əsgərlərin gəlməsinin əsas səbəblərindən biri qadınların müasir dövrdə döyüşlərdə iştirak etməməsi deyil, tarix boyu hərb sahəsinin əsasən kişilərlə əlaqələndirilməsi və bu obrazın cəmiyyətin alt şüurunda formalaşmasıdır:

“Halbuki tarixdə qadın döyüşçülərin sayı heç də az olmayıb. Tomris kimi hökmdar qadınlar öz xalqını müdafiə etmək üçün ordulara rəhbərlik edib, döyüş meydanlarında böyük qələbələr qazanıblar. Çağdaş dövrümüzdə qadınların ordudakı rolu daha da genişlənib. Azərbaycan Ordusunda qadın hərbçilər məsul vəzifələrdə çalışır, Vətənə xidmət edirlər. Onlar yalnız arxa cəbhədə deyil, zəruri hallarda ön xəttdə də öz vəzifələrini yerinə yetirirlər. Mən bu qadınları bir az da gizli qəhrəmanlar adlandırardım”.
Buna baxmayaraq, hələ də “əsgər” deyəndə ağlımıza kişi gəlməsinə gəldikdə, T.Qulami hesab edir ki, bunun əsas səbəblərindən biri də uzun illər hərbi mövzuların kişi qəhrəmanlar üzərindən təqdim olunmasıdır, təbliğatın o istiqamətdə aparılmasıdır:
“Həm də etiraf edək ki, kişilərin sayı da orduda müqayisəolunmaz dərəcədə çoxdur. Filmlərdə, kitablarda, dərsliklərdə və mediada kişi döyüşçülərin obrazı adətən daha çox ön plana çıxarılıb. Nəticədə cəmiyyətin kollektiv yaddaşında hərbçi obrazı kişi siması ilə eyniləşib. Ona görə də "ordu" sözü fikrimizdə "kişi" sözü ilə assosiasiya olur.
Müharibələr və böhranlar zamanı tarix dəfələrlə sübut edib ki, qadınlar lazım gəldikdə, ən ağır sınaqlardan keçməyə və ölkələrinin müdafiəsində fədakarlıq göstərməyə qadirdirlər.
Ona görə də “ordu” anlayışını yalnız kişilərlə məhdudlaşdırmaq düzgün deyil. Ordu dedikdə dövlətin müdafiəsi üçün çalışan bütün hərbçilər nəzərdə tutulmalıdır. Bu sırada kişilərlə yanaşı, çiyin-çiyinə xidmət edən, risklərə sinə gərən və Vətən naminə çalışan qadınlar da var. Onların xidmətini görmək və dəyərləndirmək həm tarixi ədalətin, həm də müasir cəmiyyətin tələbidir”.
"“Ordu” anlayışında kişi və qadın bölgüsü yoxdur"
Müstəqil Həmkarlar Birliyinin sədri Fuad Əliyev bu məsələyə “Ordu yalnız kişilərdən ibarətdir” prizmasından baxmadığını deyir:

“Tariximizə nəzər salsaq, görərik ki, Vətənin müdafiəsində qadınlarımız da hər zaman fəal iştirak ediblər. Sadəcə olaraq, orduda say baxımından kişilər üstünlük təşkil etdiyinə görə, insanların ilk assosiasiyası da çox vaxt kişilərlə bağlı olur. Amma bu, qadınlarımızın xidmətini və qəhrəmanlığını heç bir şəkildə azaltmır. Birinci Qarabağ müharibəsinin iştirakçısı, Azərbaycanın tanınmış qadın snayperlərindən biri olan Novrəstə Yusifova bunun ən parlaq nümunələrindəndir. O, öz şücaəti ilə tariximizdə iz qoyub. Ümumiyyətlə, Qarabağ müharibələrində və digər dövrlərdə həm cəbhədə, həm də arxa cəbhədə fədakarlıq göstərən yüzlərlə qadınımız olub.
Mən hesab edirəm, “ordu” anlayışında kişi və qadın bölgüsü yoxdur. Ordu dedikdə göz önünə Vətən uğrunda xidmət edən, onun təhlükəsizliyi və bütövlüyü naminə çalışan insanlar gəlməlidir. Bu insanların arasında həm kişilər, həm də qadınlar var və hər biri Azərbaycanın güclü ordusunun ayrılmaz hissəsidir”.
“Bu, ordu anlayışının daha çox kişi obrazı kimi formalaşmasına təsir edib”
Hüquqşünas Vüqar Dadaşov deyir ki, Azərbaycanda, ümumiyyətlə türk dünyasında ordu və əsgər deyəndə ilk növbədə kişi obrazının göz önünə gəlməsi tarixi, mental və dini mənsubiyyətimizdən irəli gələn reallıqdır:

