Minsk Qrupunun ləğvi Azərbaycanın strateji siyasi qələbəsidir - Politoloq

16:13 11.04.2022 Müəllif:Tahirə Qafarlı
Yazını böyüt
Yazını kiçilt

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Minsk Qrupunun iki həmsədri -ABŞ və Fransanın  Rusiya ilə əməkdaşlığını dayandırdığını vurğulayıb. Bu, Minsk Qrupunun artıq bitdiyinə bir işarədir.

Bu fikirləri hafta.az-a politoloq Məhəmməd Əsədullazadə bildirib:

“Əslində Azərbaycan üçün  ikinci Qarabağ müharibəsindən sonra bu format bitib. Brüssel görüşündə də bu məsələ müzakirə edilmədi. Moskvada artıq bunu elan etdi. Bu, Azərbaycanın strateji siyasi qələbəsidir”.

S.Lavrovun Mirzoyanla görüşdə Ermənistanın müdafiəsini gücləndirəcəklərini vurğulamasına gəlincə, politoloq prinsipcə bunu mümkün hesab etmədi. Onun sözlərinə görə, Rusiyanın Ermənistana hərbi sahə üzrə kredit vermək üçün maliyyə imkanları məhduddur.

“Rusiyanın özünə maliyyə lazımdır.  Həmçinin Rusiya hərbi texnikasının nəyə "qadir" olduğu bəllidir. Ümumiyyətlə, Moskva Ermənistana bahalı silahları hədiyyə etməyəcək. Bundan əlavə, Lavrov ermənilərin müdafiəsindən danışır. Göründüyü kimi, Lavrovun dediklərindən belə məlum olur ki, Rusiyanın siyasəti sülhün əldə edilməsinə deyil, ermənilərin müdafiəsinə hesablanır. Belə olan təqdirdə, Rusiya sülhməramlı qüvvələrinin Qarabağda fəaliyyəti Lavrovun dediyi kimi ermenilərin müdafiəsi üçündür. Ona görə "sülhməramlılar" konkret olaraq Qarabağda sülh və təhlükəsizliyin təmini  üçün təhdiddir və Azərbaycanın etnik ermənilər üzərində yuridiskiyasının qarşısının alınmasına xidmət edir”.

M.Əsədullazadə qeyd edib ki, bundan sonra, iki ölkə arasında  sülh danışıqlarının Moskvanın vasitəçiliyi ilə detalları müzakirə ediləcək.

“Moskva növbəti dəfə Brüssel görüşünü pozmağa sülhün əldə olunmasına imkan verməməyə çalışacaq. Amma, Moskva takitiki və strateji cəhətdən uduzur və bununla Cənubi Qafqazda mövqelərini  zəiflədir.  Ermənistan növbəti dəfə Rusiyanın vasitəçiliyi ilə "status" məslələrini gündəliyə gətirə bilər. Amma, proseslər həlledici mərhələyə keçib. Yerevan və Moskvanın planları mümkün olmayacaq”.