“Müharibədə Türkiyə ilə qardaşlıq ordumuza mənəvi güc verib” – qazi Rəvan Əzizov

14:42 03.03.2021 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Torpaqlarımızın Ermənistan ordusunun işğalından azad edilməsi prosesi şanlı qələbəmizlə başa çatsa da, müharibənin amansız acılarını hələ də yaşamaqdayıq. Belə ki, ötən ilin dekabr ayında ermənilərin atdığı raketin partlaması nəticəsində yaralanan qazilərimizin müalicəsi indi də davam etməkdədir. Onlardan biri də 19 yaşlı qazi Rəvan Əzizovdur ki, hazırda o, qardaş Türkiyədə müalicə olunmaqdadır.

Hafta.az İnternethaber-ə istinadən yazır ki, R.Əzizov Azərbaycanda iki ay müalicə almasına baxmayaraq, iflic olmuş qol və qıç nahiyələrində ciddi irəliləyiş əldə edilməyib. Odur ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın göstərişi ilə qazinin müalicəsini davam etdirməsi üçün dövlət hesabına Türkiyəyə göndərilməsi qərara alınıb. "Yaşat” Fondunun vasitəçiliyi ilə qardaş ölkəyə göndərilmiş qazimizin müalicəsi Kocaeli vilayətinin İzmit şəhərində uğurla davam etdirilir. Məlumata görə, hazırda Rəvan burada keçdiyi fiziki müalicə və reabilitasiya prosesindən sonra sağlamlığına qovuşacağı günü səbrsizliklə gözləməkdədir.

Rəvan bildirib ki, müharibə başlayanda əsgərliyinin üçüncü ayındaymış. Döyüşlərin başladığı 9-cu gün isə içində olduğu avtomaşın ermənilər tərəfindən topla vurulub. Nəticədə maşın yoldan çıxaraq aşır və Rəvan bir neçə yoldaşı ilə birlikdə ciddi xəsarət alır. "Müharibə bizə bir şey öyrətdi: əsgər yoldaşlarımız şəhid olduqda, özümüzü itirməməyi. Əgər yaralı olaraq biz də orada özümüzü itirsəydik, çoxdan ölərdik. Bu cür vəziyyətlərə, nə qədər acı olsa da, insan alışır” deyən Rəvan bildirib ki, Azərbaycanda iki aydır ciddi müalicə kursları keçib və sonda müalicə prosesini davam etdirmək üçün dövlət tərəfindən qardaş ölkəyə göndərilib.

"Burada müalicə prosesim çox yaxşı gedir, sağ olsunlar. Cəmi iki həftədir gəlmişəm, ciddi irəliləyişlər hiss edirəm. Yəqin ki, müalicənin effektindən asılı olaraq yeni seanslara başlanılacaq. Gəldiyim gündən xəstəxanada özümə qarşı çox gözəl münasibət görmüşəm. Xüsusilə də qazi olduğum üçün inanılmaz hörmət göstərirlər. Bu da məni çox sevindirir. Özümü yalnız hiss etmirəm, elə bilirəm öz evimizdəyəm. Həkimlərə, tibb bacılarına və mənə az-çox xidməti olan hər kəsə təşəkkür edirəm”, - deyib R.Əzizov.

Qazimiz müharibə gedən günlərin ağrı-acısından da söz açıb. Deyib ki, vətən torpaqlarını azad etmək üçün savaşdıqları üçün, bu gün yaşadığı ağrı-acılara baxmayaraq, sadəcə qürur duyur. Qeyd edib ki, döyüş zamanı özünün və yoldaşlarının gözlərində daha əvvəllər Ermənistan ordusunun Azərbaycanda törətdiyi soyqırımlar, şəhər və kəndləri necə amansızcasına yandırıb məhv etdikləri səhnələr canlanır, erməni qəsbkarlara qarşı nifrət və hiddətləri coşub-daşırdı. Nəticədə isə bu hislər döyüşçülərə vətən uğrunda döyüşmək üçün əzm və qüvvət verir.

O bildirib ki, hər an nəinki yaralanmağı, hətta şəhid olmağı göz önündə tutublar. Məqsədləri 30 ildir işğalda qalan torpaqları erməni vandalların tapdağından azad etmək olub.

O, Türkiyə ilə Azərbaycanın hər zaman qardaş olduğunu və gələcəkdə də olacağını deyib. Bildirib ki, məhz qanlı müharibənin gedişatında bu qardaşlıq ordumuza böyük mənəvi güc verib. Bu səbəbdən də hər şeyə görə Türkiyəyə minnətdarlığını bildirən Rəvan, "Türkiyə ilə qürur duyuyruq. Türkiyə canımız, qardaşımızdır. Müharibə çox dəhşətlidir, arzu etmirəm kimsə onu yaşasın. Bilirəm ki, Türkiyə də illərdir çox sayda şəhid verib və biz hər dəfə belə xəbərləri eşidəndə çox sarsılırıq. Axı onlar bizim öz qardaşlarımızdır" deyib.

Romatem Kocaeli Xəstəxanasının Fiziki Tibb və Reabilitasiya şöbəsinin mütəxəssis-həkimi Əsra Mustafa da deyib ki, dost və can ölkə Azərbaycandan gələn cəsur qaziləri xəstəxanada müalicə etdiyi üçün çox qürurlanır. Həkim qeyd edib ki, Rəvan boyun və kürək nahiyələrindən qəlpə yaraları alıb. "Xüsusilə, fizioterapist mütəxəssislə birlikdə idman hərəkətləri, robotik və digər yaralarıyla bağlı müalicələri planlaşdırmışıq. Eyni zamanda, ozon müalicəsi dəstəyi veririk. Hər dəfə effektli irəliləyiş hiss edən kimi yeni müalicə üsullarını tətbiq edirik. Ümidlərimiz böyükdür, onu tam normal və hərəkətli həyata qaytarmağa çalışırıq", - deyib həkim Ə.Mustafa.

Bu arada, qazimizin anası Zöhrə Əzizova da Türkiyə dövlətinə verdiyi dəstəkdən dolayısı təşəkkürlərini bildirib, tezlıiklə oğlunu sağlamlığına qovuşduracaqlarına ümid bəslədiyini deyib.