Moldova müharibəyə çəkilir: Dnestryanı separatçıları Moskvadan kömək istədi

09:15 29.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Moldovada etnik rusların yaşadığı və heç kim tərəfindən tanınmayan Dnestryanı administrasiyası “deputatlarının” çərşənbə günü keçirilən qurultayında qəbul edilən qərara əsasən, Moldovanın tətbiq etdiyi iqtisadi blokada ilə bağlı Rusiyaya kömək üçün müraciət ünvanlayıb.

Hafta.az-ın yazdığına görə, Dnestryanı administrasiyanın bəyanatında deyilir: “220 mindən çox Rusiya vətəndaşı Dnestryanıda daimi yaşayır və bölgənin qorunması üçün tədbirlərin həyata keçirilməsi xahişi ilə Federasiya Şurasına və Rusiya Dövlət Dumasına müraciət etmək qərara alınıb. Biz Moldovanın artan təzyiqi ilə üz-üzəyik”.

Qətnamədə Rusiyanın Dnestryanıda sülhməramlılıq sahəsində unikal müsbət təcrübəsi, eləcə də danışıqlar prosesində qarant və vasitəçi statusu var.

Separatçı millət vəkilləri BMT-nin baş katibinə də müraciət edərək, “beynəlxalq normalar”la təmin olunmuş “Dnestryanı xalqının ayrılmaz hüquqlarının nəzərə alınmasını” tələb edib, həmçinin BMT-ni “Moldovanın Dnestryanı sakinlərinin hüquq və azadlıqlarını pozmasını dayandırmağa” çağırıblar.

Dnestryanı “deputatları” hesab edirlər ki, ATƏT "münaqişənin sivil həlli üçün şərait yaratmalıdır".

“Millət vəkilləri” həmçinin “5+2” formatında beynəlxalq danışıqlar prosesinin iştirakçılarına müraciət ünvanlayıblar. Bu formatda Dnestryanı və Moldova münaqişənin tərəfləri kimi iştirak edirlər. Rusiya, Ukrayna və ATƏT vasitəçi statusunda olduğu halda, Aİ və ABŞ müşahidəçi statusunda qatılıb.

Bəyannamədə Dnestyanı həmçinin MDB Parlamentlərarası Assambleyasını “Dnestryanıda gərginliyin” qarşısını almağa çağırıb.

Fevralın 28-i səhər Tiraspolda Dnestryanı “deputatlarının” görüşü başlayıb. İclasda 650 nümayəndə iştirak edib.

“Dnestryanı”, birtərəfli qaydada özünü müstəqil elan edən separatçı bölgədir, Sovet İttifaqının dağılmasından sonra 1991-ci ildə müstəqilliyini əldə etmiş Moldovada etnik rusların əksəriyyətinin yaşadığı regiondur.

Separatçı bölgə BMT-yə üzv olan heç bir dövlət tərəfindən tanınmır. Onu yalnız Rusiya tərəfindən Gürcüstandan zorla ayrılmağa vadar edilmiş separatçı Cənubi Osetiya və Abxaziya “tanıyır”.