“Bu da bir faktdır ki, Azərbaycanın və ümumiyyətlə türk dünyasının qədim tarixi əsasən kişi cinsinə mənsub döyüşçü birliklərinin formalaşması, türk xalqlarına məxsus 30-a yaxın imperiyaların qurulması ilə bağlıdır. Bu tarixi reallıq milli düşüncəmizdə ordu anlayışını kişi obrazı ilə assosiasiya edib və zamanla bu yanaşma ictimai şüurumuzun bir hissəsinə çevrilib.
Digər tərəfdən, Azərbaycanda İslamın yayılması və İslam mədəniyyətinin formalaşması da bu düşüncəyə öz təsirini göstərib. Dinimizdə kişinin ailənin, evin və vətənin qoruyucusu, qadının isə ocağın dayağı, bərəkəti kimi qəbul olunması ordu anlayışının daha çox kişi cinsinə aid obraz kimi formalaşmasına təsir edib. Ancaq bu, o demək deyil ki, Azərbaycan-türk mədəniyyətində qadınların orduya və vətənin müdafiəsinə heç bir aidiyyəti yoxdur. Əksinə, türk, İslam tarixində qadın hökmdarlar, dövlət idarəçiləri və sərkərdələr olub. Bunun ən parlaq nümunələrindən biri Tomrisdir. Tomrisin fars imperiyasına qarşı mübarizəsi və qazandığı qələbə təkcə türk tarixinin deyil, dünya tarixinin də şərəfli səhifələrindən biridir”.
V.Dadaşov vurğulayıb ki, müasir tariximizin də sübut etdiyi kimi, Azərbaycan qadını yalnız ailənin deyil, Vətənin də müdafiəçisidir:
“Qarabağ müharibələri zamanı qadınlarımız ön və arxa cəbhədə böyük qəhrəmanlıq, fədakarlıq və vətənpərvərlik nümayiş etdirdilər. Azərbaycan qadınının zərurət yarandıqda kişi ilə çiyin-çiyinə dayanması artıq xalqımızın milli xarakterinin ayrılmaz xüsusiyyətlərindən biridir.
Təkcə xalq qəhrəmanlarımızın deyil, onların həyat yoldaşlarının da göstərdiyi fədakarlıq və qəhrəmanlıq nümunələri xalqımızın Vətən və ordu anlayışının formalaşmasında mühüm rol oynayıb.
Ən başlıcası isə odur ki, türk mədəniyyətində vətən anlayışı qədimdən Omay Ana obrazı ilə bağlı olub. Ocaq, ana, torpaq və Vətən anlayışları bir-birini tamamlayaraq xalqımızın mənəvi dünyasını formalaşdırıb. Məhz buna görə də Azərbaycan xalqında həm kişi, həm də qadın Vətənin ən ağır günündə şəxsi qayğılarını kənara qoyaraq onun müdafiəsinə qalxmağı özünün mənəvi borcu hesab edir”.
"Cəmiyyət qadın hərbçiləri daha çox gördükcə, “ordu-kişi” assosiasiyası zəifləməyə başlayır"
Psixoloq Aygün Ağabalayeva isə bildirir ki, “ordu” deyəndə insanların böyük hissəsinin zehnində ilk olaraq silahlı, fiziki cəhətdən güclü kişi obrazının canlanması təsadüfi deyil.

Onun sözlərinə görə, bu, nə qadınların hərbi xidmətə yararsız olması, nə də onların xidmətlərinin əhəmiyyətsiz sayılması ilə bağlıdır:
“Məsələ insan psixikasının məlumatları necə emal etməsi, tarixi təcrübələrin kollektiv şüurda necə formalaşması və sosial stereotiplərin nəsildən-nəslə necə ötürülməsi ilə əlaqədardır. Psixologiyada bunun izahı üçün bir neçə mühüm anlayış mövcuddur - tarixi yaddaşın təsiri, gender stereotiplərinin rolu, görünənlik effekti.
Beyin yeni məlumatla qarşılaşanda ən tanış və ən çox təkrarlanan obrazı xatırladır. Buna görə də “ordu” sözünü eşidəndə ilk assosiasiya çox vaxt kişi olur. Bu, şüurlu seçim deyil, avtomatik psixoloji prosesdir. Gender stereotiplərinin roluna gəlincə, uşaqlıqdan etibarən insanlar müəyyən sosial rolları öyrənirlər. Oğlan uşaqlarına daha çox güc, mübarizə, qoruma və risk alma ilə bağlı mesajlar verilir. Qız uşaqları isə uzun müddət qayğı, ailə və emosional dəstək rolları ilə əlaqələndirilib. Bu bölgü təkcə ailədə deyil, məktəbdə, mediada və mədəniyyətdə də təkrarlanıb. Nəticədə “əsgər”, “komandir”, “döyüşçü” kimi anlayışlar kişi obrazı ilə əlaqələndirilib. Halbuki müasir psixoloji tədqiqatlar göstərir ki, vətənpərvərlik, liderlik, dözümlülük, risk qarşısında soyuqqanlılıq və fədakarlıq kimi xüsusiyyətlər cinsiyyətə bağlı deyil. Bu keyfiyyətlər həm qadınlarda, həm də kişilərdə inkişaf edə bilər. Gələk görünənlik effektinə. Psixologiyada belə bir prinsip var: insanlar daha çox gördüklərini daha çox xatırlayırlar. Əgər televiziya reportajlarında, filmlərdə, dərsliklərdə və ictimai tədbirlərdə əsasən kişi hərbçilər göstərilirsə, beyin ordunu həmin görüntülərlə əlaqələndirir.
Bu o demək deyil ki, qadınlar orduda yoxdur. Sadəcə onların fəaliyyəti uzun illər ərzində kifayət qədər görünən olmayıb. Son illərdə qadın hərbçilərin, zabitlərin və müxtəlif sahələrdə xidmət göstərən qadınların daha çox tanıdılması cəmiyyətin təsəvvürlərini dəyişdirməyə başlayıb. Sosial təsəvvürlər bir gündə formalaşmadığı kimi, bir gündə də dəyişmir. Cəmiyyət qadın hərbçiləri daha çox gördükcə, onların peşəkarlığı və xidmətləri haqqında daha çox məlumat əldə etdikcə, “ordu - kişi” assosiasiyası zəifləməyə başlayır. Onun yerini daha geniş və reallığa uyğun bir təsəvvür tutur: “ordu - vətəni qoruyan insanlar”.