“Müstəqilliyini əldə etdiyi andan Ukrayna Qərbin çaldığını oynayır” - Baş konsul

10:29 20.02.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

"Söhbət 2014-cü ilin fevralında baş vermiş və bu ölkədə nəinki qan tökülməsinə, həm də qanlı vətəndaş müharibəsinin başlamasına səbəb olan dövlət çevrilişindən gedir. Bunun fəsadlarını hələ də görürük, mən Rusiyanın 2 il əvvəl, fevral ayında Ukraynada başladığı əməliyyatları nəzərdə tuturam".

Hafta.az-ın yazdığına görə, bunu Ukraynada baş vermis “Maydan” hərəkatına həsr olunmuş filmin təqdimatında hadisələri şərh edərkən Rusiyanın İstanbuldakı Baş konsulu Andrey Buravov deyib.

Avropa Birliyinin o zaman məsələyə “Ya bizimləsən, ya da rusların yanındasan” kimi yanaşdığını qeyd edən Buravov, “Ukrayna ilə ölkəmiz arasında mövcud olan sıx iqtisadi və digər əlaqələr çərçivəsində Ukrayna rəsmiləri bu prosesin müsbət və mənfi tərəflərini ölçüb-biçməyə qərar verdilər. Lakin sonradan Qərbin fəal təşviqi ilə hökumət əleyhinə üsyana çevrilən etirazlar millətçi və anti-Rusiya dairələrinin əlində hakimiyyətə qarşı təzyiq vasitəsi oldu” deyib.

Baş verənlərə səbəb kimi Qərb ölkələrinin siyasətini göstərən Buravov sözlərini belə davam etdirib: “Bu, Qərbin müxtəlif ölkələri və xalqları bir-birinə qarşı qoyan, dövlətlərarası qarşıdurmalara səbəb olan “parçala, hökm sür” siyasətinin növbəti nəticəsidir. Müstəqilliyini əldə etdiyi andan Ukrayna Qərbin çaldığını oynayır”.

Buravov Rusiyanın Ukraynaya qarşı “məcburi əməliyyata” başladığını, Rusiyanın təhlükəsizliyini, rus və rusdilli əhalinin qanuni maraqlarını təmin etmədən “əməliyyat”ın bitməyəcəyini bəyanlayıb.

Ukraynaya silah göndərildikcə münaqişələrin davam edəcəyini deyən konsul, Rusiyanın məqsədinin “Ukraynanı silahsızlaşdırmaq” olduğunu, eləcə də Moskvanın NATO ölkələrindən birinə hücum edə biləcəyi iddialarını rədd etdiyini bildirib.